“Ermənistan - Azərbaycan münaqişəsinin həlli prosesində yaranmış hazırkı durğun vəziyyət regionda sülh və stabillik üçün çox təhlükəlidir. Ermənistan ordusunun işğal olunmuş torpaqlardan çıxarılması və Azərbaycan əhalisinin öz evlərinə geri dönmələri bu münaqişənin həlli üçün irəliyə addım olar. Bu cür hərəkət həmçinin Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları arasında etimad mühitinin yaranmasına kömək edəcək. Bu isə özlüyündə davamlı sülh yaratma istiqamətində çox önəmli elementdir”.
Kanal24.az xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının (PA) Cenevrədə keçirilən payız sessiyasındakı çıxışında millət vəkili Azay Quliyev deyib.
A. Quliyev bildirib ki, hazırda dörd mindən artıq azərbaycanlı Ermənistanın Azərbaycana təcavüzü nəticəsində itkin və əsir düşüb: “Onlardan 600-ə qədəri qadın və yaşlılardır. Burdan Beynəlxalq Qırmız Xaç Komitəsinin prezidentindən azərbaycanlı əsirlərin azad olunmasına kömək etmələrini xahiş edirəm”.
A. Quliyev çıxışında ATƏT məkanındakı digər münaqişələrə də toxunub və Ukraynadakı vəziyyətin ATƏT PA-nın hazırkı narahatçılığının əsas nüvəsi olaraq qaldığını vurğulayıb: “Münaqişə zamanı dünya ictimaiyyəti Ukraynada hədsiz insan itkilərinin və mülkiyyətə dəyən ziyanın şahidi oldu. Bu günlərdə BQXK-nin isveçrəli əməkdaşı Laurent Etienin Ukraynada öldürülməsi həddindən artıq utancverici bir hadisədir. Fürsətdən istifadə edərək, Beynəlxalq Qırmızı Xaş Komitəsinə və mərhumun ailəsinə dərin hüznlə baş sağlığı verirəm” .
Beynəlxalq ictimaiyyətin Ukrayna məsələsi ilə bağlı bir sıra mühüm qərarlar qəbul etdiyini xatırladan deputat “bu qərarlar ilk növbədə beynəlxalq hüququn bir sıra təməl prinsiplərinin, xüsusilə, mübahisələrin sülh yolu ilə həlli və dövlətlərin ərazi bütövlüyünə hörmətin vacibliyini nəzərdə tutur” deyə qeyd edib.
A. Quliyev İraq və Suriyadakı hadisələr barədə də fikirlərini bildirib: “Yeni təhdidlərin əsas səbəbi İŞİD kimi terrorçu qruplar üçün əlverişli şərait yaradan və getdikcə şiddətlənən münaqişələr, həmçinin o bölgələrdə dövlətçiliyin və idarəetmənin uğursuzluğa düçar olmasıdır. İŞİD ola bilsin adı ilə yenidir, lakin, bu yeni bir təhdid forması deyil. İndi İŞİD-ın 40- 50 min nəfərlik ordusu var. Sual olunur, hansı ölkələr və yaxud qüvvələr İŞİD-in belə bir gücə çevrilməsinə köməklik edir? Kim İŞİD-ı dəqiq və ardıcıl kəşfiyyatla təmin edir? Hər kəsə məlumdur ki, kənardan dəstək olmasa bu cür təşkilat qurula, fəaliyyət göstərə və bu qədər ciddi təhlükəyə çevrilə bilməzdi. Əgər biz İŞİD-ı yox etmək istəyiriksə, o zaman bu suallara aydınlıq gətirməmiz lazımdır”.