Türkiyədə xərçəngin müalicəsində istifadə olunacaq “Termosfin” adlı yerli tibbi cihaz istehsal edilib.
Kanal24 xəbər verir ki, cihaz sayəsində xərçəng xəstələrini cərrahiyyə əməliyyatsız sağaltmaq mümkündür.
Cihaz Türkiyənin yerli və milli cihaz istehsalçılarından olan “RD GLOBAL-INVAMED AŞ” tərəfindən ərsəyə gətirilib. Xüsusilə, onurğada əmələ gələn şişlərin müalicəsində istifadə olunan “Termosfin” Avropa ölkələrinə də ixrac edilir.
“RF Ablation” sistemi ilə işləyən cihaz xüsusilə, onurğadakı metastatik şişlərin yox edilməsində təsirlidir. Radiotezlikli dondurucu texnologiya sisteminə sahib olan cihaz ağır metastazlı xəstələrin müalicəsində istifadə edilir. Cihaz kömürləşməyə yol vermir və riskləri azaltmaq üçün istilik və qüvvə çıxışına nəzarət edir. Termal koaqulyasiya kateterini istənilən bölgəyə 60-100 dərəcə istiliklə 1-30 dəqiqə arasında tutmaqla xərçəng şişi non-metabolik vəziyyətə gətirilir. İstənilməyən vəziyyətlə qarşılaşdıqda isə sistem anında dayandırılır. Bu metod qara ciyər, böyrək, onurğa, sümükdaxili tiroid xərçənglərində daha çox tətbiq edilir. Cihaz xərçəng hüceyrələrinin olduğu bölgəyə cərrahi müdaxilə və hər hansı kəsik olmadan daxil edilir, hüceyrələri kiçildərək yox edir.
Xərçəng xəstələrinin immun sistemi zəif olduğu üçün cərrahiyyə əməliyyatı onlar üçün risk daşıyır. Lakin bu cihazla müalicə edilən xəstələrdə belə risklər olmur. Xəstələr kəskin antibiotik istifadəsindən az da olsa, qurtulur. Sistem daha çox orta və ağır səviyyədə olan xəstələrə tətbiq edilir.
Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) hesabatına görə, dünya miqyasında ötən il 18 milyon 78 min 957 nəfərdə xərçəng aşkar edilib. Agentliyin ehtimallarına əsasən, 2040-ci ildə 29 milyon 532 min nəfər xərçəngə tutulacaq. Xərçəngə tutulan 18 milyon insandan 9 milyon 555 mini xəstəliyə məğlub olur. 2040-ci ildə isə 16 milyon 388 min nəfər bu xəstəlikdən öləcək. Xərçəngə tutulanların əksəriyyəti kişidir. Ağ ciyər, döş, mədə, prostat, qara ciyər, qırtlaq və bağırsaqda yaranan xərçəng dünya miqyasında ən çox rast gəlinən xərçəng növləridir.