KANAL24.AZ
Az Iw En Ru

Elman Məmmədov: Qudurmuş ermənilər...

“Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyev düşmən əlindədir, özü də qəddar, türk qanına susamış düşmən əlindədir. Yəni ermənilər onların adından nə istəsələr, deyə bilərlər”.

Bunu Kanal24-ə millət vəkili Elman Məmmədov bəzi erməni KİV-də məhkəmədə guya D.Əsgərov və Ş.Quliyevin öz günahlarını qismən etiraf etmələri barədə yayılan məlumatlara münasibət bildirərkən deyib:

“Ancaq məsələ burasındadır ki, bu insanlar nəyi etiraf ediblər? Hansı günahlarını etiraf ediblər? Məgər öz yurd-yuvalarına getmək, doğmalarının qəbrini ziyarət etmək cinayət hesab olunur? Məgər öz ölkəsi daxilində bir yerdən başqa yerə hərəkət etmək cinayət hesab olunur? Əlbəttə, xeyr!. Cinayət odur ki, həmin insanların doğma yurd-yuvaları düşmənlər tərəfindən işğal olunub. Bu insanların bütün hüquqları pozulub, yurd-yuvalarından didərgin salınıblar, öldürülüblər. Bax, bu hərəkətləri edənlər cinayətkardırlar. Cinayəti o işğalçılar törədiblər. Məhkəmə qarşısında onlar durmalıdırlar”.

E.Məmmədov qeyd edib ki, necə ki, faşist Almaniyası və yaxud digər cinayətkar qruplar günahsız insanlar üzərində məhkəmələr qururdular, bu gün də erməni cinayətkarlar günahsız insanlar üzərində məhkəmə qurub onları mühakimə edirlər: “Qoy onların bu hərəkətinə görə təkcə həmin cinayətkar qrup yox, onları müdafiə edən havadarlar, insan hüquqları ilə məşğul olan beynəlxalq təşkilatlar, Avropa qurumları, başqa beynəlxalq qurumlar da utansınlar. Qoy onlar xəcalət çəksinlər ki, ağız dolusu insan hüquqlarının qorunmasından danışırlar. Budur onların dediyi insan hüquqları? Görün, nə qədər vaxt keçib, 3 azərbaycanlıdan birinin öldürülməsindən, ikisinin də bu günə qədər əsirlikdə saxlanılmasından heç nə danışmırlar. İnsan haqları ilə məşğul olan beynəlxalq qurumların biri bununla bağlı hansısa bir addım atıbmı? Azərbaycanlıların azad olunması üçün bir iş ediblərmi? Xeyr! Qoy onlar utansınlar ki, belə cinayətkar qrupu müdafiə edirlər. Onlar da bundan istifadə edib qudururlar”.

Qeyd edək ki, Ermənistan hərbçiləri tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda iki azərbaycanlı - Dilqəm Əsgərov və Şahbaz Quliyev girov götürülüb və onlara qarşı cinayət işi açılıb.


23:02 27.10.2014
Xəbər lenti
Bütün xəbərlər