KANAL24.AZ
Az Iw En Ru

Deputatlarımız Baltik Assambleyasının sessiyasında iştirak ediblər

Milli Məclisin deputatları Elton Məmmədov, Əli Məsimli və Mirkazım Kazımovdan ibarət nümayəndə heyəti Baltik Assambleyasının oktyabrın 23-24-də Tallində keçirilən 33-cü sessiyasının işində iştirak edib. 

Kanal24.az xəbər verir ki, bu barədə AzərTAc-a Azərbaycanın Estoniyadakı səfirliyindən məlumat verilib.1991-ci ildə yaradılan Baltik Assambleyası Estoniya, Latviya və Litva parlamentləri arasında əməkdaşlıq üzrə məşvərətçi orqandır. Azərbaycan deputatları sessiyada Baltik Assambleyasının tərəfdaşı olan GUAM-ın Parlament Assambleyasını təmsil ediblər.
Azərbaycan nümayəndə heyətinin başçısı Elton Məmmədov bir sıra ölkələrdə vəziyyət və mövcud münaqişələrin nizama salınması yollarının axtarışı ilə bağlı müzakirələr zamanı Cənubi Qafqazda müasir vəziyyətə dair məsələlərə toxunub.
E.Məmmədov GUAM məkanında mövcud münaqişələr kontekstində Avropa İttifaqı ölkələrinə müraciət edərək, onları beynəlxalq hüququn ilk növbədə ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı kimi əsas prinsip və normalarına söykənərək, “Şərq Tərəfdaşlığı” Proqramının üzvü olan ölkələrdə bütün münaqişələrə münasibətdə prinsipial mövqe və siyasi iradə nümayiş etdirməyə çağırıb.
E.Məmmədov Ermənistanın Azərbaycana hərbi təcavüzünü xatırladaraq deyib ki, bu təcavüz nəticəsində Azərbaycan torpaqları 20 ildən çoxdur işğal altındadır, 1 milyondan çox azərbaycanlı qaçqına və məcburi köçkünə çevrilib. Deputat Azərbaycan ictimaiyyətinin bəzi Avropa İttifaqı ölkələrinin Ermənistanın Azərbaycana təcavüzü faktına məhəl qoymayan, doğma ev-eşiyindən didərgin salınan yüz minlərlə insanın əzab-əziyyətini görməməzliyə vuran ikili standartlar siyasətini qəbul etmədiyini bildirib.
Sessiyanın sonunda iştirakçı ölkələr bir sıra yekun sənədlər qəbul ediblər. Baltik Assambleyasının 33-cü sessiyasının qətnaməsi imzalanıb.


03:31 26.10.2014
Xəbər lenti
Bütün xəbərlər