KANAL24.AZ
Az Iw En Ru

Litvanın xarici işlər naziri Bakıya gələcək

Kanal24.az xəbər verir ki, Litvanın xarici işlər naziri Linas Linkyaviçyus oktyabrın 21-23-də Azərbaycana səfərə gələcək. Bu barədə azərbaycanlı jurnalistlərə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə məlumat verib.

Səfərin ilk günü, yəni oktyabrın 21-də Linkyaviçyusun Bakıya rəsmi səfəri başlayacaq.

Məmmədzadənin sözlərinə görə, növbəti iki gündə hökumətlərarası komissiyanın sədri kimi Linkyaviçyus Şəmkir şəhərinə baş çəkəcək. Burada oktyabrın 22-23-də Azərbaycan-Litva hökumətlərarası komissiyanın dördüncü iclası keçiriləcək. Tərəflər ikitərəfli əməkdaşlığın bütün aspektlərini, o cümlədən ticari-iqtisadi, humanitar əlaqələri nəzərdən keçirəcəklər.

İclas çərçivəsində Şəmkir və Şaulyay şəhərlərinin qardaşlaşması barədə sazişin imzalanacağı gözlənilir. Səfir əlavə edib ki, bu, Azərbaycan və Litva şəhərlərinin ilk qardaşlaşması olacaq. Вununla əlaqədar, Şaulyay şəhərinin meri də Litvanın nümayəndə heyətinin tərkibinə daxil olacaq.

Məmmədzadə qeyd edib ki, oktyabr ayı ərzində Azərbaycana həmçinin Litvanın nəqliyyat və kommunikasiyalar naziri Rimantas Sinkyaviçyusun (15-16 oktyabr), eləcə də bu ölkənin Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndə heyəti də (29 oktyabr) gələcək.

Oktyabrın 29-da baş tutacaq səfər çərçivəsində gənclər siyasəti sahəsində Azərbaycan və Litvanın əməkdaşlığı məsələlərinə baxılacaq. Litvada gənclər siyasəti sahəsi Əmək və Sosial Müdafiə Nazirliyinin kurasiyasındadır.


18:17 04.10.2014