Birinci Avropa Oyunlarının məşəli bu gün axşam saatlarında Ağcabədidən cəbhə bölgəsinə - Ağdam rayonuna gətirilib.
Avropa Oyunlarının məşəlinin Quzanlı qəsəbəsində təntənəli qarşılanma mərasimi olub. Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşı Saleh Qurbanlı I Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib. Sonra rayon gəncləri məşəli növbə ilə bir-birinə ötürərək, Heydər Əliyev prospekti boyunca 3 kilometr məsafəni qət edərək, Alov festivalının keçiriləcəyi məkana – Dövlət Bayrağı meydanının yerləşdiyi Soltanbud təpəsinin ətəyindəki Qala parkına çatıblar. Əllərində gül-çiçək və bayraqlar olan, rayonun kənd və qəsəbələrindən gəlmiş minlərlə ağdamlı Bakı-2015 Avropa Oyunlarının məşəlini coşqu ilə qarşılayıb.
Sonuncu yürüşçü – futbolçu Xəyyam Qurbanov səhnəyə qalxaraq, I Avropa Oyunlarının məşəlini alovlandırıb. Rayon məktəblisi Günay Kazımovanın ictimaiyyətə təqdim etdiyi çıraq Oyunların sonuna qədər Bakı-2015-in rəmzi kimi rayonda saxlanılacaq.
Mərasimdə aprelin 26-da Avropa Oyunlarının məşəlinin Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib. Qala parkında keçirilən festival ağdamlılarda əsl bayram əhval-ruhiyyəsi yaradıb. Səhnədə nümayiş etdirilən Alov şousu, incəsənət ustalarının iştirakı ilə keçirilən konsert proqramı möhtəşəmliyi ilə yaddaşlarda qalıb.
Minlərlə ağdamlının iştirak etdiyi Məşəl festivalı atəşfəşanlıqla başa çatıb./Trend/