Müstəqil Ağayev Abbas Səhhətin görüşləri onun iyirmi ilə yaxın davam edən fəal yaradıcılıq dövrü ərzində ciddi dəyişikliklərə məruz qalmış, daim həyatın irəli sürdüyü suallara cavab axtaran şairin bu baxışları bir təkamül və dəyişilmə halında olmuşdur. Buna görə onun həmin baxışlarını izləmək, sosial inkişaf haqqında mülahizələrini, maarifçilik fəaliyyətini, sosial utopiyasını, azadlıq və bərabərlik haqqında düşüncələrinin xarakterini tədqiq və təhlil etmək, XX əsrin əvvəllərində sosial fikir tariximizdəki boşluğu bərpa etmək və daha dərindən öyrənmək üçün xüsusilə vacibdir. Abbas Səhhət Avropa xalqlarına nisbətən öz xalqının geriliyini görür, hiss edir, öz millətinin irəliləməsinin, elmə, maarifə yiyələnməsinin zəruriliyi fikrinə gəlir. Ümumiyyətlə, Abbas Səhhət sosial-siyasi baxışlarında maarifçilikdən çox irəli gedə bilmir. Sosial intibah, dirçəliş və yüksəliş üçün elmin, maarifin həlledici rol oynaması nöqteyi-nəzərində durur. 1906-cı ildə yazılan “Fəryadi-intibah, yaxud amali-vətənpərvəranə” əsərində o, bütün millətə müraciət edir: Ayıl, ey ümməti-mərhumə, ayıl! Abbas Səhhət öz maarifçilik ideyalarını təbliğ edərkən, elm və maarifin yayılmasına nəinki dinin tərəqqisi üçün zəruri şərt kimi baxır, eyni zamanda elmin inkişaf etdirilməsini dinin ən mühüm tələblərindən biri sayır Elm ilə dini nəinki barışdırmaq, hətta elmin, maarifin yayılmasına dinin ən mühüm tələbi kimi baxmaq şairin bu dövrdəki yaradıcılığı üçün səciyyəvidir. Abbas Səhhətin dediyi kimi, əgər hazırda din və vətən “əldən gedirsə”, bu ona görədir ki, dinin tələblərinə, birinci növbədə, elmi, maarifi yaymaq tələblərinə əməl edilmir, adamlar cəhalət və zülm yolunu tutmuşlar. O, vətənini, millətini azad görmək istəyir. Şair bəşəriyyətin səadətini məhz azadlıqda görür Azadlıq dünyasının yaranması insanların həyatında yeni yüksək ülvi bir mərhələdir. İnsanların rifahı, həyat uğurları, müvəffəqiyyətləri azadlıqla bağlıdır. Vətəninin, xalqının başına gələn müsibətlər, elin qara günləri, məzlumların istismarı, köləlik həyat tərzi, bir vətəndaş kimi, Abbas Səhhəti çox rahatsız edirdi. O, üzünü millətin başbilənlərinə tutub deyir: Qalx, oyan, cürət elə, rə`d kimi fəryad et! Abbas Səhhət göstərir ki, vətən övladının şücaəti, mərdliyi vətən dara düşəndə, onun azadlığı əlindən alınıb qul halına salınanda, başının üstünü qara buludlar örtəndə aşkar olar. Hər bir övlad ananın dərdinə şərik olmağa, onu ölümün pəncəsindən xilas etmək üçün fədakarlıq göstərməyə borcludur. Vətən – ana deməkdir: Mənfəət verməyi bildikdə, bacardıqda, sənə- Abbas Səhhət azadlığı çox geniş mənada başa düşürdü. Ona görə də insanı hər bir cəhətdən azad görmək istəyir, bütün məhdudiyyətlərin ləğv edilməsini arzulayırdı. Bir sənətkar kimi, şair vətən üçün əlindən gələni o vaxt edə bilər ki, özü azad olsun. Şairin əsas silahı qələmdir. Qələm azad olmasa, şair tərksilah olunmuş əckərə bənzər: Vətənə, millətə sanma deyiləm dildadə, Bu misralar özü şairin ideya istiqamətini, mürəkkəb tarixi şəraitdə tutduğu mövqeyini, sosial-siyasi hadisələrə münasibətini dolğun əks etdirir. Abbas Səhhət mütərəqqi fikirli, humanist bir insan olduğu üçün ətrafında cərəyan edən sosial-siyasi hadisələrə biganə qala bilmirdi. Xüsusən içərisində yaşadığı cəmiyyətdəki ədalətsizlik, haqsızlıq və bərabərsizlik, bir vətəndaş kimi, onu çox rahatsız edirdi. Düzdür, İranın və Şamaxının mühafizəkar mühiti, aldığı təhsilin sxolastik məzmunu ona müəyyən təsir göstərirdi. Dünyagörüşü hələ məhdud olduğu üçün çarın “mərhəmətinə” də inanırdı. Yaradıcılığa başladığı ilk günlərdən o, əzilənlərin, məzlumların xeyirxahı, tərəfdarı olmuş, cüzi səhvlərinə baxmayaraq, onların mənafeyini müdafiə etmişdir. İnqilab illərindəki fəaliyyəti şairin ağalar və qullar, “hakimlər” və “məhkumlar” dünyasında tutduğu mövqeyini aydın göstərir. Onun yaradıcılığının leytmotivini də xalq mənafeyini müdafiə etməsi təşkil edir. 1917-ci il Fevral burjua-demokratik inqilabına böyük ümidlər bəsləyən şair xalqa “verilən” azadlıq və bərabərlik haqqındakı ilk şayiələrdən o qədər sevinir, o qədər şadlanır ki, sevincini ifadə etməkdə çətinlik çəkir. Ancaq bu sevinc və şadlıq real zəmindən uzaq, sadəcə söylənmiş söz olduğu üçün uzun müddət davam etmədi. Hakimiyyəti ələ alan Müvəqqəti hökumət xalqın bütün ümidlərini qırdı. Çarizmin məlum mürtəce siyasətinin davamçısına çevrildi. Millətlərə, xalqlara heç bir azadlıq, heç bir hüquq verilmədi. İstismar, təqib və təzyiq bir az da gücləndi, ədalətsizlik və bərabərsizlik daha geniş miqyas aldı. Bunu görən şair hökumətin yalançı, hiyləgər siyasətinin mahiyyətini belə şərh edir: “ ...Hasili-kəlam, hürriyyət və məşrutiyyətin ancaq adı gəlmiş, özü gəlməmişdir. Sabir mərhum demişkən: Köhə idarəmiz durur, Abbas Səhhət insanın bərabərliyini onlara verilən azadlıqla vəhdətdə götürür. Əgər insan siyasi, iqtisadi və sosial cəhətdən azad deyilsə, o zaman heç bir bərabərlikdən söz açmaq olmaz. Hakim və məhkum, ağa və nökər münasibətlərinin mövcud olduğu, istismar və zorakılığın hökm sürdüyü bir cəmiyyətdə hansı bərabərlikdən danışmaq olar? Abbas Səhhət bütün fəaliyyəti ərzində ən çox cəmiyyətin azadlığı problemi üzərində düşünmüş, yaradıcılığında da bu problemdən irəli gələn fikir və düşüncələr, narazılıq və narahatlıq kimi sosial hisslər üstünlük təşkil etməkdədir. Məlumdur ki, siyasi (hüquqi) bərabərlik iqtisadi bazisdə müəyyən mütərəqqi dəyişikliklərlə bağlıdır. Mülkiyyət münasibətlərinin aradan qaldırılması, yəni ümumi mülkuyyətin bərqərar olması cəmiyyətin siyasi həyatında (üstqurumunda) da zəruri dəyişikliyə gətirib çıxaracaqdır. Lakin bütün bunları A.Səhhətin dərk etməsi üçün hələ şərait yaranmamışdı.Şair sadəcə olaraq gördüyü qeyri-adiliyə təəccüb edir, öz etirazını bildirir, onu rahatsız edən məsələlərin aradan qalxmasını istəyir. Bu illərdə hələ romantizmin güclü təsiri altında qalan müəllif bütün xalqların geriliyindən bəhs edərkən, həyatda gördüyü sosial bəlaları başlıca olaraq ruhani bəla hesab edir və bunun əlacını, çarəsini yerlərdə, cəmiyyət içərisində yox, göylərdə axtarır, göylərə müraciət edir. Müəllifə görə, əvvəl gərək məhz afaq, göylər gülsün, orada şadlıq baş versin, sonra isə belə bir şadlıq, sevinc bizə qismət olsun: Sən ey afaqi-növbəhari-həzin! Abbas Səhhətin yaradıcılığında maarifçilik uzun müddət ərzində aparıcı və başlıca ideyalardan biri kimi özünü göstərir. O, hətta ədəbiyyatı, dili hər bir millətin nicat tapması üçün əsas amil hesab etmişdir. 1914-cü ildə yazdığı “ Bizdə milliyyət uyğusu ölür” adlı məqaləsində o, dil və ədəbiyyatın rolunu mübaliğəli şəkildə göstərərk yazır “...Lisan və ədbiyyat hər millətin mayeyi-nicatıdır. Hər millətin yaşaması ədəbiyyatına bağlı olduğu bədihidir” Burada Abbas Səhhət insanların həyatının inkişaf səbəblərini araşdırarkən, ümumiyyətlə, sosial həyat məsələlərinə düzgün mövqedə dura bilmir. Sosial həyatın zəminini, bazisini görmür, hər bir millətin, hər bir xalqın ədəbiyyat və dilinə onun nicat tapması üçün başlıca amil kimi baxır, onun yaşaması üçün ədəbiyyatı ən mühüm bir şərt sayır. Sosial həyat hadisələrinin cərəyan etməsi və inkişafı səbəblərini, cəmiyyət həyatının inkişaf qanunauyğunluqlarını başa düşməkdə Abbas Səhhət idealizm mövqeyində durur. Abbas Səhhətin yaradıcılığında Şərq-Qərb məsələsi də müəyyən yer tutur. Abbas Səhhətin fikrincə, Şərq ölkələri olduqca geridə qalmışdır. Şərq ölkələrində elm və mədəniyyət yoxdur. Elmin pərisi Şərqdən Qərbə qaçmışdır. Qərbdə elm, mədəniyyət, maarif yüksək səviyyədədir, bu yanda isə din adı altında dinsizlik, zülm, istibdad hökm sürməkdə, mövhumatdan başlar havalanmaqdadır. Şərqi qəflət və cəhalət bürümüşdür. Buna görə də şair allaha müraciətlə ondan əlac gözləyir, islam ölkələrinin imdadına yetməsini arzulayır: Təməddün yox, təəllüm yox, təğafül çox, təcahül çox, Lakin bu mülahizələri mütləqləşdirmək, yalnız bunları qeyd etməklə kifayətlənmək şairin dünyagörüşünün şərhində birtərəfliliyə aparıb çıxarmış ölar. Şərq-Qərb probleminin Abbas Səhhət tərəfindən qoyuluşunda nəzərimizi cəlb edən daha bir mühüm cəhət ondan ibarətdir ki, şair heç də həmişə Qərbi idealizə etmir, Qərbin qarşısında diz çökməyi təbliğ etmir, heç də həmişə Şərqin də Qərbin yolu ilə getməli olduğu fikrində qalmır. Müəyyən hallarda o, Qərbin Şərqə mənfi təsirindən də bəhs edir, Qərb qarşısında təqlidçilik nəticəsində Şərqin öz milli xüsusiyyətlərini itirdiyini bildirir. Onun əsərlərində hətta belə bir fikrə də təsadüf edilir ki, bu, Şərqin öz milli azadlığını itirməsinə gətirib çıxara bilər. Deməli, Abbas Səhhətin yaradıcılığında Qərbin imperialist dövlətlərinin Şərq xalqlarına qarşı müstəmləkə siyasətinin ümumi şəkildə qeyd edildiyini də görmək mümkündür. Abbas Səhhət 1914-cü ildə qələmə aldığı “ Bizdə milliyyət uyğusu ölür” məqaləsində yazır: “Hər şeydə avropalılara təqlidən bütün varlığımızı unutmağa, hürriyyəti-milliyyətimizi qayib etməyə mayilik. Məsum balalarımızı hələ göz açmamış xarici mürəbbiyələrə təslim edirik. Bədbəxt balalarımızın dünyanı bilməımişdən, tanımamışdan ruhunu zəhərləyib öldürürük. Doğrudur, övladımız zahirdə ölüb qəbrə getməyir, lakin həqiqətdə ruhu ölür, vücudu, canı bir məzar şəklini alır. Çünki insanın həqiqi ruhu onun dəyanəti və milliyyətidir. O, zəhərləndikdən sonra, məhv olduqdan sonra yerdə nə qalır? Ruhsuz bir qalıb, cansız bir cəsəd. Biz bununla mədəniləşmərik”. Ümumiyyətlə, xalqımızın mütəfəkkir oğlu Abbas Səhhətin dünyagörüşü XX əsrin əvvəllərində milli sosial fikrimizin inkişafında mühüm yer tutur, bir çox cəhətdən onun daha da yüksəlməsinə, tərəqqi etməsinə xidmət göstərir. Bütövlükdə onun dünyagörüşü, fəlsəfi baxışları, sosial-siyasi, etik və estetik görüşləri həmin dövrdə sosial şüurumuzun yeni nailiyyəti kimi dəyərləndirilməyə layiqdir. |