KANAL24.AZ
Az Iw En Ru

Akif Əlizadə: Azərbaycan alimlərin nüfuzlu beynəlxalq elmi jurnallarda məqalələr çap etdirməsi sahəsində bəzi MDB ölkələrindən geridə qalır

Azərbaycan alimlərin nüfuzlu beynəlxalq elmi jurnallarda məqalələr çap etdirməsi sahəsində bəzi MDB ölkələrindən geridə qalır.

Kanal24.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan alimlərinin nüfuzlu beynəlxalq elmi jurnallarda məqalələr çap etdirmə səviyyəsi pis deyil: “Ancaq biz istərdik ki, bu, daha yaxşı olsun. Azərbaycan bu sahədə bəzi MDB ölkələrindən geridə qalır. Bu jurnallarda məqalə çap etdirməyə tələbat çox yüksəkdir. O tələbata uyğun məqalələr hazırlanır”.

AMEA prezidenti hesab edir ki, nəzərdə tutulan tədbirlər - gənc alimlərin mükafatlarla stimullaşdırılması, onların tədqiqat aparması məqsədi ilə cihazlarladan istifadə imkanlarının artırılması sayəsində Azərbaycanda belə alimlərin sayı getdikcə artacaq.

A.Əlizadə bildirib ki, bu gün Azərbaycan alimləri dünya elminə bəzi töhfələr verə biliblər. Azərbaycan alimlərinin seysmiklik və palçıq vulkanlarının öyrənilməsi sahəsində öz dəst-xətləri var. Bu gün Azərbaycan alimləri dünya palçıq vulkanlarının ikicildlik atlasını hazırlayaraq dünya elminə yeni töhfə veriblər: “Digər tərəfdən, neçə illərdir ki, Avropada Adron Kollayder qurulub. Bu işdə bizim fiziklərimiz də iştirak edir. Burada çalışan 6-7 Azərbaycan aliminin öz dəst-xətti var. Digər tərəfdən, bizim kimyaçılarımızın neft-kimya sahəsinə böyük töhfələri var”.


20:18 15.10.2014
Xəbər lenti
Bütün xəbərlər