KANAL24.AZ
Az Iw En Ru

Bölgələrdə sənaye məhəllələri yaradılacaq

Kanal24.az xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyi Neftçala rayonunda ilk sənaye məhəlləsinin yaradılması imkanını nəzərdən keçirir. Bunu Trend-ə nazirliyin Sənaye şöbəsinin müdiri Səməd Bəşirli deyib.

Onun sözlərinə görə, gələcəkdə ölkənin digər rayonlarında sənaye məhəllələrinin yaradılması planlaşdırılır: "Sənaye məhəllələrinin formatı elə olacaq ki, onların ölkənin kiçik rayonlarında da yaradılması mümkün olsun. Onların hərəsində biri olmaqla Azərbaycanın bütün iqtisadi zonalarında yaradılması planlaşdırılır".

S.Bəşirli qeyd edib ki, nazirlik bu sahədə bir sıra ölkələrin təcrübəsini öyrənib: "Biz Avropa, Çin, Türkiyə, Rusiya və MDB-nin digər ölkələrinin təcrübəsini öyrəndik, eləcə də BMT-nin Sənaye İnkişaf Təşkilatı ilə əməkdaşlıq etmişik. Biz mayda Türkiyəyə səfər etdik və Ankara, həmçinin ölkənin bır sıra şəhərlərindəki sənaye məhəllələrində olduq. Sonra türkiyəli ekspertlər dəvətimiz əsasında Azərbaycana gəldilər və sənaye məhəllələrinin yaradılması üçün nəzərdə tutulmuş yerlərlə tanış oldular. Türkiyənin təcrübəsindən istifadə etmək qərarına gəldik, çünki bu ölkə iqtisadi inkişaf baxımından bizə yaxındır".

Sənaye məhəllələrinin üstünlüklərindən danışan şöbə müdiri vurğulayıb ki, ilk növbədə, sahibkar öz müəssisəsi üçün infrastrukturun yaradılmasına pul xərcləmir: "Sənaye məhəllələrinin ərazisində xüsusi məkanlar ayrılacaq, sahibkarlar burada istehsalat xəttini qura və məhsulların istehsalına başlaya biləcəklər. Bu o deməkdir ki, sahibkarlar tikinti üçün xərc çəkməyəcəklər, yalnız kiçik icarə haqqı ödəyəcəklər".

Onun sözlərinə görə, sənaye məhəllələrində fəaliyyət göstərəcək sahibkarlara konsultasiya xarakterli müəyyən dəstək də nəzərdə tutulub: "Bütün bunlar ölkədə sahibkarlığa dəstək üzrə tədbirlərin davamıdır. Əsas məqsəd ondan ibarətdir ki, sahibkarlar az vəsait xərcləməklə fəaliyyətə başlaya bilsinlər".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikasının dövlət siyasəti iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsini, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafını və şaxələndirilməsini nəzərdə tutur. Uğurla həyata keçirilən bu siyasətin nəticəsi olaraq son illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi tikilib istifadəyə verilib, minlərlə yeni iş yeri yaradılıb. Ölkədə rəqabətədavamlı sənaye məhsulları istehsalını daha da artırmaq məqsədi ilə hazırda sənaye parklarının yaradılması istiqamətində iş aparılır.

Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsində və yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsində bir istiqamət də ölkənin ayrı-ayrı şəhərlərində sənaye məhəllələrinin yaradılmasıdır. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və sair məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir.

Fərmanla müəyyən edilir ki, sənaye məhəlləsi - sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir; sənaye məhəllələrinin yaradılması haqqında qərarı İqtisadiyyat və Sənaye Nazirliyinin təklifi əsasında Azərbaycan Prezidenti qəbul edir; sənaye məhəllələrinin yaradılması və fəaliyyəti ilə bağlı müvafiq ərazilərin yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə obyektlərinin, inzibati və digər təyinatlı obyektlərin) qurulması və sənaye məhəllələrində sahibkarlıq fəaliyyətinin səmərəli təşkili ilə bağlı müvafiq tədbirləri İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir; sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilir.


18:32 13.10.2014
Xəbər lenti
Bütün xəbərlər