KANAL24.AZ
Az Iw En Ru

118 min smart-kart sayğacı quraşdırılıb

Cari ilin yanvar-sentyabr aylarında “Azərsu” ASC tərəfindən 118 min ön ödənişli smart-kart sayğacı quraşdırılıb ki, bunun da 45 mini regionların payına düşür.
ASC-dən Kanal24-ə bildiriblər ki, ötən müddətdə 111 mini əhali, 7 mini isə qeyri-əhali qrupu abunəçisi olmaqla, smart-kart sayğacları quraşdırılıb. Bununla da smart-kart sayğacların tətbiqinə başlanıldığı 2012-ci ildən indiyədək quraşdırılmış sayğacların sayı 330 minə çatıb. Smart-kart sayğacların quraşdırılması əhali və qeyri-əhali qrup abunəçiləri üçün paralel aparılır. İndiyədək quraşdırılan sayğacların 299 mini əhali, 31 mini isə qeyri-əhali qrupu abunəçilərinin payına düşür. Təhlillər göstərir ki, smart-kart tipli sayğaclar quraşdırıldıqdan sonra abunəçilərin su itkiləri azalaraq satış həcmi artıb. Eyni zamanda, həmin abunəçilər üzrə ödəniş 100 faiz təmin olunub.
Hazırda Bakı şəhəri və ətraf qəsəbələrdə eləcə də bölgələrdə smart-kart sayğacların quraşdırılması intensiv şəkildə aparılır.
Smart-kart sayğacları ilə yanaşı, “Azərsu” ASC tərəfindən magistral xətlər üzərində 18 elektromaqnit zond tipli ABB, rayon sukanal idarələrinin xidmət göstərdiyi ərazilərin hüdudlarında 53 elektromaqnit fləns tipli “KROHNE” su sayğacları quraşdırılaraq istismara verilib.


22:03 12.10.2014