MDB-nin potensialı tükənməyib. Bu, əməkdaşlıq, qarşılıqlı fəaliyyət, regional və beynəlxalq həyatın aktual məsələlərinin müzakirə olunduğu məkandır. Kanal24.az-ın "Rossiya 24" telekanalına istinadən verdiyi məlumata görə, bunu cümə günü Azərbaycan Prezidenti İlham Əliyev Minskdə MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edərkən deyib.
İlham Əliyev bildirib: "Biz uzun müddətdir birgə ünsiyyət saxlayan və vacib məsələləri həll edən həmkarlar kimi belə açıq və səmimi ab-havada bizi narahat edən bütün məsələləri müzakirə etməliyik".
Dövlət başçısının sözlərinə görə, Azərbaycan MDB-də iştirakına böyük önəm verir: "Biz hesab edirik ki, təşkilatımız çərçivəsində qarşılıqlı fəaliyyət, əlaqələndirmə, bir-birinin problemini daha yaxşı anlama, həmçinin digər vacib məsələlərin həlli işində bir çox şeylərə nail olunub. Eləcə də MDB üzvü olan ölkələrin əksəriyyəti ilə ikitərəfli formatda aktiv qarşılıqlı fəaliyyət göstəririk. Hesab edirəm ki, ikitərəfli əlaqələr təşkilatımız çərçivəsində münasibətlərimizi möhkəmləndirir və biz bundan sonra da ikitərəfli əməkdaşlığın potensialını genişləndirməyə çalışacağıq".
Azərbaycan Prezidenti Minskdə MDB Dövlət Başçıları Şurasının növbəti iclasının keçirilməsi üçün yaradılan gözəl şəraitə görə Belarusun dövlət başçısı Aleksandr Lukaşenkoya təşəkkürünü bildirib və ölkənin son dövrlərdə qazandığı nailiyyətlərə görə A.Lukaşenko və bütün Belarus xalqını təbrik edib: "Minsk gözəl, təmiz, müasir şəhərdir, buna görə də sizin dostlarınız kimi, uğurlarınıza ürəkdən sevinirik və əlbəttə ki, Belarus xalqına hər şeyin ən yaxşısını arzulayırıq".
Prezident çıxışında qeyd edib ki, MDB çərçivəsində iqtisadiyyat və investisiyalar sahəsində yaxşı təcrübə var: "Bu gün əlbəttə ki, narahatlıq doğuran məsələlərə diqqət ayrılır. Bunlar regional, beynəlxalq təhlükəsizliklə bağlı məsələlərdir".
Dövlət başçısı bildirib: "Əlbəttə ki, sərhədlərimizdən çox da uzaq olmayan ərazilərdə baş verənlər bizi narahat edir. Yaxın Şərq və Avropadakı vəziyyət şübhəsiz ki, adekvat qiymətləndirməni tələb edir və hər bir ölkə çalışmalıdır ki, fəaliyyəti ilə etimad, təhlükəsizlik və əməkdaşlıq tədbirlərinə töhfə versin. Biz Azərbaycanda regional və beynəlxalq işlərdə rolumuzu belə nəzərdən keçiririk və hesab edirik ki, ölkəmizin yürütdüyü siyasət risklərin azaldılmasına, vəziyyətin sabitləşdirilməsinə yönəldilib".
İlham Əliyev deyib ki, bu məsələdə iqtisadi potensial və siyasi iradə heç də az rol oynamır: "Azərbaycanın MDB məkanında, eləcə də regional və ikitərəfli əməkdaşlıq çərçivəsində irəli sürdüyü təşəbbüslər təhlükəsizliyin, etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Bu əməkdaşlığı nəqliyyat sahəsində də fəal müşahidə edirik. Biz bu yaxınlarda Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti çərçivəsində Xəzəryanı ölkələr arasında nəqliyyat sahəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etdik. Fikrimcə, MDB məkanında yaxşı imkanlar mövcuddur və bu imkanların bir hissəsi artıq reallaşdırılıb. Nəqliyyat infrastrukturuna yatırılan investisiyalar ölkələrimizi uzunmüddətli perspektivdə birləşdirir və əməkdaşlıq, əlavə gəlir əldə etmək üçün əlavə imkanlar yaradır".
Prezidentin sözlərinə görə, Azərbaycan əlbəttə ki, enerji resurslarının istehsalçısı kimi bu sahədə tərəfdaşları ilə əməkdaşlığa maraq göstərir: "Hesab edirəm ki, Azərbaycanın irəli sürdüyü təşəbbüslər və layihələr regionun enerji təhlükəsizliyinin möhkəmləndirilməsi işinə xidmət edir və bu sahədə investisiya layihələri və bu istiqamətdə səylərin geniş əlaqələndirilməsi üçün yaxşı imkanlar var, çünki enerji təhlükəsizliyi məsələləri bilavasitə hər bir ölkənin milli təhlükəsizliyi ilə bağlıdır. Tərəfdaşları və qonşularının enerji təhlükəsizliyini təmin etmək məsələsində kifayət qədər enerji resurslarına malik ölkələrin üzərinə əlbəttə ki, böyük məsliyyət düşür".
Dövlət başçısı çıxışında vurğulayıb ki, Azərbaycan MDB-nin həyat fəaliyyətinin əsasını təşkil edən humanitar əməkdaşlığa böyük önəm verir: "Bu yaxınlarda, bir neçə gün əvvəl Bakıda ölkəmizin və 60-dan çox dövlətin nümayəndələrinin iştirak etdiyi ənənəvi IV Beynəlxalq Humanitar Forum keçirildi. Humanitar əməkdaşlığın məsələləri dinlərarası və sivilizasiyalararası dialoq, multikulturalizmlə bağlıdır və həmin məsələlər böyük aktuallıq kəsb edir. Fikrimcə, ölkələrimizin müsbət təcrübəsi təsdiq edir ki, çoxmədəniyyətli cəmiyyət inkişaf üçün yeganə yoldur. Dünyanın əksər ölkələri çoxkonfessiyalı və bir çox millətlərin nümayəndələrinin yaşadığı ölkələrdir. Monoetnik ölkələr təcrübədən istisnalardır, buna görə də müxtəlif konfessiyalar və etnik qrupların nümayəndələri arasında humanitar əməkdaşlıq, qarşılıqlı anlayış hər bir ölkə və ölkələrin milli həmrəyliyi, eləcə də əmədkaşlığımız üçün vacibdir, çünki təşkilatımız çərçivəsində müxtəlif tarixi, mədəniyyəti, dini olan ölkələr təmsil olunub və bizi ümumi maraqlar, əməkdaşlıq birləşdirir".
İlham Əliyev əlavə edib ki, MDB-nin təşkilat kimi topladığı müsbət təcrübə də mədəniyyətlərarası, sivilizasiyalararası dialoqla bağlı problemlərin həllində faydalı ola bilər: "Başqa sözlə, demək istərdim ki, biz bundan sonra da MDB-nin işində fəal iştirakımızı davam etdirəcəyik. Yaradılan gözəl şəraitə görə bir daha Aleksandr Qriqoryeviçə təşəkkür etmək istərdim və ümid edirəm ki, bu gün həll edəcəyimiz məsələlər gələcəkdə sıralarımızın sıxlaşmasına gətirib çıxaracaq".