Türkiyədə qeydə alınan son siyasi hadisələr dünyadakı siyasi proseslərin aynadakı təsviridir və bir çox halda Azərbaycanda baş verənlərə bənzəyir.
Hər hansı dövlətin müstəqil siyasət yürütməsi dünya hegemonlarının narazılığına gətirib çıxaracaq və "beşinci kolon" hesabına dövlətin daxilində dağıdıcı prosesləri süni şəkildə aktivləşdirəcək. Bunu Azərbaycanda etməyə çalışırdılar, Türkiyədə də etməyə cəhd göstərirlər.
Baş verənlərin bir məqsədi var - qanuni hakimiyyətə qarşı çıxmaq.
Türkiyədə Ədalət və İnkişaf Partiyası 2002-ci ildən ölkə iqtidarındadır. Din xadimi Fətullah Gülənin tərəfdarlarının simasında "beşinci kolon" isə dövlətlə açıq qarşıdurmaya təxminən iki il əvvəl - Türkiyənin İsraillə münasibətləri pozduğu, Rəcəb Tayyib Ərdoğanın siyasi nüfuzunun yalnız İslam dünyasında deyil, Qərbdə də artdığı, Ankaranın sanksiyalar tətbiq edilən İranla əməkdaşlığı davam etdirdiyi bir vaxtda başladı.
Dünyada Yaxın Şərq regionunun siyasi aktivliyin mərkəzinə çevrilməsindən sonra məlum oldu ki, bölgədə proseslərə təsir edə biləcək daha böyük güc ərəb dövlətləri deyil, məhz Türkiyədir. Buna görə də Qərb hazırda Ankara ilə açıq qarşıdurmaya girə bilmir, üstəlik Türkiyə NATO-nun üzvüdür.
Bu halda isə yeganə vasitə Fətullah Gülən və tərəfdarlarının əli ilə hakimiyyətə daxili təzyiq cəhdidir. Gülən hərəkatı sprut kimi "buynuzlarını" bütün dövlət strukturlarına keçirib.
Xarici oyunçular Azərbaycanda da bənzər oyuna cəhd etdilər. Əvvəlcə Qarabağ məsələsində, indi isə "demokratiya"nın köməyi ilə demokratiyaya qarşı mübarizə aparmağa çalışırlar. Bununla da xarici qüvvələr çoxsaylı qeyri-hökumət təşkilatlarından istifadə etməklə Bakının regionda möhkəmlənən rolunu zəiflətməyə cəhd göstərirlər.
Hazırda Azərbaycan və Türkiyə regionun lider dövlətləridirlər. Bütün xarici oyunçular üçün ən qorxulu amil vahid tarixi, mədəniyyəti, ənənələri və dili olan iki ölkənin strateji, siyasi, iqtisadi müttəfiqliyidir. Ankaranın siyasi gücü Bakının iqtisadi imkanları ilə möhkəmlənir və bu proses Bakı üçün də keçərlidir. Bunu regionda proseslərə təsir etməyə çalışan heç bir xarici siyasi qüvvə qəbul etməz.
Hazırda Ərdoğanın həyata keçirdiyi fəaliyyət hər şeydən əvvəl Türkiyənin gələcəyinə hesablanıb. Türkiyə Prezidenti fəaliyyəti ilə gələcəkdə ölkə hakimiyyətində hansı partiyanın təmsil edilməsindən asılı olmayaraq, ölkənin təhlükəsizliyini təmin etməyə çalışır.
Yəni Türkiyə və Azərbaycan rəhbərliyi ölkələrinin gələcək müstəqilliyini və sabitliyini möhkəmləndirir.
Bütün bunlar göstərir ki, Avropa İttifaqı növbəti dəfə öz ampluasından çıxış edərək indi də qardaş Türkiyəni hədəfə alır.
Ötən illərdə də Türkiyədə 70-dən artıq media nümayəndəsinin həbsi ABŞ və Avropa İttifaqının kəskin reaksiyasına səbəb olmuşdu. Həyata keçirilən həbsin motivləri açıqlanmadan, istintaq prosesini gözləmədən Avropa rəsmiləri ard-arda düzülərək Türkiyəyə qarşı bəyanatlar səsləndirməyi sanki özlərinə borc bilirlər.
Görəsən həmin dairələr Avropa ölkələrində həyata keçirilən həbslərə, insan haqlarının pozulması hallarına niyə belə operativ və sərt reaksiya vermirlər.
Görəsən onlar ABŞ hakimiyyətini Ferqyuson hadisələrinə görə niyə qınamadılar, jurnalistlərə, hüquq müdafiəçilərinə təzyiqlərə son qoymağa çağırmadılar. Bütün bunlar Qərbin ikili standartlar siyasəti yürütdüyünün növbəti nümunəsidir./TREND/