Bu ilin yayından İslam dünyasını kabusa çevirən terrorçu İraq-Şam İslam Dövləti təşkilatı (indi "İslam dövləti" terror qrupu) nəhayət təkləndi. Terrorçu təşkilata qarşı yaradılan koalisiyaya hər gün yeni-yeni dövlətlər qoşulur. Amma hadisələrin axarı bir sıra təzadlı məqamlar ortaya çıxarır. Bir müddət əvvəl Birləşmiş Ştatların keçmiş agenti, hazırda Rusiyada sığınacaq tapan Edvard Snouden böyük rezonans doğuran bir məlumat yaymışdı. O, əlində olan kəşfiyyat məlumatalrı əsasında bəyan etmişdi ki, əslində İŞİD-i Birləşmiş Ştatlar və İsrail yaradıb.
Onun rəhbəri əbu Bəkr əl-Bağdadi isə ikinci İraq müharibəsi zamanı uzun müddət Amerikanın İraqdakı həbsxanasında saxlanılıb və ona gələcəkdə "haqq dünyası" adıyla Yaxın Şərqdə qanlı hadisələr törətmək kimi məsul bir işin öhdəsindən gəlmək tapşırlıb. Bu yırtıcı qruplaşmanı yaratmaqda məqsəd İslam dünyasını öz içindən parçalamaqdır. Az sonra İran kəşfiyyatı Əl-Bağdadinin öldüyünü, həmin şəxsin isə ona bənzər İsrail vətəndaşı olduğunu iddia etmişdi. Yalançı Əbu-Bəkr İsraildəki təlim düşərgələrində hazırlıq keçmiş və ona müqəddəs Qurani-Kərim vergül-nöqtəsinə qədər öyrədilmişdi. Əlbəttə, müqəddəs kitabın hər səhifəsindən aludə olan bir şəxs dini savadı olmayan insanları asanlıqla toruna sala bilərdi.
Təxminən iki həftə əvvəl isə Əl-Bağdadinin ölüm xəbəri yayıldı. Bu xəbərdən sonra İŞİD həm İraq, həm də Suriyada ard-arda uğursuzluğa uğradı. Əlbəttə, davamlı məğlubiyyətdə Bağdadinin öldürülməsi xəbərinin böyük rol oynadığını düşünmək olardı. Lakin İŞİD liderinin qəflətən "xortlaması" fikirləri alt-üst edib. Amma bu dəfə onun görüntüləri yox, səs yazısı sosial şəbəkələrə ötürülüb. Guya xristian dünyası və İsrail tezliklə onların üzərinə ordu göndərəcək, lakin müharibədə İŞİD qalib gələcək. 17 dəqiqəlik səs yazısında Bağdadi xilafətin artıq Səudiyyə Ərəbistanı, Yəmən, Əlcəzair və Misirdə qurulduğunu bildirib. Amma nədənsə o, Səudiyyə Ərəbistanını ilanın başı adlandırıb. Şiələrə qarşı isə amansız olacaqlarını dilə gətirib.
Bağdadinin bu səs yazısının nə vaxt lentə alındığı məlum deyil. Hər halda, onun belə tezliklə öldürüləcəyi də inandırıcı deyil. Terrorçubaşı İslam dünyasına hələ şox başağrısı olmalıdır. Xatırladaq ki, Bağdadinin ölüm xəbərləri əvvəllər də yayılırdı, lakin bir müddət sonra o asta addımlarla hansısa məscidin minbərinə qalxaraq, özündən uydurduğu xütbələrlə insanların beynini yeyirdi. Ümumiyyətlə, Bağdadi adında dırnaqarası liderin olması ağlabatan deyil. Öncədən hazırladılmış müxtəlif şəxslər bu ad və sifət altında qrimlənərək, Bağdadi adını daşıya bilər. “Əl-Qaidə”nin keçmiş lideri Üsəma Bin Laden kimi. Onun da ölüm xəbərləri tez-tez yayılırdı. Bu şəxs az qala hər həftə səs yazılarıyla Qərbə meydan oxuyurdu. Nəhayət, Amerika dəniz piyadalarıın Pakistanın Abbotabad şəhərində Bin Ladenin evində keçirdiyi əməliyyatdan sonra bu ad əbədi olaraq tarixə göndərildi. Amma həmin evdə öldürülən şəxsin Bin Laden kimi tanıdığımız terrorçu olub-olmadığı bəlkə də ömürlük olaraq hamıya sirr qaldı. Çünki, onun nə ölmüş cəsədinin şəkilləri, nə də kəfənə bürünmüş nəşinin suya atılması planları dünya ictimaiyyətinə göstərilmədi. Görünən odur ki, Bağdadi də Bin Laden kimi İslam dünyası üçün hələ çox başağrısı olacaq. Onun vəzifəsi quldur əməlləriylə İslam dünyasını gözdən salmaq və ağlasığmaz işgəncələrlə müsəlman aləmini öz içindən parçalamaqdır.
Bağdadinin səs yazısında Səudiyyə Ərəbistanı və İsraili düşmən kimi göstərməsi də insanlarda çaşqınlıq yaratmaq istəyindən başqa bir şey deyil. Özlərini İslam carçısı kimi qələmə verən bu qruplaşma azadlıq arzusunda olan Fələstinin dövlət bayrağını yandırırsa, demək elə İsrailin maraqlarına xidmət edir. Üstəlik, İsrail terrorçu təşkilata qarşı qəzəbinin olmadığını nəinki açıq-aşkar etiraf edir, həm də ona təşəkkkür edir. İsrail generalları dəfələrlə bəyan edib ki, İŞİD Bəşər Əsədə başağrısı olduğu üçün Təl-Əviv bu qruplaşmaya minnətdardır. Çünki, İsrail ordusunun Suriyada edə bilmədiyini İŞİD həyata keçirir. İŞİD-in İsrail sevgisi Təl-Əvivin Qəzza əməliyyatlarında da açıq-aşkar hiss olunurdu. İslam adıyla bütün dünyaya meydan oxuyan İŞİD Qəzzada dinc insanların ölümünə görə, Təl-Əvivin ünvanına heç bir hədələyici bəyanat səsləndirmədi. Belə yerdə deyərlər, "it sahibinə hürməz".
Səudiyyə Ərəbistanına gəlincə, bu ölkədən 2500-ə qədər şəxs terrorçulara qoşulub. Həm də ərəb şeyxlərinin düşüncələri ilə İŞİD-in ideyaları arasında heç bir fərq yoxdur. İslam tarixinin ən şanlı hadisələrindən biri Xəndək döyüşüdür. Bir ölkədə ki, tarixin izlərini qoruyan həmin xəndək "şirk" deyə qələmə verilərək torpaqla doldurulur və bununla da İslamın canlı tarixi silinir, demək fikirlərimizdə həqiqət var. İŞİD-ə qoşulanlar arasında vaxtilə Rusiya-Çeçenistan müharibəsində döyüşən, lakin ərəb səhra komandirlərinin gəlişi ilə sonradan dini əqidələrini dəyişən çeçenlər də az deyil. Rusiya ordusundan qaçaraq canlarını qurtaran çeçenlərin bir çoxu indi İŞİD-in arasındadır.
Qısası, İŞİD-in arxasında dayanan dövlətləri nəzərə alsaq, nə Bağdadi belə tezliklə ölən deyil, nə də onun beyinsiz silahdaşları. Necə də olsa, İŞİD-in yaradılmasında Amerika və Israilin adı keçir. Planın ən arzuolunmaz tərəfi isə bu ola bilər ki, Amerika İŞİD-ə qarşı mübarizə adı altında Suriyaya qoşun yeridə və Dəməşq rejimini devirə bilər. Proseslər bu məcrəda inkişaf etsə, demək ki, İŞİD-in İraq və Suriyanı al-qana boyaması elə Amerikanın Suriyaya girməsi üçün bir oyun imiş. Amma bölgədə istənilən millətdən olan hərbçi, terrorçu və cinayətkara rast gəlmək mümkündür. Hər bir dövlət regionda öz maraqlarını diqtə edir./TREND/