KANAL24.AZ
Az Iw En Ru

Fransanın internet saytında Azərbaycanda keçiriləcək Formula-1 yarışına hazırlıqla bağlı məqalə dərc olunub

Fransanın idman aləmində yeniliklərdən bəhs edən internet saytında 2016-cı ildə Bakıda ilk dəfə keçiriləcək Formula-1 üzrə Avropa “Qran-pri” yarışlarına hazırlıqla bağlı məqalə yerləşdirilib.
Müəllif Uilyam Alveres Formula-1 yarışına Azərbaycanın ev sahibliyi etməsinin heç də təsadüfi xarakter daşımadığını bildirib. Jurnalist iqtisadiyyatı sürətlə inkişaf edən ölkəmizdə müxtəlif beynəlxalq yarışların yüksək səviyyədə təşkili və müvəffəqiyyətlə reallaşması sahəsində əldə etdiyi təcrübənin bu nüfuzlu idman yarışının Bakıda keçirilməsinə imkan verdiyini qeyd edib.
Məqalədə Formula-1 yarışının keçiriləcəyi məkanın artıq müəyyənləşdirildiyi, onun əsas hissəsini dəniz sahili boyu keçən yol təşkil edəcəyi və bu istiqamətdə hazırlıq işlərinin aparıldığı diqqətə çatdırılıb.
Formula-1 üzrə Avropa “Qran-pri” yarışlarına hazırlığın vəziyyəti ilə tanış olmaq və müəyyən təşkilatı məsələləri müzakirə etmək məqsədilə ölkəmizdə səfərdə olan baş icraçı direktor Berni Ekklestounun görülən işləri yüksək qiymətləndirməsi məqalədə xüsusi vurğulanıb.
Formula-1 yarışlarının rəsmi mühəndisi German Tilkenin yarışlara hazırlığın yüksək səviyyədə aparılmasının onda böyük təəssürat yaratması, seçilən marşrutun böyük sürət nümayiş etdirməyə imkan verəcəyinə əminliyi barədə söylədiyi fikirlər məqalədə yer alıb.
Məqalədə Formula-1 təqvimində Azərbaycanın adının yeni bir ölkə kimi siyahıya düşəcəyi xatırladılıb.
Məqalənin tam mətni ilə http:actu-moteurs.com/f1/le-circiut-urbain-de-bakou—devoile/2327internet resursunda tanış olmaq mümkündür.


06:22 09.10.2014