KANAL24.AZ
Az Iw En Ru

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Kanal24.az xəbər verir ki, oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
 
Prezident İlham Əliyev bildirdi ki, bu ilin 9 ayının sosial-iqtisadi inkişafı uğurlu olub. Ölkəmizin inkişafı ilə bağlı inamlı addımlar atılıb. Dünyada maliyyə böhranının davam etdiyi bir vaxtda 9 ayda ümumi daxili məhsul 2,5 faiz, qeyri-neft sektoru isə 6 faiz artıb. İnflyasiya 1,5 faiz təşkil edib, əhalinin pul gəlirləri 5,4 faiz çoxalıb.
Bu il də büdcə xərclərinin kifayət qədər böyük olduğunu deyən Prezident İlham Əliyev vurğuladı ki, ilin əvvəlindən ölkəmizə 19 milyard dollar sərmayə qoyulub ki, onun da 11 milyard dolları daxili investisiyalardır. İlin əvvəlindən maliyyə resursları 3 milyard 600 milyon dollar artıb və Azərbaycanın valyuta ehtiyatı 53 milyard dollara çatıb.
Dövlətimizin başçısı bildirdi ki, Dünya İqtisadi Forumunun reytinq cədvəlində Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə artıq 38-ci yerdə qərarlaşıb. Bu dövrdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra olunub, doqquz ayda 100 mindən çox yeni iş yeri yaradılıb, bununla da son 10 ildə açılan iş yerlərinin sayı 1 milyon 300 minə çatıb. Ötən doqquz ayda sosial layihələrin icrası davam etdirilib və investisiya portfelində bu layihələrə xərclənən vəsait kifayət qədər böyük olub. Bakı və ətraf qəsəbələrin inkişafına dair Dövlət Proqramı da uğurla icra olunur. Ölkədə infrastruktur layihələrinin icrasına xüsusi diqqət yetirilir.
Prezident İlham Əliyev vurğuladı ki, artıq bir çox sahələrdə Azərbaycanın müsbət təcrübəsi öyrənilir. Bunu bu yaxınlarda Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda BMT İnkişaf Proqramının rəhbərinin səsləndirdiyi fikirlər də təsdiqlədi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından təəssüfləndiyini deyən dövlətimizin başçısı qeyd etdi ki, mövcud status-kvonun yolverilməzliyi ilə bağlı səslənən fikirlərə Ermənistan məhəl qoymur, bu fikri səsləndirən qüvvələr isə təsirli addımlar atmır. Buna baxmayaraq, Azərbaycan bütün sahələrdə uğurla inkişaf edir, ordu quruculuğu yüksək səviyyədə həyata keçirilir. Təsadüfi deyil ki, üçüncü rübdə təmas xəttində baş verən hadisələr zamanı Azərbaycan Ordusu düşmənə layiqli cavabını verdi.
Prezident İlham Əliyev nitqində keçən ay təməli qoyulan “Cənub” qaz dəhlizi layihəsi ilə bağlı fikirlərini də bölüşdü və bunu tarixi hadisə adlandırdı.
Sonra maliyyə naziri Samir Şərifov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, gənclər və idman naziri Azad Rəhimov bu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı məruzə etdilər.
İclasa yekun vuran Prezident İlham Əliyev ilin sonunadək dövlət investisiya proqramının tam icra olunacağını, məktəblərin, uşaq bağçalarının və müasir səhiyyə ocaqlarının tikintisinin davam etdiriləcəyini dedi. Dövlətimizin başçısı gələn ilin büdcəsində də hərbi xərclərə xüsusi diqqətin göstəriləcəyini qeyd etdi, texniki baxımdan Azərbaycan Ordusunun dünyada güclü ordular sırasında olduğunu bildirdi. Prezident İlham Əliyev bu ilin sonuna qədər investisiya proqramının təsdiq edilməsinin vacibliyini vurğuladı, müasir emal müəssisələrinin yaradıldığını, qeyri-neft sektorunun inkişafında xidmət və turizm sahələrinin xüsusi yer tutduğunu bildirdi. Dövlətimizin başçısı yaxın iki ildə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tam istifadəyə veriləcəyini bildirdi, bununla da Xəzərdə ən iri ticarət limanının yaradılacağını qeyd etdi. Hava nəqliyyatının inkişaf etdiyini, keçən rübdə ilk dəfə olaraq Bakıdan Nyu-Yorka uçuşların təşkil edildiyini vurğulayan Prezident İlham Əliyev məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini söylədi, ekologiya məsələlərinin həllinə diqqət göstərilməsinin önəmini vurğuladı. İlk Avropa Oyunlarına hazırlıqla bağlı bütün işlərin cədvəl üzrə uğurla getdiyini, təhlükəsizlik məsələlərinin diqqət mərkəzində olduğunu deyən Prezident İlham Əliyev bu oyunların Yay Olimpiya Oyunları səviyyəsində keçiriləcəyini bildirdi.

01:25 09.10.2014