KANAL24.AZ
Az Iw En Ru

"Müsavat Partiyasına heç kim vaxt qoya bilməz"

Arif Hacılı: “Partiyada nizam-intizam qaydalarına da əməl olunması zəruridir”

Kanal24 xəbər verir ki, Müsavat Partiyasının başqanı Arif Hacılının və sabiq başqan İsa Qəmbərin Polşanın paytaxtı Varşava şəhərinə səfəri başa çatıb. Səfərlə bağlı və Müsavat Partiyasının qurultayından indiyə qədər keçən müddətdə partiya daxilindəki proseslərlə əlaqədar Arif Hacılının musavat.com-a verdiyi müsahibəsini təqdim edirik:

 

- Oktyabr ayının 2-dən 5-dək Varşava şəhərində beynəlxalq konfransda iştirak etdik. Konfrans “1989-91-ci illər inqilablarının 25 illiyi: nəticələr və perspektivlər” mövzusunda idi. Beynəlxalq konfransda postsovet və postsosialist məkanından olan siyasi, ictimai xadimlər, dövlət xadimləri, jurnalistlər iştirak edirdi. Şərqi Avropa ölkələrində 1989-1991-ci illərdə inqilabi proseslərə rəhbərlik etmiş adamlar, əvvəllər və indi öz ölkələrinin parlamentlərinin üzvü olan, Avropa Parlamentinin üzvü olan, öz ölkələrində dövlət rəhbərliyində təmsil olunmuş şəxslər toplaşmışdı. Kifayət qədər nüfuzlu beynəlxalq konfrans idi. Bu konfransda Azərbaycanı İsa Qəmbərlə birlikdə təmsil etdik. Hər ikimizin ayrıca məruzəmiz var idi. Etdiyimiz məruzələr də konfrans iştirakçıları tərəfindən maraqla qarşılandı.

 

- Müsavat başqanı kimi ilk xarici səfəriniz idi. Varşava konfransında iştirak edən şəxslər Müsavat Partiyasının başqanının dəyişdiyini bilirdilər, yoxsa orada bildilər ki, yeni başqan seçilib? Müsavata sizin başqan seçilmənizlə bağlı münasibətləri necə oldu?

 

- Konfransda iştirak edənlərin bir çoxu ilə əvvəllər də əlaqələrim və münasibətlərim var idi. Onların bəziləri ilə hətta dostluq münasibətlərimiz var. Təbii ki, Azərbaycanda gedən proseslər bütün dünyanın diqqət mərkəzindədir. Müsavat Partiyasının qurultayı barədə, qurultayda baş verən başqan dəyişikliyi haqda əvvəlcədən məlumatlı idilər. Maraqlı hadisələrdən biri də o oldu ki, axşamlardan birində mənim Müsavat Partiyasının başqanı seçilməyim xüsusi qeyd olundu. Bu münasibətlə Müsavat Partiyasının adı yazılan xüsusi tort hazırlanmışdı, bu mövzuda xüsusi təbrik çıxışları edildi. Bu qeyri-rəsmi görüşdə Litvanın keçmiş prezidenti Vitautas Landsberqis, Krım tatar xalqının lideri, Ukrayna Ali Radasının üzvü Mustafa Cemiloğlu, Estoniya Xalq Hərəkatı liderlərindən olan, müxtəlif dövrlərdə Estoniyada və Avropa Parlamentinin rəhbərliyində təmsil olunmuş Tunne Kelam, Belarus Xalq Cəbhəsinin sədri Vinçuk Viaçorka,Gürcüstan Milli Təhlükəsizlik Şurası sədrinin müavini İvlian Hayndrava və başqa görkəmli şəxsiyyətlər iştirak edirdi.

 

- Müsavatın qurultayından keçən müddətdə qurultayın səhərisi “Yeni Müsavat”a geniş müsahibədən başqa demək olar ki, geniş mövqe nümayiş etdirməmisiniz. Sanki bir gözləmə mövqeyindəsiniz. Bu 10 gün ərzində gedən prosesə qiymətiniz necədir. Hansı nəticəyə gəlmisiniz?

 

“Müsavat Partiyasının qərarlarını şübhə altına almaq, üzvlərinin iradəsi ilə hesablaşmamaq təbii ki, partiyanın nizamnaməsinə uyğun olmayan bir hərəkətdir”

 

- Ümumilikdə normal proses gedir. Alternativli qaydada, bərabərhüquqlu rəqabət şəraitində keçirilən şəffaf seçkilərdən sonra müəyyən fərqli fikirlərin, narazılıqların ortalığa çıxması təbii haldır. Təəssüf ki, bəzi dostlarımız Müsavat Partiyasının Nizamnaməsinə, məramlarına uyğun olmayan addımlar atır, fikirlər səsləndirir. Amma hesab edirəm ki, bu prosesin müəyyən fəsadları olsa da müsbət cəhətləri daha çoxdur. İnsanlar öz fikirlərini azad şəkildə ifadə edir, məsələlər müzakirə olunur, haqlı, ya haqsız fikirlər irəli sürülür, polemika gedir. Gedən prosesi plüralizm nümunəsi kimi dəyərləndirirəm. Ona görə də imkan daxilində bu prosesə müdaxilə etməməyə çalışıram.

 

- Siz plüralizm hesab edirsiniz. Amma irəli sürülən fikirlər sırasında elələri də var sizə elə gəlmir ki, Müsavat Partiyasının nüfuzuna zərbə vurur. Müsavatı, partiyanın rəhbərliyini, İsa Qəmbəri saxtakarlıqda ittiham edirlər. Keçmiş rəqiblərinizdən birinin oktyabrın 6-da keçirdiyi toplantıda belə ittihamlar irəli sürülüb. Sizcə, bu ittihamlara konkret münasibət bildirilməli deyilmi? Bu cür ittihamlara partiyanın MNTK-sının münasibət bildirməsi zərurəti yaranmayıbmı ki, ciddi tədbirlər görülsün?

 

- Müsavat Partiyası demokratik bir təşkilatdır. Burada müxtəlif cür düşünən insanlar fəaliyyət göstərir. Müsavat Azərbaycanda yeganə partiyadır ki, hətta qərarlar qəbul edildikdən sonra belə o qərarlara qarşı çıxış etmək partiya nizamnaməsinin pozulması sayılmır. Lakin Müsavat Partiyasının qərarlarını şübhə altına almaq, Müsavat Partiyası üzvlərinin iradəsi ilə hesablaşmamaq təbii ki, partiyanın nizamnaməsinə uyğun olmayan bir hərəkətdir. 

 

Müsavat Partiyasının qurultayının qəbul etdiyi qərarları tanımadığını bildirən adamlarla bağlı yəqin ki, Müsavat Partiyasının müvafiq strukturlarında müzakirələr aparıla bilər. O ki qaldı seçkilərin keçirilməsi ilə bağlı fikirlərə, Müsavatda seçkilər çox şəffaf, demokratik keçirilib. Səslənən bir çox iradları ədalətsiz hesab edirəm. Məsələn, 3 il qabaq seçilən qurultay nümayəndələrinin seçilməsini indi qurultaydan sonra müzakirəyə çıxarmaq təbii ki, həm yersizdir, həm də ədalətsizdir. Bircə o faktı xatırlatmaq istəyirəm ki, Müsavat Partiyasının qurultay nümayəndələrinin 90 faizindən çoxunun seçildiyi konfranslar zamanı mən həbsxanada olmuşam. 

 

Qurultayda paritet əsaslarla seçki komissiyası yaradılıb. Qurultay keçirilməzdən əvvəl təşkilat komitəsinin toplantılarında qərarlar bir qayda olaraq konsensus yolu ilə qəbul olunub və hər bir mübahisəli məsələyə nəticədə mən konsensus vermişəm, mən güzəştə getmişəm. İstər seçki komissiyalarının formalaşması məsələsində, istər qurultayın ssenarisinin müəyyənləşməsində, istər çıxışların edilməsi ardıcıllığı məsələsində mübahisələr yarandıqda həmişə güzəştə getmişəm.

 

Bunun nəticəsində konsensusun alınması mümkün olub. Qurultaydan əvvəl digər namizədlər yalnız öz seçki kampaniyası ilə məşğul olduğu dövrdə də qurultaya hazırlıq üzrə təşkilat komitəsinin üzvü kimi qurultaya hazırlıq işləri ilə məşğul olmuşam. Mənim seçki kampaniyamı təşkil edən şəxslər başda mənim seçki qərargahımın rəhbəri Gülağa Aslanlı olmaqla, hər birimiz öz seçki kampaniyamızdan daha çox qurultayın təşkilati, texniki hazırlıq işləri ilə məşğul olmuşuq. Ona görə də hesab edirəm ki, yol verilmiş bəzi qüsurlarla bağlı haqlı iradlarla yanaşı, ədalətsiz və həqiqəti əks etdirməyən iddialar da var. Amma proses yenə də şəffafdır, partiya üzvləri baş verənləri müşahidə edir, hər kəs yaranmış vəziyyətdə kimin haqlı, kimin haqsız olduğuna qiymət vermək imkanına malikdir.

 

- Baş verənlərlə bağlı İsa Qəmbərlə müzakirəniz olubmu? Çünki qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədri İsa bəydir və 6 oktyabrda Qubad İbadoğlunun keçirdiyi toplantıda bir sıra çıxışçılar günahkar kimi birbaşa İsa Qəmbəri ittiham ediblər. Qurultaydan bir -iki gün sonra “Yeni başqanın legitimliyi şübhə altındadır” formasında açıqlamalar artıq o həddə çatıb ki, “Arif Hacılı istefa verməlidir, yoxsa partiya parçalanacaq” xəbərdarlığını etməkdən çəkinmirlər. İstefa tələbinə münasibətinizi də bilmək istərdik. Bu cür tələblərdə bulunanlarla bağlı başqan kimi qərar qəbul edə bilərsinizmi?

 

- Müsavat Partiyasının qurultayı aşkar, şəffaf keçirilib, seçkilər azad və ədalətli olub. Partiyanın başqanlığına keçirilən seçkilər videokameraların, jurnalistlərin gözü qarşısında keçirilib. Azərbaycan tarixində keçirilən nadir seçkilərdəndir ki, səslər bilavasitə canlı yayımda internet televiziyası vasitəsilə translyasiya edilib. Paritet əsaslarla formalaşmış seçki komissiyası seçkilərin nəticələrini yekdil olaraq qəbul edib və yekun protokolu imzalayıb. Müsavat Partiyasının ali orqanı olan qurultay seçkilərin nəticələri barədə qərar qəbul edib. Müsavat Partiyasının qurultayının qərarı Müsavat Partiyası üçün ən ali qərardır. Müsavat Partiyası qurultayının qərarı Müsavatın hər bir üzvünün iradəsini ifadə edir. İrəli sürülən ittihamlarla bağlı müəyyən müzakirələr aparılır. Oktyabrın 6-da keçirilən toplantıda da bir sıra həqiqətə uyğun olmayan fikirlər səsləndirilib. Bu məsələlərlə əlaqədar da müzakirələr aparılacaq. Müsavat demokratik təşkiltdır. Biz daim pülralizmə şərait yaratmışıq, bundan sonra da belə olacaq. Ancaq Müsavat Partiyasında nizam-intizam qaydalarına da əməl olunması üçün konkret tədbirlər görmək niyyətindəyik. Hesab edirəm ki, Müsavat Partiyası ölkənin ən demokratik, ən plüralist partiyası olmaqla yanaşı, həm də ən nizam-intizamlı partiyalardan birinə çevriləcək.

 

- Qubad İbadoğlunun keçirdiyi 6 oktyabr toplantısından sonra “Müsavat Partiyasının işinin yenidən qurulması və fəaliyyətinin gücləndirilməsinə dair” 5 bənddən ibarət təkliflərini yazılı şəkildə təqdim ediblər. Onlar həmin təkliflərin həyata keçirilməsi üçün partiyanın rəhbərliyinə 3 ay vaxt da verdiklərini bəyan ediblər. Həmin təkliflərə münasibətiniz necədir?

 

- Təkliflərlə tanış deyiləm. Müsavat Partiyasına təkbaşına heç kim vaxt qoya bilməz. Müsavat Partiyasında hesabatlarla bağlı vaxtı Müsavat Partiyasının qurultayı müəyyənləşdirir. Müsavat Partiyasının müvafiq seçkili orqanları var. Qurultaylararası dövrdə partiyanın ali orqanı Məclis, Məclislərarası dövrdə isə ali orqan partiyanın Divanıdır. Biz qurultayın, Məclisin və Divanın qərarlarına uyğun olaraq fəaliyyət göstərəcəyik. Hər bir Müsavat Partiyası üzvünün də məhz Müsavat Partiyasının Nizamnaməsinə uyğun olaraq, qurultayın, Məclisin və Divanın qərarlarına uyğun fəaliyyət göstərməsini təmin edəcəyik.

 

- Məclisdən söz düşmüşkən, təkliflərdən biri Məclisə seçkilərin oktyabrın 11-də yox, 18-də keçirilməsidir. Məclisə seçkilərin vaxtı dəyişdirilə bilərmi? Qubad İbadoğlunu müdafiə edən bir sıra tanınmış simalar var ki, Məclisə namizədliklərini irəli sürməyiblər. İradlarından biri isə budur ki, Məclisə nə üçün bu cür ziyalılar seçilməyiblər. Namizədliyini irəli sürməyib, bu cür ittihamlar irəli sürməyi necə dəyərləndirirsiniz?

 

- Təəssüf ki, belə yanlışlıqlar var. Müsavat Partiyasının üzvləri bu cür hallara qiymət vermək imkanına malikdir. Məclisin vaxtı məsələsinə gəlincə, Müsavat Partiyasının ilk Məclisinin çağırılması səlahiyyəti nizamnaməyə görə Müsavat Partiyasının başqanına məxsusdur. Mən Müsavat Partiyasının önəmli şəxsləri ilə məsləhətləşdikdən sonra oktyabrın 11-də Məclisin keçirilməsi barədə qərar vermişəm. Məclis oktyabrın 11-də keçiriləcək.

 

- Məclis üzvlüyünə boş qalan yerlərə namizədlər irəli sürülübmü? Məndə olan informasiyaya başqan seçkilərində rəqiblərinizdən biri olan Tural Abbaslı Məclis üzvlüyünə və seçildiyi halda isə sədrliyinə namizədliyini vermək istəyir. Bu cür addımlar atılacağı halda necə qarşılayacaqsınız?

 

- Müsavat Partiyasının hər bir üzvünün seçkili orqanlara namizədliyini irəli sürmək hüququ var. Seçkilər gizli keçirilir. Biz Məclisi qurultaydan dərhal sonraya yox, ayın 11-nə ona görə təyin etdik ki, hər kəsin götür-qoy etmək, namizədliyini irəli sürmək üçün vaxtı, təbliğat aparmaq üçün imkanı olsun. Mənə verilən məlumata görə, artıq 10-larla partiya üzvü həm Məclis üzvlüyünə, həm MNTK-ya öz namizədliyini irəli sürüb. Ayın 11-də boş qalan yerlərə seçkilər keçiriləcək. Oktyabrın sonuna Divan üzvlərinin və Məclisin sədrinin seçilməsi ilə əlaqədar Məclisin daha bir toplantısının çağırılmasını təklif etmək niyyətindəyik. Bu müddət ərzində Divan üzvü və Məclis sədri olmaq istəyən şəxslər öz namizədliklərini irəli sürüb seçki kampaniyası aparmaq imkanına malik olacaqlar. Yəqin ki, Müsavat Partiyasının strukturlarının formalaşması prosesi oktyabrın sonunda başa çatacaq. Noyabrın 1-dən etibarən Müsavat Partiyası yeni seçkili orqanları, yeni Məclis, Divan və İcra Aparatı ilə öz fəaliyyətinin yeni mərhələsinə başlayacaq.

 

- İndiyə qədər üç müavini təyin etmisiniz. Yeni təyinatlar nəzərdə tutulur?

 

- Nəzərdə tutulur. Müsavat başqanının müşavirlərinin təyinatları bugünlərdə də davam etdiriləcək. Müavinləri Divan üzvləri seçkilərindən sonra təyin etmək niyyətindəyəm. Mən partiya rəhbərliyində çalışma bacarığı, həvəsi və vaxtı olan heç kəsin bu prosesdən kənarda qalmasını istəmirəm. Ona görə də müavinlərin təyinatını Divan üzvləri seçkilərindən sonraya saxlamaq niyyətindəyəm. Yəqin ki, ayın sonunadək Müsavat Partiyasının Mərkəzi İcra Aparatının tərkibi də elan olunacaq.

 

- Təyinatlarda başqan seçkisində rəqiblərinizi müdafiə etmiş şəxslərdən də istifadə ediləcək?

 

- Mənim üçün Müsavatda Arif Hacılını və ya bir başqa namizədi müdafiə etmiş kimi kateqoriyaya bölünən müsavatçılar yoxdur. Mən bütün Müsavat Partiyasının başqanıyam. Səlahiyyətlərimdən istifadə edərək, Müsavat Partiyasının müxtəlif kateqoriyalara bölünməsi istiqamətində atılan addımların qarşısını almaq və Müsavatın vahid bir komanda kimi fəaliyyətini təmin etmək niyyətindəyəm. Yaxın aylarda hər kəs bu siyasətin nəticələrini görəcək.

 

- Partiyada parçalanma ehtimalı varmı?

 

- Müsavatın parçalanacağı ehtimalları, bu barədə proqnozlar heç vaxt doğrulmayıb. Qurultaydan sonra əlamətdar hadisələrdən biri də odur ki, hələlik yalnız bir nəfərdən başqa heç kəs Müsavatdan çıxdığını elan etməyib. Bu partiya üzvlərinin partiyaya sədaqətini bir daha təsdiq edir.

 

 

 


22:00 08.10.2014