KANAL24.AZ
Az Iw En Ru

Bakıda Azərbaycan və Mərkəzi Asiya əlaqələrinə dair beynəlxalq konfrans keçirilir

Bakıda "Azərbaycan - Mərkəzi Asiya əlaqələri: inkişaf, əməkdaşlıq və ortaq çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirilir.

Kanal24.az xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşəbbüsü və təşkilatçılığı ilə keçirilir.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan və Türkiyə nümayəndələrinin iştirak etdiyi konfransda "Regional geosiyasət və ortaq çağırışlar: siyasi əməkdaşlıq və ortaq təhdidlərə qarşı mübarizə" və "Regional geoiqtisadiyyat və əməkdaşlıq: ticarət, enerji və nəqliyyat" istiqamətləri üzrə panellərdə müxtəlif mövzular müzakirə olunacaq.

Konfransın açılışında çıxış edən SAM-ın direktoru Fərhad Məmmədov bildirib ki, Mərkəzi Asiya regionu Azərbaycan üçün mühüm rol oynadığı kimi, Azərbaycan da bu region üçün böyük əhəmiyyət daşıyır. Ona görə də bugünkü konfransın böyük əhəmiyyəti var.

F.Məmmədov qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya regionu ilə sıx əlaqələri var. Bu əlaqələrin kökündə dövlət başçıları arasında isti münasibətlər durur: "Mərkəzi Asiya həm tarixi baxımdan, həm türk dünyasının, həm də postsovet məkanının tərkib hissəsi olduğu üçün bizə çox yaxındır. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında iqtisadi və siyasi sahədə əlaqələrin inkişafı üçün böyük potensial var".

Tədbirdə Özbəkistanın “Bilik Karvanı” Araşdırmalar Mərkəzinin direktoru Farxod Tolipov, Qırğızıstan Respublikasının Milli Strateji Araşdırmalar İnstitutunun direktor müşaviri Nadırmamat Momunov, Tacikistan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Sayfullo Səfərov, Türkiyənin Atılım Universitetinin Beynəlxalq münasibətlər kafedrasının professoru Hasan Ali Karasar və digərləri müvafiq olaraq "Mərkəzi Asiya və Qafqaz Avro-Asiya və Avro-Atlantika arasında: geosiyasi dərslər və strateji perspektivlər", "Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının perspektivləri: tarix, əsas istiqamətlər və prioritetlər", "Yeni geosiyasi şəraitdə Azərbaycan və Mərkəzi Asiya maraqlarının ortaqlığı və Azərbaycan-Tacikistan əlaqələrinin yeni inkişaf mərhələsi", "Avrasiyada ortaq təhlükəsizlik təhdidləri: çağırışlar və perspektivlər" və s. mövzularda mühazirələr deyəcəklər.


19:10 08.10.2014