KANAL24.AZ
Az Iw En Ru

Yeni Azərbaycan Partiyasının yaradılmasının 22-ci ildönümü ilə bağlı konfrans

Naxçıvan Özəl Universitetində (NÖU) Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan şəhər təşkilatı ilə birgə YAP-ın yaradılmasının 22-ci ildönümünə həsr olunan konfrans keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Konfransı açan universitetin rektoru, professor İsmayıl Əliyev YAP-ın Azərbaycanın ictimai-siyasi həyatındakı mühüm rolu barədə danışıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli bildirib ki, YAP XX əsrin 90-cı illərinin əvvəllərində ölkədəki mürəkkəb ictimai-siyasi şəraitdə yaradılıb. Bu illər ərzində baş verən hakimiyyət dəyişiklikləri və daxili siyasi qarşıdurmanın dərinləşməsi nəticəsində ölkədə böhran vəziyyəti qorxulu həddə çatmışdı. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə, milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Bu səbəbdən xalqımızın böyük oğlu Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında ziyalılar mətbuatda ona müraciət ünvanladılar.

Qeyd edilib ki, partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirildi və dahi rəhbər Heydər Əliyev YAP-ın sədri seçildi. Konfransda Azərbaycanın əksər rayonlarından cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndə iştirak edirdi. Beləliklə, Azərbaycanın ictimai-siyasi səhnəsinə cəmiyyətdəki qüvvələr nisbətini və bundan sonra ölkədə baş verəcək hadisələrin axarını köklü və konstruktiv surətdə dəyişən partiya meydana çıxdı. YAP qısa müddətdə böyük şöhrət qazanaraq cəmiyyətin bütün təbəqə və kateqoriyalarından olan sağlam qüvvələri öz ətrafında birləşdirə bildi, beləliklə, ümumxalq partiyasına çevrildi.

Bildirilib ki, YAP qarşısında duran əsas vəzifələri uğurla yerinə yetirib. Bu vəzifələr Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosial yönümlü iqtisadiyyat yaratmaqdan ibarət idi. Partiya ötən 22 il ərzində öz məqsədlərinə uyğun fəaliyyət göstərib. Məhz buna görə də ümumxalq partiyasına çevrilən, 630 mindən çox üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıb./AzerTac/



19:27 19.11.2014