KANAL24.AZ
Az Iw En Ru

İddia: Müsavat Partiyası iki qütbə bölünüb

Son qurultaydan sonra Müsavat Partiyası iki qütbə bölünüb. Bu barədə Trend-ə Müsavat Partiyası başqanının sabiq müavini, politoloq Qabil Hüseynli deyib.

Q.Hüseynli hesab edir ki, yaranan əsas gərginlik seçkiqabağı təbliğat kampaniyası ilə bağlıdır: “Yayılan məlumatlara istinad edərək deyə bilərəm ki, əsas tənqid seçkiqabağı kampaniya dövründə namizədlər üçün qeyri-bərabər şəraitin yaradılmasına aiddir. Yəni Arif Hacılı seçkidən əvvəl vəzifəsindən uzaqlaşsa da, onun rəhbərlik etdiyi qurumun, yəni partiyanın İcra Aparatının bütün personalı Arif Hacılı üçün işlədilir”.

Onun sözlərinə görə, bundan əlavə, partiyanın rayon təşkilatlarının rəhbərlərinə “İsa Qəmbər filankəsi məsləhət görüb” deyə təlimat verildiyi barədə məlumatlar var: “Əsas iddialardan biri də budur ki, qurultay nümayəndələrinə öz fikirlərini, seçimlərini azad surətdə ifadə etməyə imkan verilməyib və seçkiqabağı dövrdə də Qubad İbadoğlunun müəyyən təşkilatlarla görüşlərinə əngəllər yaradılıb və s".

Q.Hüseynli vurğulayıb ki, görünən budur ki, partiyada ciddi ziddiyyətlər, ciddi bölünmə əlamətləri var: “Partiya iki qütbə bölünmüş kimi görünür. Bu qütblər arasında daima söz atışması gedir və onların barışıb çəkici bir yerə vuracaqlarını gözləmək çox çətindir”.

Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda A.Hacılı yeni başqan seçilib.

Partiya başqanlığına A.Hacılı, Q.İbadoğlu, Tural Abbaslı və Səxavət Əlisoy namizədliyini vermişdi. Lakin qurultayın gedişində S.Əlisoy namizədliyini digər namizəd Q.İbadoğlunun xeyrinə geri götürüb.

Q.İbadoğlu öncə Trend-ə müsahibəsində deyib ki, A.Hacılı öz potensialı, resursları ilə ona qalib gəlməyib.

Xatırladaq ki, 2001-ci ildə Müsavatın nizamnaməsinə edilmiş dəyişiklik eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayır və beləliklə, bu qurultayda İ.Qəmbər başqanlığa namizədliyini verməyib.


21:08 07.10.2014