KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan bayrağı - istiqlalımızın əbədiyyət sancağı

Naxçıvan Dövlət Universitetində (NDU) Dövlət Bayrağı Günü münasibətilə tələbə elmi konfransı keçirilib. Universitetin tarix və filologiya fakültələrinin birgə təşkil etdikləri tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov konfransda çıxış edərək bu günün tarixi əhəmiyyətindən, xalqımızın müstəqillik uğrunda şərəfli mübarizəsindən danışıb. Rektor tələbə gənclərin milli ruhda yetişməsi, onlarda dövlətçilik ideologiyası və siyasi təfəkkürün formalaşmasında belə tədbirlərin əhəmiyyətini vurğulayıb, Dövlət Bayrağının müstəqillik rəmzi, milli qürur və şərəf mənbəyi olduğunu bildirib, kollektivi bayram münasibətilə təbrik edib. Tarix müəllimliyi ixtisası üzrə II kurs tələbələri Türkanə Zeynalova, Əfsanə Hüseynova çıxışlarında 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan dövlət bayraqlarındakı rənglərin mahiyyətini və əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı ilk dəfə 1990-cı il noyabrın 17-də, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında Dövlət Bayrağı kimi təsdiq edilib, Azərbaycan Ali Soveti qarşısında bu bayrağın Dövlət Bayrağı kimi qəbul olunması ilə bağlı vəsatət qaldırılıb. Üçrəngli bayrağımız 1991-ci ildə müstəqil Azərbaycan Respublikasının rəsmi atributu elan edilib və onun toxunulmazlığı Konstitusiyada da əksini tapıb. Sonra Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə II kurs tələbələri Şamama Tağıyeva “Azərbaycan bayrağının bədii ədəbiyyatda tərənnümü”, Tərlan Həsənova “Üçrəngli bayrağın ideya müəllifləri” mövzularında məruzı ilə çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, əsrlər boyu müstəqillik arzusu ilə yaşamış Azərbaycan bu gün bütün azadlıqların qorunduğu müstəqil ölkədir. Dövlət atributlarına olan yüksək ehtiramın təzahürüdür ki, Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalayıb. Bakıda, ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan Dövlət Bayrağı Meydanında dünyanın ən möhtəşəm bayrağı əzəmətlə dalğalanır, digər dövlət rəmzləri əks olunur. Konfransda Azərbaycanın müstəqillik tarixi ilə bağlı slaydlar nümayiş olunub, dövlət müstəqilliyinə, ümummilli lider Heydər Əliyevə, dövlət bayrağına həsr olunmuş şerlər söylənilib.



10:39 09.11.2014