KANAL24.AZ
Az Iw En Ru

Gənclərin xaricdə təhsilində yeniliklər ediləcək

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın müxtəlif ölkələrində 3183 azərbaycanlı gənc təhsil alır. 

Bunu Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Həsən Həsənli bildirib. O qeyd edib ki, 2014-2015-ci tədris ili üçün də Dövlət proqramı çərçivəsində keçirilən müsabiqə başa çatıb. Yüksək rəqabət mühitində keçən seçim prosesində ötən illərə nisbətən fərqləndirici akademik göstəricilərin sayı daha çox olub. Sektor müdiri qeyd edib ki, dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən müsahibələr nəticəsində dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmış 572 tələbənin adı proqram təqaüdçüləri siyahısına daxil edilib: “Gələn il azərbaycanlı gənclərin xaricdə təhsili “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən həyata keçiriləcək. Lakin gələn il Dövlət Proqramı başa çatır.

 

Hazırda Təhsil Nazirliyi tərəfindən 2015-2020-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə yeni Dövlət Proqramı hazırlanır. Həmin Dövlət Proqramında bəzi yeniliklər olacaq. Belə ki, yeni proqramda bakalavriatdan sonrakı səviyyələrdə təhsil alan, elm sahəsində çalışan gənclərə üstünlük veriləcək. Bundan əlavə, Dövlət Proqramı çərçivəsində xaricə göndəriləcək azərbaycanlı gənclərlə yanaşı, xarici ölkələrin akademik heyətlərinin Azərbaycanın ali məktəblərinə cəlb edilməsi də nəzərdə tutulub".

 


21:03 06.11.2014