Milli Məclisin İqtisadi Siyasət, Aqrar Siyasət, Təbii Ehtiyatlar və Energetika, Sosial Siyasət, Təhlükəsizlik və Müdafiə Komitələri 2015-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsini müzakirəyə çıxarıb.
İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, 2015-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsi çox mükəmməl və Azərbaycanın inkişaf strategiyasına uyğun hazırlanıb.
Millət vəkilinin sözlərinə görə, dünyada baş verən bəzi proseslər və neftin qiymətinin müəyyən təsirlərə məruz qalmasına baxmayaraq, bu ilin büdcəsində də sosial proqramlara çox böyük önəm verilib.
Maliyyə naziri Samir Şərifov isə bildirib ki, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 35,5% həcmində olmaqla nominal ifadədə 19 mlrd. 438 mln. manat, dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulun 35,3%-i təşkil etməklə 21 mlrd. 100 mln. manat proqnozlaşdırılır.
Dövlət büdcəsinin gəlirləri 2014-cü ilin proqnozu ilə müqayisədə 1 mlrd. 54 mln. manat və ya 5,7% çoxdur. Büdcə xərcləri isə bu ilin proqnozları ilə müqayisədə 1 mlrd. 37 mln. manat və yaxud 5,2% artıqdır.
Büdcənin gəlirlər hissəsinin yarıdan çoxu Dövlət Neft Fondunun (ARDNF) hesabına təmin ediləcək. Gələn il ARDNF-dan dövlət büdcəsinə 10 mlrd. 388 mln. manat vəsait ayrılması nəzərdə tutulur. Bundan başqa, Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 mlrd. 112 mln. manat, Dövlət Gömrük Komitəsinin xətti ilə natural ifadədə 1 590 mln. manat daxilolma proqnozlaşdırılır.
Layihədə dövlət büdcəsinin kəsiri 1 mlrd. 662 mln. manat nəzərdə tutulur.
2015-ci il dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün 1 mlrd. 662 mln. manat vəsait nəzərdə tutulub ki, bu da 2014-cü illə müqayisədə 17,0 mln. manat və ya 1%faiz azdır. Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi qiymətli kağızların yerləşdirilməsindən, özəlləşdirmədən daxilolmalar, xarici qrantlar və dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək. 2015-ci ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2,8% təşkil edəcək.
2015-ci il icmal büdcəsinin gəlirləri 20 mlrd. 716,8 mln. manat, xərcləri 25 mlrd. 911 mln. manat proqnozlaşdırılır. Layihədə qeyd olunur ki, 2014-cü illə müqayisədə icmal büdcənin gəlirləri 1 mlrd. 269,1 mln. manat və ya 5,8% az, xərcləri isə 1 mld. 467,1 mln. manat və ya 6% çox nəzərdə tutulub.
İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olaraq 366,7 mln. manat proqnozlaşdırılır ki, bu da 2014-cü illə müqayisədə 16,2 mln. manat və ya 4,6%, 2013-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə isə 24,0 mln. manat və ya 7% çoxdur. Xərclər isə 2013-cü ilin faktiki icra göstəricilərinə nisbətən 35,7 mln. manat və ya 10,8% çoxdur.
İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri 3 mlrd. 56,3 mln. manat proqnozlaşdırılır ki, bu da 2014-cü illə müqayisədə 127,8 mln. manat və ya 4,4% çox, 2013-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə 468 mln. manat və ya 18,1% çoxdur.
ARDNF-in 2015-ci il büdcəsinin xərcləri 12 mlrd. 304,8 mln. manat proqnozlaşdırılır ki, bu da 2014-cü illə müqayisədə 1 mlrd. 13 mln. manat və ya 9% çoxdur.
2015-ci ilin icmal büdcəsinin kəsiri 5 mlrd. 194,1 mln. manatdır. Kəsirin ÜDM-də xüsusi çəkisi 8,7% təşkil edir.
00:33 05.11.2014