Sədrəddin Sübhəmin “Haqqa çağırış”ının fəryadlı sədaları altında...
Adətən, belə yazıları yazmaq, sanki yaradıcılıq bioqrafiyama yazılıbmış. Görəsən, niyə digər həmkarlarım kimi ola bilmirəm?! Məgər publisistikanın bu yenidən-yeni, köhnədən- köhnə janrını qələmlə cana gətirməklə xalqımızın zaman-zaman yaşadığı ağrı-acılı həyat lövhələrinimi tarixə yazmaq missiyasından irəli gəlib bu? Bilmirəm. Bircə bildiyim odur ki, dərd könül qapımı döyəndə yuxusuz gecələrimin qonaqları şərəfli ömürləri ilə örnəyə çevrilmiş el və xalq adamlarının nakam talelərindən söz açmalıymışam.
Hələ 20-25 il öncə bu mövzu qələmimə və qəlbimə pənah gətirib: gecələrimi əlimdən, şirin kəlmələrimi dilimdən alıb. Hər biri bir dastan olan portret oçerklərimi bu gün oxuya bilmirəm və özümü qınayıram. Ona görə yox ki, niyə bu mövzuda yazan qələm adamı kimi tanınmışam. Qınayıram ona görə ki, həmin yazıları oxuduqdan sonra oxucuların da qəlbində qüssə-kədər iz açır, qəhər boğaza tıxanır, baxışlardan iztirab dolu leysan yağır...
Haqqında, daha doğrusu, özündən sonra yalqız qalan və bu dünyada yaşadığını hiss etməyən, onlara qovuşmaq üçün gecə-gündüz Tanrısına dua edən ömür-gün dostu Təranə Sübhəmin toplayıb çap etdirdiyi “Haqqa çağırış” kitabından yazmaq istədiyim halda, fikirlərim yenə də illər öncə olduğu kimi, kələfə dönüb dolaşdı. Nakam taleli, yarımçıq ömür sahibi, qönçələnmiş arzuları özünün, iki nakam taleli balasının (oğlu Sübhan və qızı Sübhanə) gözlərində donmuş Sədrəddin Sübhəm o gecə yuxuma gəldi.
İstəyirəm qəhrəmanımın ruhu ilə söhbətimi sizə də oxuyum:
-Tanımayanlara Səni necə təqdim edim, Sədrəddin bəy?
-Bu “bəy” kəlməsindən xoşum gəlmədi, inciməyin. Sovetlər dağılandan sonra bir qrup qaraguruhçu bu ağa-bəy ifadələrini hörmətdən, dəyərdən saldılar. Elə ona görə də Sədrəddin Sübhəm kimi təqdim edin...
Qısa tanışlıq: Sədrəddin Sübhəm Rəşid oğlu Mürsəqulov 1941-ci il iyun ayının 22-də tarixən Azərbaycanın torpağı olan Borçalı mahalının, indiki Gürcüstan Respubulkasının Dumanisi rayonunun Muzdurlar (əvvəli babası Mehdi Ağanın olan) kəndində anadan olub (Nəsli ağa sülaləsi olduğundan, sovet imperiyası Azərbaycanı işğal edən zamanlar işğalçılara qarşı döyüşdüyündən, öləni ölmüş, qalanları da Sibirə sürgün olunmuşlar. Sürgündən qayıdan ailəsi Borçalıda yox, Gəncədə yaşamaq məcburiyyətində qalmışlar).
Gəncədə orta məkdəbi bitirib, Gəncə Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş, bir il oxuduqdan sonra təhsilini yarımçıq qoyub üçillik hərbi xidmətə getmiş, zabit rütbəsi ilə Vətənə dönmüşdür.
Sədrəddin oxuduğu ali məktəbdən sənədlərini geri götürərək, Azərbaycan Dövlət Universtetinin Tarix fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində tarixi araşdırmalar aparan Sədrəddin İslamçılığı, türkçülüyü, millətçiliyi, bütöv, müstəqil Azərbaycanı və azərbaycançılığı təbliğ etmiş, bunun üçün xüsusi gizli dərnəklər yaratmış, Əbülfəz Əliyevlə (Elçibəy) və digər məslək dostları ilə birlikdə M. Ə. Rəsulzadənin əqidə daşıyıcısı olmuşdur.
Bilik və bacarığına görə tələbə ikən Azərbaycan KP MK-da çalışmış, diplom işi olaraq Bütöv Azərbaycanı götürmüş, universiteti bitirib, Gəncə Pedaqoji İnstitutunda müəllim kimi fəaliyyət başlamışdır. Ancaq əqidəsinə və fəyaliyyətinə görə imperiyanın işgəncələrinə, həbslərinə məruz qalan bu gənc amalından dönməmiş, məhz buna görə də Sibirə sürgün edilərək 14 il azadlıqdan məhrum olunmuşdur.
Sədrəddin Sübhəm həbsdə olarkən də öz mübarizəsini davam etdirmiş, sürgündən dönən kimi əqidə yoldaşlarıyla birləşib Milli Azadlıq Hərəkatına rəhbərlik etmiş, Azərbaycanın yenidən azad və müstəqil dövlət olmasında müstəsna xidmətlər göstərmişdir.
Tarixçi, siyasi xadim, ilahiyyətçi şair və Quranşünas alim kimi tanınmış və sevilmiş Sədrəddin Sübhəm qardaşının ölümündən sarsılaraq 2 həftə sonra, 2011-ci il noyabrın 1-də dünyasını dəyişərək haqqa qovuşmuş, canından da artıq sevdiyi vətən torpağında, Gəncə şəhərindəki İmamzadə qəbristanlığında dəfn olunmuşdir. O, müstəqil və azad dövlətindən, sevdiyi millətindən və doğmalarından, dostlarından cismən ayrılsa da, keçdiyi qısa, ağrı-acılı, lakin şərəfli ömür yolu, dəyişməz əqidəsiylə ölməzlik - əbədiyaşarlıq qazanmışdır.
Sədrəddin Sübhəmin bu qısa tərcümeyihalının hər cümləsində bir tarix yatır, açılmamış, oxunmamış. Kim açacaq, kim oxuyacaq?! Bunu bacara biləcək bir yadigar qoyub gedib – ömür-gün dostu, sönən ocağında qolları qoynunda, əriyib çöpə dönmüş əllərilə dizini qucaqlayıb buza dönmüş sevgisini, məhəbbətini yaşatmağa gücü yetməyən Təranə xanım Sübhəmi?! Çətin! Taleyinin qara haşiyəli günlərini yumağa döndərib sarıyır. Hər an ruhuyla baş-başa qaldığı, onu yarıyolda, yarımənzil qoyub getdiyi Sədrəddinin müqəddəs məkandakı (Gəncədəki İmamzadə qəbristanlığında) məzarını ziyarət etməyə elə həvəslə hazırlaşdığını (amma ürək ağrısı, göz yaşları, səssiz fəryadları və bir də maliyyə sıxıntıları ilə) bildirdi.
...Bilmirəm bununla neçənci dəfədir külü göylərə sovulmuş ocaqdan, suyu dəhnəsindən qurumuş dəyirmana bənzər ailədən, onların faciələrindən yazıram, əksəriyyətində də yurdda tək-tənha, ruhlarla baş-başa qalan anaların adları məni təlaşlandırıb Təranə olmaları ilə.
Bir Təranə müəllimə ilə ötən il Milli Qəhrəman Şahlar Şükürovun onsuz keçirilən növbəti “Ad Günü”ndə görüşdük. Mən onu tanımadım. Sən demə, bir vaxtlar, lap elə indiki kimi, onun da suyu sovulmuş dəyirmana bənzəyən ailəsinin faciə dramından yazmışam. Amma unutduğumdan bilmədim, balalarını soruşdum. Dedi ki, yaxşıdılar, amma böyümürlər, ataları ilə gediblər. Xəbərim yoxdu. Birdən ayıldım! Onun da iki balası döyüşdən qayıdan ataları, polis kapitanı Şakirlə birlikdə “qəfil qada”ya tuş gəlmişdilər. Anaları Təranə müəllimə indi mənə belə xatırlatdı. Yaddaşımı qınadım, bala nə gəzir ki? İllər bu ayrılığı onun düm ağ ağarmış saçlarında yaşadıb. Tanıya bilməmişdim. Amma, deyəsən, o, gündüzlər, aralarında olduğu saatlarda sevimli çagirdlərinə vermişdi ana məhəbbətini, gecələr isə, Təranə Sübhəm kimi, saçlarından və gözlərindən dara çəkilmişdi, yoxsa bu müddətdə bu qədər qocalmaq, fənalaşmaq olardı ki?
Ruhu məni bağışlasın Sədrəddin Sübhəmin, deyəsən, tifaqı dağılan ailəsinin (yox, səhv elədim, Təranə Sübhəm bu ailənin bütövlüyünü KİŞİ KİMİ QORUYUR!!!) sirri yazılan ömür kitabını səhifələməyə çalışdım. Xəyalım yenə də həyatlarında sevginin dadına tamarzı qalan təranələrin ağlar gözləri mənə dikildi: sorğular qəhərli, cavablar ondan ağır və üzücü.
Əziz bacılarım, mən Sizlərin ömür yolunuza aydınlıq gətirmək istərkən özüm düşdüm zülmət gecələrə. Elə gecənin zülmətində bu yazını da yazırdım ki, qəfildən işıqlar söndü. Bu da təsadüfi deyildi. Sədrəddin Sübhəmin “Haqqa çağırış” kitabının daş asılmış səhifələrində mən də donub qalmışdım, ruhu yenidən köməyimə gəldi:
-Yaza bilməzsən, qardaş. Fələk yazan yazını yenidənmi pozub yazmaq istəyirsən? Gördünmü işıqlar söndü, mənim ömür kitabımın səhifələri də qaranlıqlardan, əzablardan keçib gələn yazılarla dolu olduğundan xəbərin olmasın, açıb-ağartmayasan deyə...
-Bilirəm, oxudum ki, gənc yaşlarından mütaliəni çox sevmisən. Asudə vaxtlarında şeir yazıb, “Qurani-Kərim”in tədqiqatı ilə məşğul olmusan... 20 Yanvara - o qanlı Şənbə gecəsinə gedən yolda mayaka dönmüsən, heykəlləşməmisən, od-alova dönmüsən! Yol boyu elektrik dirəklərinə (sanki sinənə) sancılmış sovetlərin qanımızla rənglənən bayraqlarını çıxarıb yerə tullayır, onların yerinə üçrəngli, ay-ulduzlu (70 il görməyimizi belə qadağan etdikləri) müqəddəs bayrağımızı taxır və bundan qürurlanırdın! Sovetlərin sükanı erməni əlində olan “T-72” tankı da məhz buna görə üstünə yeriyirdi, sən qorxmurdun! Tankın “qorxub” üz çevirib başqa istiqamətə getməsi səni bir az da qürurlandırmış, “imperiyaya belə qələbə çalarlar!!!”,- hayqırmışdın!
-Mənim “Heydər babaya salam” şeirimi oxudunuzmu? 1990-cı il yanvarın 14-də qələmə aldığım şeiri deyirəm, onda hələ Heydər baba Moskvada sovet imperiyasının buxovlarından xilas olsa da, Vətəninə dönməmişdi.
-Oxudum, Sədrəddin bəy! Oxudum! Ulu öndəri haraylayan dilindən də xəbər tutdum.
Heydər baba, səni Allah saxlasın,
Üzün gülsün, bədxahların ağlasın.
Eloğlular şövqə gəlsin, çağlasın,
Bir kərə də yönün düşsün bu yana,
Bəlkə xalqın yatmış bəxti oyana!
Heydər baba, sənsiz həyat yalandı,
Var-yoxumuz ovuc-ovuc talandı.
Anaların belində od qalandı,
Göydə Allah, Yerdə Sənsən hayımız,
Gəl çarə qıl, başa çatsın vayımız.
Heydər baba, Rusiyada, İranda
İldırımlar ara vermir bir anda.
Ancaq gəl ki, xaraba da, viran da
Xocalıdı, Ağdamla Ağdabandı,
Gəl əlac qıl, Şuşa gedir, amandı!!!
Bu çağırışının, fəryadının səsi göyləri, yerləri lərzəyə gətirdi. İldırımlar şaqqıldadı. Şimşək kimi düşmən başına çaxsaq da, qardaş, məkrli və hiyləgər düşmən imperiya xislətli idi. Qarabağda qara günlər başlayandan ürəyindən axdı orada tökülən günahsız qanlar!!!
Həyata gəlişinin uğursuz tarixini nəzmə çəkən Sədrəddin sanki bunun acısını uşaqlıq illərindən yaşamalı imiş:
Beşik həm dar gəlib boy-buxunuma,
Həm də zəhlə töküb zırıltısıyla.
Əngəl törədirmiş şirin yuxuma,
Taqqıltı-tuqqultu, cırıltısıyla...
İllər kecəkmiş, vaxtın-zamanın qara-qura axarında, suların bulanıq, siyasi ab-havanın “çiskinli, dumanlı” günlərindən qılınc kimi sıyrılıb çıxan, doğulduğuna belə peşman olanlara haqqın, ədalətin, birliyin və bütövlüyün nə olduğunu anlatmağa çalışacaqmış Sədrəddin. Yalnız tarixçi kimi deyil, siyasi publisist kimi, qələmini süngüyə çevirib xalqının və dövlətinin azadlığı uğrunda mübarizəyə səsləyən yazıların müəllifi kimi tanınacaq, örnəyə çevrilən əsl vətənpərvər inqilabçı kimi seviləcəkmiş canından da artıq sevdiyi Azərbaycanında! “Filankəs” şeiri ilə Sədrəddin Sübhəm bunu bir qədər də açıq formada gələcək oxucularına 21 oktyabr 2007-ci il tarixində yadigar olaraq yazırdı: “...Ali məktəbdə “Mərkəzləşdirilmiş Azərbaycan dövləti...” mövzusunu diplom işi olaraq götürmək istədiyim vaxt necə lağa qoyulduğumu heç vaxt unuda bilmərəm. Təsəvvürə belə sığışdırmaq olmur ki, Səfəvi dövlətinin banisi adına şəhər deyil, rayon deyil, qəsəbə də deyil, adi bir küçə verilərkən onun adı yox, ayaması ön plana çəkildi: “Şah İsmayıl”deyil, “Xətai” küçəsi”!
Əslində, mən bu yazını elegiya olsun deyə qələmə almaq istədim. Ona görə də şair, publisist, ictimai xadim, Vətənin azadlıq mücahidlərindən və mübarizlərindən biri kimi Sədrəddin müəllimin müqəddəs ruhuna ithaf etdiyim məqalədə yaradıcı ömrünün səhifələrini vərəqləməyə cəhd göstərdim. Lakin onu deməyə bilməzdim ki, şərəfli kitabımız olan “Qurani-Kərim” haqqında apardığı araşdırmaları belə nəzmə çəkməsi onun qeyri-adi istedad sahibi olmasının bariz nümunəsidir. “Qurulu kitab” şeirində şair bir daha bildirir ki, müqəddəs kitabımızdakı hikməti təəsüf ki, bəşər gec anlayacaq:
Quran qurulu bir kitabdır, ancaq,
Bəşər bu hikməti gec anlayacaq.
Zəbur, Tövrat, İncil incələnincə,
Rəbbim bu sehrini sirr saxlayacaq.
Sədrəddin Sübhəm bəşəri olduğu qədər də milli təfəkkürlü bir şair idi. O, ailəni sözün əsl mənasında kiçik dövlət olduğu anlamını verən müdrik kəlamlarla bunu yaradıcılığı boyu dəfələrlə təkrarlayıb. Özündən sonra tək-tənha, gösüyaşlı, ağsaçlı qoyub getdiyi ömür-gün dostu, silahdaşı, məsləkdaşı Təranə xanıma (ondan sonra Təranə xanım onun imzasını öz adına qoşaraq Təranə Sübhəm kimi çıxış edir, dərdlərini bu imza ilə ilmələyir) ithaf elədyi “Tər çiçək” şeirində daha yaddaqalan formada verib:
“Qırx yaşın mübarək, Tərim- çiçəyim,
Qırx yaş kamilliyin əlamətidir.
Sənsən həyatdakı bircə gerçəyim,
Bu da Rəbbimin bir kəramətidir.
Cəbhədə qovuşdu cığırlarımız,
Sənin də bələdçin sırf qeyrət idi.
“Meydan”dakı çığır-bağırlarımız
Buralarda bizə bir qeyrət idi.
Təkəlli götürüb ağırlığımı,
Şükür, qamətini əymədin, əsla.
Xatırladıb mənə öz varlığımı,
Dünyaya qaytardın xoş bir təmasla”...
Maraqlıdır, Sədrəddin bəy sevimli xanımına cansağlığı diləyərkən “tək” kəlməsi hardan gəlib ağlına? Sonuncu dəfə onun Ad Gününü təbrik edib, deyəsən. 2010-cu ilin iyun ayının 1-də. Bir daha yazmayacağını duyub, yoxsa nədən belə nisgilli yazırdı ki? Və həm də bundan sonra Ad günlərini “tək “ “qeyd edəcəyini” dolayısı ilə ona nədən xatırladırdı ki:
Sənə öz adımdan tək can sağlığı,
Allahın yanında üzü ağlığı,
Yaşatmaq diləyir, arzulayıram
Nəsil-nəcabətlə Qarabağlığı!!
İki ildən sonra... 2012-ci il, iyun ayının 1-i. Qaranlıq və əslində, zülmət bir gecə, bumbuz dörd divar arasında qara taleyinə bürünmüş bir varlıq: qara libaslı,qızarmış gözlü... Bu kimdir? Bəs bu gün bu evdə, bu ailədə Təranə xanımın Ad günü olmalı deyildimi?! Olmalıydı... Olmadı. Bu dəfəki ad günündə Təranə Sübhəm sübhə kimi həyatının mənasını da özüylə aparmış Sədrəddininə “Sədrəddinnamə” yazdı, körpəlik beşiyinə layladan çox ağı dediyi Sübhanı ilə Sübhanəsini oxşadı – sızıldadı.... Ad gününü təbrik edə bilməyən, gecikən... ömür-gününü qara boxcaya düyüb özüylə aparan Sədrəddinindən küsmək əvəzinə, onu əbədi sevgisindən, məhəbbətinin od-alovunda qovrulduğundan yazdı, heç gileylənmədi də:
Ad Günü gələndə kim sevinməz, kim?!
Kədər günüm olub şad günüm mənim.
Axı, Ad Günümü necə qeyd edim?!
Sənin ölüm günün Ad Günüm mənim!
Gəlmişəm məzarın üzərinə mən,
Oyan, qurban olum, oyan, sevgilim.
Ürəyimdə kədər, gözlərimdə qəm.
Məni yas içində qoyan sevgilim.
Sənin Tər çiçəyin yaman solubdu,
Həsrət bulaq açıb onun gözündə.
Diriykən ölülər azmı olubdu,
Bu hikməti axı bilirdin özün də.
Yaza bilmədim, Sədrəddin bəy! Yazını mən yazmadım, Fələk yazdığı yazını pozub yenisini yazmaqmı olardı?! Ona görə də fələyin yazdığı yazını oxudum yandım, yandım oxudum... Qəmnən bir köynək toxudum, bilmədim ki, bu libas sizə yaraşdımı, yoxsa bəyəndirə bilmədim...
Dərdimi dəbərtdin, dilləndi dərdim,
Dəftərim qaraldı, qələm ağladı.
Göründü gözümə o perik elim,
Qüdrətdən səngərli qalam ağladı.
Göyçəmiz göynədi, göyərdi dərdi,
Təkləndi, təntidi igidi, mərdi.
Elim-günüm harayıma yetərdi,
Darıxdı bir cüt balam ağladı.
Kəlbəcərdən soraq verdin bu gecə,
Yaş tökməsin Məhəmmədi bəs necə?!
Anam Güllər ruha dönüb gizlicə
Pıçıldadı: - Yenə balam ağladı?!
... Bu da yuxusuz gecələrimdə həmdəmimə çevrilən kədər köklü könlümün daha bir mehmanına yazdığım elegiyanın sonuncu cümləsinə qoyduğum nöqtə. Kaş, doğrudan da sonuncu olaydı...
Məhəmməd NƏRİMANOĞLU
"Kanal24"