KANAL24.AZ
Az Iw En Ru

28 may 1918-ci il - müstəqilliyin, dövlətçiliyin əsaslarının qoyulduğu tarix

Xalqımızın çoxəsrlik dövlətçilik tarixində 1918-ci il mayın 28-i tarixinin xüsusi yeri və rolu
vardır. Məhz həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini
imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi. Qısa dövr ərzində Azərbaycanın ilk
parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, sərhədləri müəyyən edildi, dövlət
quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi, diplomatik müstəvidə milli maraqların
qorunması istiqamətində mühüm addımlar atıldı. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi
qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin
olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynadı. Cəmi 23 ay mövcud olmuş
Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına
əhəmiyyətli təsir göstərmişdir.
Təəssüflər olsun ki, müstəqilliyə gedən yol heç də hamar olmamış, hələ cümhuriyyət
yaranmamışdan əvvəl xalqımızın taleyində dəhşətli faciələr baş vermişdir. Tarixin müxtəlif
mərhələlərində mifik və bədnam "Böyük Ermənistan" ideyasını gerçəkləşdirməyə çalışan erməni
millətçiləri bolşevik silahlı dəstələri ilə birgə 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı
soyqırımı həyata keçirmişlər. Həmin günlərdə Bakı şəhərində və respublikamızın digər bölgələrində on
minlərlə dinc sakin yalnız azərbaycanlı olduqlarına görə qətlə yetirilmiş, yaşayış məntəqələri
dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə - yeksan edilmişdir. Azərbaycanda
mart soyqırımını törətməklə erməni-bolşevik qüvvələri daha böyük məqsədlər güdür, Azərbaycan
torpaqlarını işğal etmək istəyirdilər. Lakin 1918-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin
yaranması, milli dövlətçiliyin bərpası, Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin başlanması
düşmənlərin bu planlarını pozmuşdu.
May ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi Konstitusiya aktı statusuna
malik olan ilk hüquqi sənəd – İstiqlal Bəyannaməsində müstəqil Azərbaycan dövlətinin yarandığı
bəyan olunmuş, onun hakimiyyətinin şamil edildiyi ərazinin hüdudları müəyyənləşdirilmiş, həmçinin
dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdı.
Bəyannamədə demokratik dövlətə məxsus atributların - hakimiyyətin xalqa mənsub olması,
vətəndaşların mülki və siyasi hüquqlarının təmin edilməsi, həmçinin ölkənin bütün vətəndaşlarına
bərabər hüquqların, o cümlədən Avropanın bir sıra inkişaf etmiş dövlətlərini qabaqlayaraq qadınlara
seçki hüququnun verilməsi, suveren, demokratik, hüquqi dövlət yaradılması niyyəti bəyan edilmişdi.
İstiqlal Bəyannaməsinin siyasi-hüquqi mahiyyəti ondan ibarət idi ki, o, Azərbaycanda
demokratik rejimli parlament respublikası idarəçilik formasını, ali dövlət hakimiyyəti orqanları
sistemini, hökumətin qanunverici orqan qarşısında məsuliyyət daşımasını və ümumilikdə
parlamentçiliyin formalaşdırılmasını, eyni zamanda vətəndaşların hüquqi statusunun əsaslarını bərqərar
edərək möhkəmləndirmişdi.
Ümumiyyətlə, müdrik Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir
çoxunu qoruyub saxlaya bildi. Ümummilli Lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi
siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi,
azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən
həqiqətə çevrilməsinə zəmin yaratdı. Ölkəmiz SSRİ-nin tərkibində olduğu dövrdə də bir çox dövlətçilik
atributlarını saxlaya bilmiş, iqtisadiyyatını, elmini və mədəniyyətini inkişaf etdirmiş, müstəqillik
hissləri xalqımızı heç vaxt tərk etməmişdir. Ümummilli Lider Heydər Əliyev xalqımızın dövlətçilik
ənənələrinin yaşadılması və inkişafı istiqamətində çox böyük işlər görmüş, XX əsrin sonlarında
itirilmiş müstəqilliyin yenidən bərpa olunmasında və qorunub möhkəmləndirilməsində misilsiz
xidmətlər göstərmişdir.
Xalq Cümhuriyyətinin ənənələrinə sadiqlik nümayiş etdirən Ümummilli Lider Heydər Əliyev
hələ  1990-cı ildə ilk dəfə Naxçıvanda Cümhuriyyətin üçrəngli bayrağını Muxtar Respublikanın dövlət
bayrağı kimi qəbul etdi və bu, müstəqilliyə gedən yolun başlanğıcı oldu. Xalqın çağırışı ilə 1993-cü
ildə respublikaya yenidən rəhbərliyə qayıdan Ulu Öndər Heydər Əliyev nadir və iti dövlətçilik zəkası,
cəsarəti və sarsılmaz iradəsi ilə xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etdi, Xalq
Cümhuriyyəti dövründə təməli qoyulmuş müstəqil Azərbaycan ideyasını gerçəkləşdirdi,
müstəqilliyimizi dönməz və əbədi etdi. Azərbaycan Xalq Cümhuriyyətinin axıra qədər həyata keçirə
bilmədiyi işlər onun varisi kimi müstəqil Azərbaycan Respublikası tərəfindən davam etdirildi və
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə reallaşdırıldı.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu, onun dəsti - xəttini böyük əzmlə, qətiyyətlə,
uğurla davam etdirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatı
gücləndi, qüdrətli ordu, demokratik dövlət təsisatları yaradıldı, qanunun aliliyi, insan hüquqları,  söz və
mətbuat azadlığı təmin edildi, vətəndaş cəmiyyəti formalaşdırıldı,Tarixi Zəfər qazanıldı və müstəqillik
yolunda  ölkəmizin davamlı inkişafına qədəm qoyuldu. Ümumiyyətlə, Möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin rəhbərliyi ilə Müstəqil Azərbaycanımız hər gün yeni - yeni uğurlara, nailiyyətlərə imza
atır, necə deyərlər, öz mühüm hədəflərinə nail olur.
Mahir Zahidov,
Sabirabad rayonu, Mil-Muğan Regional Təhsil İdarəsində Tədrisin keyfiyyəti sektorunun müdiri


18:44 27.05.2024