KANAL24.AZ
Az Iw En Ru

Əməkdaşlığın gücləndirilməsinə növbəti töhfə

Son illər dünyada baş verən proseslər, geosiyasi vəziyyət, həmçinin Azərbaycanın
yerləşdiyi coğrafi mövqe, dövlət maraqları ölkəmizi daha çevik, daha müdrik siyasət
yürütməyə, diplomatik gedişlər etməyə sövq edir. Zaman balanslaşdırılmış siyasət aparmağı
– həm Qərblə, həm də Şərqlə əməkdaşlığı, birgə fəaliyyəti və ümumi səylər göstərməyi tələb
edir. Bu gün regionun söz sahibi olan aktoruna yaraşan şəkildə ağıllı və uzaqgörən xarici
siyasətin nəticəsidir ki, həm Avropanın əksər ölkələri, həm postsovet məkanı ölkələri, o
cümlədən Mərkəzi Asiya ölkələri ilə yüksək səviyyədə qurulmuş münasibətlərinin şahidi
oluruq. Əlbəttə ki, bu münasibətlərdə Türk dünyası ilə əlaqələrimizin genişlənməsi,
dərinləşməsi strateji xarakter daşıyır, türk dövlətləri ilə olan bağlar prioritet təşkil edir.
Azərbaycanın Mərkəzi Asiya dövləti olaraq Tacikistanla da münasibətlərinin xüsusi
əhəmiyyətə malikdir. Ölkələrimizi ortaq tarixi keçmişə söykənən dostluq əlaqələri, hələ
keçmişdə formalaşmış siyasi, humanitar və digər sahələrdə münasibətlər birləşdirir. Həmçinin
Azərbaycan və tacik xalqlarını çoxəsrlik tarix və mədəniyyət, dostluq münasibətləri, ortaq
mədəni, dini dəyərlər və ənənələr birləşdirir, bu da iki ölkə arasındakı əlaqələrin daha da
inkişafına zəmin yaradır. İki dövlət arasında 1992-ci ildə qurulmuş diplomatik münasibətlər
ilbəil genişlənir və möhkəmlənir. Azərbaycan və Tacikistan arasında ikitərəfli və çoxtərəfli
münasibətlər ənənəvi olaraq qarşılıqlı hörmət və tərəfdaşlıq ruhunda inkişaf edir. Bu
münasibətlər yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində məhdudlaşmır. Bu gün Tacikistan və
Azərbaycan BMT, ATƏT, MDB, İƏT və sair kimi təşkilatlar çərçivəsində etibarlı beynəlxalq
tərəfdaşlardır.
İki dost ölkə arasında qarşılıqlı əlaqələrin inkişafına və möhkəmlənməsinə dövlət
başçılarının müxtəlif formatlarda görüşləri böyük təkan verir. Bu səfərlər zamanı uzunmüddətli
tərəfdaşlığa əsaslanan Tacikistan-Azərbaycan əlaqələrinin siyasi, iqtisadi, nəqliyyat, təhsil,
elmi, mədəni və humanitar sahələrdə əsas istiqamətləri müəyyən edilib. Hazırda Tacikistan-
Azərbaycan əməkdaşlığının, qarşılıqlı münasibətlərin hüquqi bazasına 57 ikitərəfli saziş və
müqavilə daxildir ki, onların da əsasını 2007-ci ildə imzalanmış Tacikistan Respublikası ilə
Azərbaycan Respublikası arasında Dostluq və Əməkdaşlıq Müqaviləsi təşkil edir. İki ölkə
arasında imzalanmış sənədlər, şübhəsiz ki, Tacikistan və Azərbaycan arasında siyasi,
iqtisadi, mədəni, investisiya, gömrük və sair sahələrdə ikitərəfli əməkdaşlığın daha da
möhkəmləndirilməsi üçün əsas yaradır.
Bütövlükdə, ikitərəfli Tacikistan-Azərbaycan əlaqələrinin inkişaf dinamikası göstərir ki,
tərəflər qarşılıqlı faydalı çoxşaxəli iqtisadi əlaqələrin dərinləşdirilməsində, siyasi əlaqələrin
möhkəmləndirilməsində maraqlıdırlar. Ən əsası da odur ki, qarşılıqlı etimad və tərəfdaşlıq
ruhunda ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün tərəflərin qarşılıqlı istəyi var. İki dost
dövlət arasında qarşılıqlı etimad və hörmətə söykənən, ikitərəfli əlaqələrin dərinləşdirilməsi və
inkişaf etdirilməsi bir çox qlobal və regional məsələlərdə ortaq mövqelərə əsaslanan
əlaqələrin inkişafında böyük əhəmiyyətə malikdir.
Otuzillik müstəqillik dövründə Azərbaycan-Tacikistan əlaqələrinin möhkəmlənməsinin
beynəlxalq aləmdə qarşılıqlı faydalı fəaliyyətə, dəstəyə və bir çox vacib məsələlərin həllinə
əlverişli zəmin yaradıb. Tacikistanın Prezidenti Emoməli Rəhmonun Bakıya növbəti səfəri də
ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və bir çox sahələrdə
əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəkdir.
Mətanət Məhərrəmova,
Sabirabad rayonu Ulacalı kənd kitabxanasının müdiri


10:49 27.05.2024