KANAL24.AZ
Az Iw En Ru

İran-Azərbaycan dostluğu sarsılmazdır

Azərbaycn Respublikasının Prezidenti cənab  İlham Əliyev mayın 19-da Araz çayı
üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası”
hidroqovşağının açılış mərasimində iştirak edib. Azərbaycan ictimaiyyəti də, İran ictimaiyyəti
də, dünya ictimaiyyəti də hər iki tədbiri tarixi hadisə kimi dəyərləndirir. Bu layihələrin
gerçəkləşməsi ərazidə sənayenin də, kənd təsərrüfatının da inkişafında əhəmiyyətli olacaq.
Digər tərəfdən, bunlar iki dövlət arasında münasibətlərin daha da möhkəmlənməsini də təmin
edəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirdə çıxışında qeyd
etdi ki, “Bizi birləşdirən layihələr arasında nəqliyyat layihələri xüsusi rol oynayır. Bu gün nəinki
ölkələrimiz üçün, daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat
Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib. Bu günə qədər göstərilən səylər
artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində
müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat
Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında dünyəvi
prosesləri əhatələyən mətləblərdən də danışaraq son illərin ən çox diqqəti çəkən
problemlərindən də söz açdı: “Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də
Naxçıvan bölgəsi Azərbaycanda “yaşıl enerji” zonaları elan edilib. Bu bölgələr Azərbaycan
ərazisinin təxminən 25 faizini təşkil edir. Bu bölgələrdə “yaşıl enerji” mənbələrinin yaradılması
bütün bölgə üçün fayda verəcək. İşğaldan azad edilmiş torpaqlarda son üç il ərzində 270
meqavat gücündə su elektrik stansiyaları inşa edilib. Bu stansiyaların istehsal gücünü 500
meqavata çatdırmaq üçün konkret proqramımız var və yaxın iki-üç il ərzində bu, həll
olunacaq. Nəzərə alsaq ki, İranla Azərbaycan arasında elektrik xətlərinin müasirləşdirilməsi
artıq həll olunub və qarşılıqlı təchizat məsələləri də həll edilib, bu, ölkələrimiz və digər ölkələr
üçün də fayda gətirəcək layihələr olacaq”.
İkinci Qarabağ müharibəsi başa çatdı. Azərbaycanın ərazi bütövlüyü tam təmin edildi.
Ermənistanın separatçı qüvvələri Xankəndindən tamamilə çıxarıldı, Azərbaycanın ərazisində
fəaliyyəti tamamilə iflasa uğradı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
qalib və məğlub dövlətlər arasında sülh sazişi imzalanması məsələsinə də diqqəti çəkərək
dedi: “Uzun fasilədən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana
bilər. Azərbaycan Ermənistanla olan məsələni - öz ərazi bütövlüyünün bərpasını 2020-ci ildə
hərbi-siyasi yollarla, beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq çərçivəsində həll edib və
2023-cü ildə öz dövlət suverenliyini tam bərpa edib. İndi isə Ermənistanla Azərbaycan
arasında sərhədlərin müəyyən edilməsi prosesi gedir. Bu prosesin ilkin müsbət nəticələrini
görürük və sərhədimizin şimal hissəsində artıq delimitasiya və demarkasiya başlanmışdır”.
Azərbycan Respublikasının Prezidenti cənab İlham Əliyev onu da qeyd etdi ki, İran-
Azərbaycan dostluğu sarsılmazdır...
Mircamal Həşimov,
Sabirabad rayon Təhsil sektorunun müdiri


09:16 22.05.2024