KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan Belarus əlaqələrinin daha da genişlənməsinə xidmət edən səfər

Böyük tarixə malik Azərbaycan və Belarus arasında münasibətlər Sovetlər İttifaqı
dağıldıqdan sonra daha da genişlənib. Belarus Respublikası ilə ölkəmiz arasında diplomatik
münasibətlər 11 iyun 1993-cü ildə qurulub. İki ölkə arasında mövcud olan yüksəksəviyyəli
dialoq və əməkdaşlıq əlaqələri son illərdə yüksələn xətlə inkişaf edir. Ötən dövrün ən mühüm
nailiyyətlərindən biri ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsidir. Bir-
birinə qarşılıqlı dəstək verən Azərbaycan və Belarus BMT, ATƏT, MDB kimi beynəlxalq və
regional təşkilatlar çərçivəsində də əməkdaşlıq edir. İkitərəfli əlaqələrin formalaşmasında və
inkişafında dövlət başçılarının səmimi dostluq münasibətləri böyük rol oynayır.
2001-ci ildə Azərbaycan-Belarus münasibətlərində köklü dönüş baş verib. Belə ki,
Azərbaycan Respublikası hökuməti ilə Belarus Respublikası hökuməti arasında aparılan
danışıqlar nəticəsində bir sıra sazişlər imzalanıb. Prezident İlham Əliyevin rəhbərliyi dövründə
isə iki ölkə yeni inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycan Prezidenti İlham Əliyev
diplomatik əlaqələrin səviyyəsinin yüksəldilməsi məqsədilə 2004-cü ilin aprelində Belarus
Respublikasında ölkəmizin səfirliyinin yaradılması haqqında Sərəncam imzaladı. Həmçinin
2004-cü ildə Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası
komissiyası yaradıldı.
Azərbaycan-Belarus münasibətləri strateji əməkdaşlıq səviyyəsinə çatdırılib. 2012-ci
ildə Azərbaycan Belarusa təqribən 14 milyon dollar həcmində investisiya yatırıb. 2013-cü ildə,
diplomatik münasibətlərin qurulmasının 20-ci ildöünümü ərəfəsində isə iki ölkə arasında neftlə
yanaşı, müxtəlif sahələrdə ticarət dövriyyəsinin həcmi 250 milyon ABŞ dollarından çox
olmuşdur. Ölkələrimiz arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artaraq 2020-ci ilin
sonunda 447 milyon ABŞ dollarına çatmışdır.
Belarus Azərbaycana ağac məmulatları, traktorlar, avtomobil və traktorlar üçün ehtiyat
hissələri və aksessuarlar, maşınqayırma, ağac emalı, şin, qida məhsulları, o cümlədən kartof,
süd və süd məhsulları, dərman vasitələri, məişət texnikası, qab-qacaq, geyim, kosmetika,
mühərriklər, qara metal məmulatları ixrac edir. Belarus isə Azərbaycandan neft məhsulları,
karbohidrogenlər, meyvə və tərəvəz şirələri, etilen polimerləri, pambıq lifi idxal edir.
Bu gün qarşılıqlı əməkdaşlıq təkcə sadə əmtəə birjası ilə məhdudlaşmır. Ənənəvi əlaqə
formalarını qorumaqla yanaşı, uzunmüddətli rəqabətli iş üsulları da geniş şəkildə tətbiq
olunur, istehsalat kooperasiyası uğurla həyata keçirilir. Belarus traktorları, yük, kommunal və
kənd təsərrüfatı maşınları, optik alətlər, liftlər Azərbaycanda yığılır. Sənaye kooperasiyasının
lideri Gəncə Avtomobil Zavodudur. 2007-ci ildən zavodda 8 minə yaxın “Belarus” markalı
traktor və 3,5 min ədəddən çox MAZ avadanlığı istehsal olunub. Sumqayıt Sənaye-
Texnoparkı, “Azərkimya” İstehsalat Birliyi, Kənd Təsərrüfatı və Səhiyyə nazirlikləri, Aviasiya
Akademiyası ilə birgə layihələr həyata keçirilir. Əlverişli coğrafi mövqeyinə görə yüksək tranzit
potensialına malik olan Belarus Azərbaycanın təşəbbüsü ilə reallaşan Trans-Xəzər
Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsində iştiraka böyük maraq göstərir.
İkitərəfli qarşılıqlı fəaliyyətin perspektivli sahələrindən biri də elmi-texniki
əməkdaşlıqdır. İki ölkənin elmi ictimaiyyəti arasında uzunmüddətli əlaqələr qurulur və birgə
elmi layihələr həyata keçirilir. Belarus Prezidenti A.Lukaşenkonun 2010-cu ildə Azərbaycana
səfəri zamanı elm və texnologiya, informasiyalaşdırma və informasiya texnologiyaları
sahəsində əməkdaşlığa dair hökumətlərarası sazişlər imzalanmışdır. Həmin vaxt Bakı
Slavyan Universitetinin bazasında Belarus Dili və Mədəniyyət Mərkəzi açılmışdır.
Qarşılıqlı fəaliyyətin mühüm hissəsini hərbi-sənaye sahəsində əməkdaşlıq təşkil edir.
Belarusla Azərbaycan arasında strateji xarakter daşıyan hərbi-texniki əməkdaşlıq iyirmi ildən
artıqdır ki, davam edir. Azərbaycan bu gün Belarus silahlarının əsas istehlakçılarından biridir.
Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlıq İkinci Qarabağ müharibəsindən
sonra uğurla inkişaf etməkdədir. A.Lukaşenkonun 2021-ci ilin aprelində ölkəmizə səfəri
zamanı digər məsələlərlə yanaşı, hərbi-texniki əməkdaşlıq da müzakirə edilmişdir. Belarus və
Azərbaycan arasında müdafiə sahəsində 2021-ci il üçün ikitərəfli əməkdaşlıq planı
təsdiqlənib.

Mayın 10-da Bakıya səfəri zamanı A.Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevi
Vətən müharibəsindəki qələbə münasibətilə təbrik edərək, bu qələbəni “Azərbaycanın öz milli
arzusuna çatmaq yolunda böyük addım” adlandırmış və Prezident İlham Əliyevə
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərində
köməklik göstərməyi təklif edib. Azərbaycan Prezident də öz növbəsində Belarus şirkətlərini
işğaldan azad edilmiş ərazilərin bərpasında fəal iştirak etməyə dəvət edib. Yekun olaraq
Belarus şirkətlərinin şəhər və kəndlərin layihələndirilməsində iştirakı, 3D modelləşdirmə
xidmətlərinin göstərilməsi və nəqliyyat infrastrukturunun bərpasına cəlb olunması barədə
razılıq əldə olunub.
Azərbaycanla Belarus arasında iqtisadi-ticarət əlaqələrin daha da genişlənməsinə
nümunə Belarus şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakıdır. İndi
işğaldan azad olunan ərazilərimizdə dirçəliş dövrüdür. Belarus dövləti də dost ölkə olaraq bu
prosesdə iştiraka öz töhfəsini verəcəkdir. “Biz bir dost kimi bu prosesdə texnika,
aqroşəhərciklər, iş yerləri ilə iştirak edə bilərik. İnsanları köçürmək, qaytarmaq olar, amma
bunun üçün mənzillər, iş yerləri lazımdır. Bizim müəyyən texnologiyalarımız var, Sizin
mütəxəssisləriniz, nazirləriniz bu texnologiyalara yaxşı bələddirlər. Əgər işə yarayarsa
texnikamız burada olar və işləyər” – deyə Belarus Respublikasının Prezidenti Aleksandr
Lukaşenko bildirib.
Bu günə kimi Belarus və Azərbaycan arasında siyasət, iqtisadiyyat, vətəndaşların
hüquq və mənafelərinin müdafiəsi, səhiyyə, hüquq-mühafizə, humanitar, elmi-texniki və
regional əməkdaşlıq sahələrində 120-dən çox beynəlxalq müqavilə imzalanıb. Belorus
Prezidentinin Azərbaycana növbəti səfəri zamanı da iki dövlət arasında mühüm əhəmiyyət
daşıyan 8 sənədə imza atılıb.
Azərbaycan Belarus Respublikası ilə bütün sahələrdə münasibətləri uğurla davam
etdirir. Hər iki dövlət həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində
koordinasiyanı artırmaq niyyətindədir. Bütün bunlar ikitərəfli münasibətlərin strateji xarakter
daşıdığını təsdiqləyir. Belarus-Azərbaycan münasibətləri qarşılıqlı marağa dostluq və etimada
əsaslanır.
Nərmin Zeynalova,
3 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri


10:09 22.05.2024