KANAL24.AZ
Az Iw En Ru

Şəhidlərimizin, soyqırım qurbanlarının ruhu şaddır

44 günlük Vətən Müharibəsində əldə etdiyimiz böyük Qələbədən sonra Xocalı
soyqırımının ildönümü də fərqli şəkildə anılır. 32 ildən sonra Xocalı sakinləri  öz doğma
yurdunda şəhidlərin xatirəsini yad etdi. Prezident İlham Əliyevin Xocalıda ictimaiyyət
nümayəndələri ilə keçirdiyi görüş, burada verilən mesajlar bir daha təsdiqlədi ki, 20
sentyabrdan etibarən Xocalının da artıq yeni parlaq tarixi, yeni inkişaf dövrü başlayıb.
Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, 20 sentyabr artıq bu bölgənin əsas azadlıq və
bayram günüdür.
Təbii ki, 44 günlük müharibədə necə ki, Şuşasız bizim işimiz yarımçıq qala bilərdi,
eləcə də Xocalısız  ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə
bilməzdik. Son 32 ildə ilk dəfə Xocalı soyqırımı qurbanlarının xatirəsi Xocalıda anıldı. Dövlət
başçımız Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün memorial kompleksin təməlini
qoydu. Xocalı-Əsgəran avtomobil yolunun üzərində Heydər Əliyev Fondu tərəfindən
yaradılacaq Xocalı Soyqırımı Memorialı bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, soyqırımı qurbanlarının xatirəsinin
əbədiləşdirilməsi məqsədi daşıyır.
Bu kompleks üçün ən uyğun məkan təbii ki, Xocalıdır. Prezident İlham Əliyevin də
söylədiyi kimi, əslində kompleksin layihəsi çoxdan hazır olsa da, Xocalıya qayıdacağımız
günü gözlədiyimiz üçün bu vaxta qədər həmin memorialın tikintisi təxirə salınırdı. Dövlət
başçımızın bu sözləri hər birimizi təsirləndirdi. Bu, bir daha onu göstərdi ki,  Xocalıya
qayıdışla bağlı heç vaxt şübhə olmayıb. Prezident İlham Əliyev Ali Baş Komandan kimi sona
qədər hər zaman ərazilərimizin hər bir qarışının azad olunması istiqamətində çalışıb. 30 il
ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bizi əsas hədəfimizə çatdırdı. Bu il
həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək. Soydaşlarımız bu torpaqlara
qayıdacaq.
Məlumdur ki, 2008-ci ildən “Xocalıya ədalət” kampaniyası çərçivəsində soyqırımın
dünyaya tanıdılması istiqamətində fəal iş aparılır. Amma dövlət başçımızın da söylədiyi kimi,
“Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. Faciəni soyqırım kimi tanıyan 18 ölkənin
arasında böyük dövlətlərin adlarının olmaması reallığın nədən ibarət olduğunu söyləməyə
əsas verir. Beynəlxalq təşkilatların susqunluğu, böyük dövlətlərin biganəliyi ona gətirib çıxardı
ki, Azərbaycan Xocalıya ədaləti döyüş meydanında təmin etdi. Bu, həm də tarixi ədalətin
bərpası idi. Bu ədalət nəticəsində biz Xocalıya qayıtdıq, burada həyat yenidən başlayır.
Şəhidlərimizin, soyqırım qurbanlarının ruhu şaddır. Amma Azərbaycan xalqı 20-ci əsrin ən
qanlı cinayətini - Xocalı soyqırımını heç vaxt unutmayacaq.
Tural İsmiyev,
Sabirabad RİHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin
məsləhətçisi (kadrlar üzrə işin aparıcısı)


10:22 29.02.2024
Xəbər lenti
Bütün xəbərlər