KANAL24.AZ
Az Iw En Ru

Sülhə, tərəqqiyə xidmət edən xarici siyasət

Bu gün ənənə halını alan iki dost və qardaş ölkə – Azərbaycan və Türkiyənin dövlət başçılarının
prezident seçkilərindən sonra  qarşılıqlı olaraq Türkiyəyə  və Azərbaycana  səfərləri hər iki ölkənin sarsılmaz
dostluq nümunəsi kimi dəyərləndirilir. Azərbaycan Prezidenti İlham Əliyevin türkiyəli həmkarı  Rəcəb Tayyib
Ərdoğanın dəvəti ilə fevralın 18-də  qardaş ölkəyə rəsmi səfəri  dövlət başçımızın  “Biz beynəlxalq təşkilatlarla
bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi
davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də
hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa
ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” sözlərinin həyatda  təsdiqidir.
Səfərin əvvəlində ölkəmizin başçısı ilk olaraq Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal
Atatürkün dəfn olunduğu məqbərəni – Anıtqəbiri və Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini
ziyarət edib.
Ankarada keçirilən rəsmi tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək və geniş tərkibdə görüşləri olub, hər iki
dövlə üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi keçirilib.
Mərasimdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata
bəyanatlarla çıxış ediblər.
İlk növbədə vurğulanmalıdır ki, əldə edilən razılığa görə Türk Dövlətləri Təşkilatının növbədənkənar
Zirvə toplantısı iyul ayında Şuşada keçiriləcəkdir. Ankarada keçirilən görüş zamanı mətbuata bəyanatında
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, “Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da
güclənməsi üçün fəaliyyətimizi davam etdiririk. Təşkilatımızın növbədənkənar Zirvə toplantısının iyul ayında
Türk dünyasının mədəniyyət paytaxtlarından olan Şuşada keçirilməsindən məmnunluq hissi keçirdiyimi xüsusi
qeyd etmək istəyirəm”.
Mətbuata bəyanatında Prezident İlham Əliyevin bildirdiyinə görə Türkiyə bu gün dünya çapında söz
sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında Türkiyənin mövqeyindən bir çox məsələlər asılıdır. Türkiyə
bölgəmizdə barışın, istiqrarın, sülhün və iş birliyinin qarantıdır.
Qeyd edilib ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk
Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Belə ki, bu ilin iyulunda Şuşada keçiriləcək Türk
Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə müşahidəçi statusunda olan Şimali Kipr Türk
Cümhuriyyətinin Prezidenti iştirak edəcək və bu, türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcəkdir.
Ölkə başçısının da qeyd etdiyi kimi Azərbaycan Türkiyənin uğurlarına öz uğurları kimi sevinir. 2020-ci
ilin noyabrında İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan 30 il düşmən işğalı altında olan toppaqlarının
böyük bir hissəsini azad etdi və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda olub. Müharibənin ilk saatlarında
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çox qəti və dəqiq açıqlamaları bir çoxları üçün ciddi mesaj oldu və
bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. Bu, siyasi və mənəvi dəstək bizə yetərli oldu və 30 il
ərzində sülh vasitəsilə həll edə bilmədiyimiz tarixi məsələmizi Azərbaycan savaş meydanında cəmi 44 gün
ərzində həll etdi. Bu da bir daha sübut etdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır.
İki ölkə arasında əməkdaşlığın önəmli istiqamətlərindən biri də hərbi sahədə əməkdaşlıqdır. Hər il ən azı
10 birgə hərbi təlim keçirilir ki, bu da bizim hərbi gücümüzü daha da artırır. İkinci Qarabağ savaşı və ondan
sonra düz 5 ay əvvəl keçirilən antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli
Azərbaycanda artıq tam oturuşub. Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam
təsdiqlədi, artıq bölücü, separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur və bundan sonra heç vaxt
olmayacaq.
Bu gün müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb. Görüşdə bu barədə də geniş müzakirələr
aparılıb. Birgə istehsalla əlaqədar konkret planlarımız mövcuddur. Eyni zamanda görüşdə təhsillə bağlı önəmli
anlaşma imzalanıb. Bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Bu gün həm Türkiyədə, həm Azərbaycanda gənc nəsil
qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalı, bizim milli-mənəvi dəyərlərimizə sadiq
olmalı, yad təsirdən uzaq olmalı, bilikli, savadlı vətənpərvər insanlar olmalıdırlar. Bununla əlaqədar Türkiyə-
Azərbaycan Universitetinin yaradılması iki qardaş dövlətin birliyinin növbəti rəmzidir.
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru


09:43 23.02.2024
Xəbər lenti
Bütün xəbərlər