KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan–Türkiyə münasibətləri kifayət qədər çoxşaxəli və genişmiqyaslıdır

Prezident İlham Əliyevin yenidən dövlət başçısı seçiləndən sonra ilk rəsmi səfərini qardaş
Türkiyəyə reallaşdırması indiyədək əsası qoyulmuş ənənənin davamı olmaqla yanaşı, tarixi dostluğa,
qarşılıqlı etimada, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan əlaqələrə ehtiramın bariz
nümunəsidir. Bu nümunə xalqlarımızın dil, din, mədəniyyət yaxınlığına, doğmalığa əsaslanır. Bu
nümunədə sevincli və kədərli günlərdə bir-birinin yanında olmaq kimi dövlətlərarası münasibətlər
səviyyəsini aşan müstəsna durum, fövqəladə üstünlük var.
Qeyd edək ki, Türkiyənin dövlət və hökumət başçılarının xaricə ilk rəsmi səfərlərinə
Azərbaycandan başlamaları da artıq xoş ənənəyə çevrilib. Həm bu mənada, həm də
Azərbaycan–Türkiyə qardaşlığının nümunəviliyinin ifadəsi baxımından qardaş ölkənin Prezidenti
Rəcəb Tayyib Ərdoğanın vaxtilə səsləndirdiyi dəyərli fikir var: “Türkiyə ilə Azərbaycan arasında
münasibətlər köklü tarixi və mədəni bağlardan qaynaqlanan qardaşlıq təməli üzərində hər sahədə
inkişaf etməkdə və güclənməkdədir. Bu münasibətlərin memarlarından biri olan böyük lider, hörmətli
Heydər Əliyevin dediyi kimi, Türkiyə və Azərbaycan eyni millətin iki ayrı dövlətidir. Mərhum
prezidentin iki ölkə arasında əlaqələrin ideal qiymətini ifadə etmək üçün istifadə etdiyi bu şüar real
həyatda əksini tapıb. Sevincdə də, kədərdə də bir olan Türkiyə və Azərbaycana bütün dünya qibtə ilə
baxır”.
Prezident İlham Əliyevin dövlət başçısı seçildikdən sonra Türkiyəyə səfəri qarşılıqlı işbirliyində
yeni səhifə açdı. Bu gün Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabərhüquqlu iqtisadi
tərəf-müqabilidir. İki qardaş dövlətin başçılarının qarşılıqlı rəsmi səfərləri zamanı hərtərəfli
əməkdaşlığımızı əhatə edən bir sıra mühüm sənədlər imzalanıb. Azərbaycan–Türkiyə münasibətləri iki
qardaş xalqın mənafelərinə xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın
bərqərar olması işinə də öz töhfəsini verir.
Qeyd edək ki, Azərbaycan–Türkiyə qardaşlığa söykənmiş əlaqələri, müttəfiqliyi, xüsusən də
hərbi müttəfiqliyi, bütövlükdə, Avrasiya məkanında sülh və təhlükəsizlik üçün son dəcərə müstəsna
təminatdır. Hesab edirik ki, bu mənada üzərində dayanılmalı olan başlıca məqam İkinci Qarabağ
müharibəsidir. Qardaşlığın mühüm sınağı olan bu müharibə hər iki dövlətin mətanət, iradə və
dözümünün birgə təzahürünə, nəsillərə miras qalacaq nümunəsinə çevrildi. İkinci Qarabağ müharibəsi
dönəmində qardaş ölkənin, onun hökumətinin və xalqının, ümumən Türkiyənin qətiyyətli mövqeyinin
təntənəsi idi. Bütün dünya gördü ki, söhbət Vətənin təhlükəsizliyi, torpaqların bütövlüyü, qardaş
hüququnun qorunmasından düşəndə heç kəsə güzəşt yoxdur.
Ölkə başçısının da qeyd etdiyi kimi Azərbaycan Türkiyənin uğurlarına öz uğurları kimi sevinir.
2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan 30 il düşmən işğalı altında
olan toppaqlarının böyük bir hissəsini azad etdi və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda olub.
Müharibənin ilk saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çox qəti və dəqiq açıqlamaları
bir çoxları üçün ciddi mesaj oldu və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. Bu, siyasi
və mənəvi dəstək bizə yetərli oldu və 30 il ərzində sülh vasitəsilə həll edə bilmədiyimiz tarixi
məsələmizi Azərbaycan savaş meydanında cəmi 44 gün ərzində həll etdi. Bu da bir daha sübut etdi ki,
Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır.
İki ölkə arasında əməkdaşlığın önəmli istiqamətlərindən biri də hərbi sahədə əməkdaşlıqdır. Hər
il ən azı 10 birgə hərbi təlim keçirilir ki, bu da bizim hərbi gücümüzü daha da artırır. Bu gün müdafiə
sənayesi sahəsində yeni imkanlar açılıb. Görüşdə bu barədə də geniş müzakirələr aparılıb. Birgə
istehsalla əlaqədar konkret planlar mövcuddur. İkinci Qarabağ savaşı və ondan sonra düz 5 ay əvvəl
keçirilən antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq
tam oturuşub. Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqlədi, artıq
bölücü, separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur və bundan sonra heç vaxt olmayacaq.
Azərbaycan–Türkiyə münasibətləri kifayət qədər çoxşaxəli və genişmiqyaslıdır, dinamik struktura
malikdir. İqtisadiyyat, ticarət, elm, təhsil, hərbi sahədə əməkdaşlıq, dünyanın müasir informasiya
məkanında birgə təmsilçilik və sair istiqamətlər üzrə keçmişə əsaslanmış etibarlı baza var. Əminliklə
söyləmək olar ki, son zamanlar iki ölkənin birgə həyata keçirdikləri layihələr Azərbaycan ilə Türkiyə
arasında münasibətləri daha yüksək səviyyəyə yüksəldəcək.
Elçin Gözəlov,
Sabirabad RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş
məsləhətçisi


10:40 22.02.2024