KANAL24.AZ
Az Iw En Ru

Müzəffər Ali Baş Komandan xalqın ona bir daha göstərdiyi etimadı yüksək dəyərləndirərək and içdi

2003-cü ildən bəri ötən 20 ildə Azərbaycanın keçdiyi yol keşməkeşli olsa da  bu qısa, lakin əsrə
bərabər dönəm qürur, şərəf tarixi adlandırılmağa layiqdir. Zaman baxımından göz qırpımı qədər ani
olan 20 il ərzində Azərbaycanın və azərbaycanlıların milli-ictimai statusu, fundamental islahatlar və
quruculuq işləri ilə ölkənin mənzərəsi, həyat səviyyəsi dəyişmiş, iki əsrin ağır yükündən xilas
olunmuşdur. Məhz bu illərə möhürünü vurmuş hadisələr nəticəsində son 200 ildə əldə edilməsi
mümkün olmayan, bəzən isə xəyal edilməsi belə çətin olan nailiyyətlər qazanılmışdır. Bu qazanılan
nailiyyətlərin isə bir memarı, bir Lideri olmuşdur: cənab İlham Əliyev. Çiynində qanlı-qadalı Vətən
müharibəsi, sinəsində şəhid ağrıları, azad edilmiş şəhərlərin, kəndlərin adlarını rahat, arxayınlıqla elan
edə-edə, illərdən bəri donub-daşlaşmış milli ruhu, bütün Azərbaycanı silkələyib oyadan cənab
Prezident İlham Əliyev.
14 fevral 2024-cü ildə həmin Müzəffər Ali Baş Komandan xalqın ona bir daha göstərdiyi
etimadı yüksək dəyərləndirərək and içirdi. And içirdi ki, bundan sonra da xalqa ləyaqətlə xidmət
edəcək, xalqın onun üzərinə qoyduğu vəzifəni şərəflə yerinə yetirəcəkdir.  
Əslində bu andiçmə mərasimi həm də böyük bir tarixi dönəmin hesabatı idi. Hesabatın əsas
tezislərində bir xətt daha çox vurğulanırdı: bütün mübarizənin kökündə milli-mənəvi dəyərlərə sədaqət,
xalqa xidmət, azərbaycançılıq ideologiyasına sədaqət.
Cənab İlham Əliyev bildirdi ki, istər daxili siyasətdə, istərsə də xarici siyasətdə ulu öndər
Heydər Əliyev kursuna sədaqət bu gün əldə edilmiş nailiyyətlərin əsasını təşkil etmiş, Azərbaycan bu
müddətdə dünya birliyində öz layiqli yerini tutmuşdur.
Bu illər ərzində milli iqtisadiyyat uğurla inkişaf etmiş, bunun nəticəsi olaraq Azərbaycanın
xarici amillərdən asılılığı tamamilə aradan qaldırılmışdır.  Sosial sahə də uğurla inkişaf etmiş, pensiya
və əmək haqları artmış, çoxlu sayda iş yerləri açılmışdır. Ölkədə investisiyalar üçün əlverişli mühit
yaradılıb, investisiyaların əksəriyyəti daxili vəsaitlərdir. Biznes mühitinin yaxşılaşdırılması üçün
islahatlar davam etdirilir, inhisarçılığa qarşı tədbirlər görülmüş və görülməkdədir.
44 günlük Vətən müharibəsində qazanılan qələbəni Azərbaycan xalqının əyilməz ruhunun
təcəssümü kimi xarakterizə edən cənab Prezident bu qələbənin xalqın yumruq kimi birləşməsinin,
Azərbaycanın igid oğullarının Vətən uğrunda ölümün gözünə dik baxmağın simvolu adlandırmışdır.
Ölkə başçısı qeyd etmişdir ki, bundan sonra yeni dövrə qədəm qoyan Azərbaycan yeni çağırışlar
və yeni hədəflər qarşısındadır. Bu hədəflər ilk növbədə vətəndaş cəmiyyətinin inkişafı, xarici təhdidlərə
qarşı mübarizə, ordunun gücləndirilməsi, iqtisadiyyatın inkişafı, Qarabağın və Şərqi Zəngəzurun 
bərpası, yaxın illərdə 140 min nəfər məcburi köçkünün doğma yurd-yuvalarına qaytarılmasıdır.
Cənab Prezident qeyd etdi ki,  Ermənistanda qisas arzusunda olan revanşist qüvvələr hələ də
qalmaqdadır. Ona görə də Azərbaycan bundan sonra da ordusunu gücləndirməyə davam edəcək və
istənilən vaxt potensial təcavüzkarın "ağlını başına gətirməyə" hazırdır.
Xarici təhdidlərə qarşı mübarizə üçün ilk növbədə xalqın sarsılmaz birliyinin vacib olduğunu
qeyd edən cənab İlham Əliyev böyüməkdə olan nəsli vətənpərvərlik və milli dəyərlər ruhunda
yetişdirməyə çağırdı.
Vətəndaş cəmiyyətinin formalaşdırılması üzrə addımlar atmağa çağıran cənab Prezident qeyd
etdi ki cəmiyyətin birliyi böyük əhəmiyyət kəsb edir: “İkinci Qarabağ müharibəsindəki parlaq Qələbə
bir daha onu göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır. Azərbaycanda yaşayan bütün etnik qruplar,
bütün xalqlar Azərbaycan Bayrağı altında birləşib. Bu Qələbədə, bu tarixi Zəfərdə ölkəmizdə yaşayan
hər bir xalqın öz dəyərli töhfəsi var.”
Xalqa və xalq-dövlət birliyinə arxalanaraq həyata keçirməyi nəzərdə tutduğu hədəflərə
çatmaqda öz Liderimizə - cənab Prezident İlham Əliyevə uğurlar diləyir və bu mübarizədə onun əsgəri
olmaqdan şərəf duyuruq.
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru


08:58 17.02.2024