KANAL24.AZ
Az Iw En Ru

20 ili uğurlarla, zəfərlərlə arxada qoyan qalib Azərbaycanı yeni dövrdə yeni zəfərlər gözləyir

Bu gün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları müasir müstəqil, qalib
Azərbaycanla qürur duyur.  Cənab İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində
“Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Bizi birləşdirən ümummilli məsələ Qarabağın azad edilməsi
idi. Bu məsələ artıq öz həllini tapdı və bu birlik daimi olmalıdır. Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın
önəmi artır, dünyada oynadığı rolu artır. Əlbəttə, bizə qarşı bundan sonra da ideoloji təxribatlar nəinki istisna
deyil, bunlar qaçılmazdır və biz bunu demək olar ki, gündəlik həyatda görürük. Bizim işimizə kölgə salmaq, bizi
diskriminasiyaya uğratmaq, Azərbaycan haqqında əsassız və yalançı, mənfi imic yaratmaq - biz bütün bunları
gündəlik həyatda görürük, Azərbaycan xalqı görür və bundan hiddətlənir” fikirləri ilə uğurlarımızda birliyimizin,
hənrəyliyimizin rolunu xüsusi qeyd edir və bu hədəfi açıqlayır ki, birliyimiz daimi olmalıdır.
Azərbaycançılıq ideologiyasının inkişafı və təbliği müasir müstəqil Azərbaycan dövlətinin qurucusu,
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə əsas hədəflərdən olub. Ulu Öndərin atdığı
hər addım bu hədəfə böyük töhfə idi. Məhz bu baxımdan cənab İlham Əliyev andiçmə mərasimində bildirdi ki,
 azərbaycançılıq prinsipləri Azərbaycanda çoxdan bərqərar olub. Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu
dəyərli miraslardan biri də məhz azərbaycançılıq məfkurəsidir. Biz,  onun davamçıları isə bu müsbət meyilləri öz
tərəfimizdən daha da gücləndiririk. Azərbaycanda yaşayan bütün xalqlar vahid, mehriban ailə kimi yaşayır.
Birliyimizi pozmaq istəyənlər nə qədər cəhd göstərsələr də buna nail ola bilməyiblər və heç vaxt nail ola
bilməyəcəklər. Çünki  hamımız bir amal uğrunda birləşmişik: “Biz hamımız şəhidlər vermişik, qan tökmüşük.
Erməni işğalçılara qarşı sinəmizi qabağa verib döyüşə getmişik. Bu birlik, bu həmrəylik və bu şanlı Zəfər tarixi
Azərbaycanda yaşayan bütün xalqları daha da sıx birləşdirir və bu da əsas vəzifələrdən biri kimi qarşıya qoyulur.
Deyə bilərəm ki, bu sahədə çox böyük tarixi nailiyyətlər var, baxmayaraq ki, müxtəlif istiqamətlərdən bu birliyi
pozmaq, bizim aramıza girmək, təxribat xarakterli uydurmaları ortaya atmaq cəhdləri kifayət qədər çox olub və
olacaq. Çünki bizi istəməyən qüvvələr, bizim gücümüzü qəbul etməyən, Ermənistan üzərində parlaq Qələbəmizi
həzm edə bilməyən anti-Azərbaycan qüvvələr çalışacaqlar ki, bu amildən istifadə etsinlər. Onların səyləri əbəs
olacaq. Bizim birliyimiz bu səylər qarşısında bir sədd kimi durmalıdır və durur.”  
Prezident İlham Əliyev belə cəhdlərinin qarşısının alınmasında mühüm amil olan gənclərin
vətənpərvərlik ruhunda tərbiyəsi məsələsinə də xüsusi diqqət yönəltdi. Belə bir çağırış səsləndirildi ki,  elə bir
gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar,
onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın.
Bu kimi məsələlərdə ailələrin, məktəblərin də üzərinə böyük məsuliyyət düşür. Kiçik dövlət olan ailədə
uşaqların  bir vətəndaş kimi dövlətinə, xalqına bağlılıq ruhunda tərbiyə olunması gələcəkdə bu yönümdə
göstərdikləri fəaliyyətdə öz sözünü deyir. Gənclərimiz hər zaman tariximizi, milli-mənəvi dəyərlərimizi,
mədəniyyətimizi, dilimizi öyrənməli, onun inkişaf etdirilməsinə öz töhfələrini verməlidirlər. Yenə də ailələrin
rolu danılmazdır. Dövlət başçısı andiçmə mərasimindəki nitqində bu xoşbəxtlik hissini xüsusi qeyd etdi ki,
Azərbaycan ailəsi sağlam, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir: “Ailə tərbiyəsi hər bir gənc üçün, hər
bir uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində
də Azərbaycan məktəbinin çox böyük rolu vardır. Məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə bağlı,
milli ləyaqətlə bağlı, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, - təkcə son 30 il ərzində yox, - torpaqlarımızın
müxtəlif dövrlərdə əlimizdən alınması ilə bağlı və bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə
və biliklər çox böyük önəm daşıyır. Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin
əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir.”
Azərbaycan xalqının həmrəyliyi əsas uğurlarımızdan biridir. İkinci Qarabağ müharibəsindəki parlaq
Qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır, yenilməzdir, məğrurdur. Bu reallıq hər zaman
önə çəkilir ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan və gələcəyə böyük inamla addımlayan xalq tarixin
bütün sınaqlarından şərəflə çıxır. Azərbaycan xalqı daim xoşbəxt xalqlar sırasında qeyd edilir. Xalqımız tarixinə,
torpaqlarına sahib çıxması ilə qürurludur. Birliyimiz, həmrəyliyimiz tarixi ədalətə və beynəlxalq hüquqa
söykənən  növbəti addımlarımızda da öz sözünü deyəcək.
Nərmin Zeynalova,
3 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri


20:57 16.02.2024