1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyini bərpa etsə də ölkədə vəziyyət son
dərəcə gərgin idi. Dövlət idarəetməsi tamamilə naşı və səriştəsiz şəxslərin əlinə keçmiş, nəticədə
özbaşınalıq baş alıb gedirdi. Nəinki müstəqilliyin itirilməsi, hətta xalqın, ölkənin parçalanmaq
təhlükəsi qaçılmaz idi. İnsanların bu gündən sabaha ümidləri qalmamışdı. Belə bir çətin məqamda
xalq nicat yolunu həmin vaxt Naxçıvanda yaşayan Ulu Öndər Heydər Əliyevə müraciət etməkdə
gördü. Xalqın dahi şəxsiyyət Heydər Əliyevin ətrafında birləşməsi üçün yeni bir siyasi təşkilata
ehtiyac vardı. Məhz bu məqsədlə 91 nəfər Azərbaycan ziyalısı Ulu Öndər Heydər Əliyevə müraciət
etdi. Ulu Öndər ziyalıların müraciətinə müsbət cavab verdi və Yeni Azərbaycan Partiyasını
yaratmaqla insanlara yaşamaq ümidləri bəxş etdi.
Təbii ki, Yeni Azərbaycan Partiyasının yaradılması heç də asan deyildi, çünki həmin dövrdə
hakimiyyətdə olan şəxslər partiyanın təşkilatlanmasına mane olmaq üçün hər vasitəyə əl atırdılar.
Bütün çətinliklərə baxmayaraq Yeni Azərbaycan Partiyası sürətlə təşkilatlanır və inkişaf edirdi. Dahi
şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin ideya və amallarını özündə cəmləşdirən Yeni Azərbaycan
Partiyası həqiqətən də xalqın nicat, qurtuluş yolu oldu. Xalqın yekdil dəstəyi ilə qısa zaman ərzində
iqtidar partiyasına çevrilən Yeni Azərbaycan Partiyası dəfələrlə xalqın etimadını dğruldaraq
ümumxalq partiyası statusunu qazandı. Ölkəni və xalqı olmazın böhranlardan, məhrumiyyətlərdən
xilas edən Yeni Azərbaycan Partiyasına gənclərin marağı artmağa başladı. Cənab Prezident İlham
Əliyevin partiyanın II Qurultayında Sədrin I müavini vəzifəsinə seçilməsi isə partiyada gəncləşmə
siyasətinin əsası hesab edilir.
Yeni Azərbaycan Partiyası öz Proqramından irəli gələn bütün vəzifələri yerinə yetirərək dövlət
müstəqilliyini möhkəmləndirmiş, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc
və firavan həyatının təmin edilməsi kimi mühüm işləri layiqincə həyata keçirmişdir.
Keçirilmiş hər bir qurultay Yeni Azərbaycan Partiyasının həyatında əlamətdar hadisə olaraq
qalmışdır. Lakin 2021-ci ilin mart ayının 5-də keçirilən VII Qurultay özünəməxsusluğu ilə seçilir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən
müharibəsində qazandığı möhtəşəm Zəfər yeni yeni reallıqlar yaratdı. Həmçinin cənab Prezident
İlham Əliyevin ölkədə həyata keçirdiyi davamlı islahatlar siyasi sistemdə də özünü təcəssüm
etdirməyə başladı. Bütün bu yeniliklərin fonunda Yeni Azərbayan Partiyasının VII Qurultayının
keçirilməsi üçün əsaslı zərurət yaranmışdı. Partiyanın VII Qurultayında yeni Nizamnamə qəbul
olundu, 40 nəfərdən ibarət İdarə Heyəti formalaşdırıldı və yeni struktur olan Veteranlar Şurası
yaradıldı. Həmçinin partiya sədri, cənab Prezident İlham Əliyev tərəfindən İdarə Heyətinə yeni
Proqramın hazırlanması tapşırğı verildi. Qısa zaman ərzində yeni vəzifələri özündə ehtiva edən yeni
proqram qəbul edildi.
Yeni Azərbaycan Partiyasının məqsəd və məramı müstəqil Azərbaycan dövlətinin davamlı
inkişafının və xalqın firavan həyat şəraitinin təmin edilməsidir. 31 il xalqın xidmətində olması və bu
müddət ərzində Yeni Azərbaycan Partiyasının keçdiyi yol, gördüyü işlər belə deməyə əsas verir. Əsas
şüarı “Yeni Azərbaycan naminə!” olan Yeni Azərbaycan Partiyası Ümummilli Liderimiz,
partiyamızın banisi, dahi şəxsiyyət Heydər Əliyevin qeyd etdiyi kimi, dünənin, bu günün, gələcəyin
partiyasıdır. Müstəqil Azərbaycanımızın firavan gələcəyi də məhz Yeni Azərbaycan Partiyasının
siyasi dəst-xətti ilə yazılacaqdır.
Cəmil Məmmədov,
Sabirabad rayonu Qasımbəyli bələdiyyəsinin sədri