KANAL24.AZ
Az Iw En Ru

Dünənimizin qurtuluşu, bu günümüzün firavanlığı, işıqlı gələcəyimizin Yeni Azərbaycan Partiyası

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından 31 il ötür. Yeni Azərbaycan Partiyası
ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi
situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının
arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin
son dərəcə ağır və keşməkeşli günlərində,ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə
Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən
insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu
məqsədlə xalqın sınanmış lideri,müdrik oğlu Ulu öndər Heydər Əliyevin şəxsiyyəti ətrafında
birləşdilər. 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət
göndərildi. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının imzaladığı müraciətdə deyilirdi: “Dövlət
quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq
kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz
adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni
Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti
qərarınızı gözləyir”. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd
əslində,bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları,tanınmış
insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq
siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu öndərə müraciət edən məşhur “91-lər”in çox
cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Belə bir məqamda, Azərbaycan
xalqının iztirablarını, ölkənin iflasa və məhvə sürüklənməsi təhlükəsini, Azərbaycan ziyalılarının ürək
ağrısı və nigarançılığını, həmçinin, bununla bağlı bir qrup görkəmli şəxslərin müraciətini nəzərə alan
ulu öndər Heydər Əliyev onlara yazdığı 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni
Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi.
550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada
keçirməyə nail oldular. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar,
partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın
sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə,
müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası
yarandı. Yeni Azərbaycan Partiyasının yaradılması Ulu öndər Heydər Əliyevin siyasi irsinin
təcəssümü kimi, həyata vəsiqə aldı. Yeni Azərbaycan Partiyasının üzvləri, Ulu öndərin siyasi xəttinə
sadiq qalaraq onun siyasətini müasir dünyada aparmaq üçün bütün lazımi səyləri edir. Bu siyasətə
sadiqlik, cəmiyyətimizdə yaşanan həmrəylikdən və Ulu öndərə olan ümumxalq sevgisindən xəbər
verir. Ulu öndər Heydər Əliyevin xalqın təkidli çağırışı ilə yenidən hakimiyyətə qayıdışı onun
xilaskarlıq missiyasının davamı demək idi. Bu, həm də onun rəhbərlik etdiyi Yeni Azərbaycan
Partiyasının siyasi hakimiyyətə gəlişi və cəmiyyətin aparıcı qüvvəsinə-iqtidar partiyasına
çevrilməsinə zəmin yaratmış oldu. 1993-cü ilin oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin
prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni
şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi
siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək
fəallıq nümayiş etdirmişdir. Ulu öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan
Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası”
səviyyəsinə yüksəltdi. Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılması
tarixi şəraitin diqtəsi ilə meydana gələn tarixi zərurət kimi qiymətləndirərək söyləmişdir: “Yeni
Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir.
Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin
şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan
ibarətdir ki,bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların
istəkləri ilə,bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır
şəraitdə, böyük təqiblər şəraitində yaratmışdır”. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni
Azərbaycan Partiyasının sıralarına bu gün yüz minlərlə insanın birləşməsini hələ sağlığında canlı
əfsanəyə çevrilmiş Ulu öndərin və bu gün onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham
Əliyevin xalqa göstərdiyi misilsiz xidmətin nəticəsi kimi dəyərləndirilir.

Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Bu gün bu partiya ölkəmizdə həyata keçirilən
hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu,demokratik inkişaf prosesində yaxından iştirak edir,
müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəmir. Hazırda YAP-ın
773770 üzvü var. YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan
Partiyasının yeni Nizamnaməsi təsdiq edilmiş, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət
Təftiş Komissiyası və yeni qurum olan YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi
formalaşmışdır. Ulu öndər vaxtilə demişdir: “Azərbaycan dünyaya Günəş kimi doğacaq”. Həqiqətən
də, bu gün ölkəmiz Prezident İlham Əliyevin və birinci vitse-prezidentimiz Mehriban xanım
Əliyevanın simasında dünyaya bir Günəş kimi parlayır. 2003-cü ilin prezident seçkiləri ərəfəsində
Ümummilli Liderimiz Heydər Əliyevin xalqa müraciəti zamanı ifadə etdiyi “İnanıram ki, mənim
axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən
ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” müdrik kəlamı reallıqda tam
təsdiqini tapdı. Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə apardığımız “Dəmir
yumruq” əməliyyatı nəticəsində 30 il işğal altında qalan torpaqlarımız azadlığa qovuşdu, ərazi
bütövlüyümüz bərpa olundu. 24 saatlıq anti-terro əməlliyatı ilə ölkəmiz üzərindəki “boz ərazi” aradan
qaldırıldı, separatçıların beli qırıldı. Qarşıda isə bizi daha böyük hədəflər, məqsədlər gözləyir. Bu
hədəflərə çatmağın yeganə qarantı isə xalq olaraq Prezidentimizin ətrafında sıx birləşmək və Heydər
Əliyev ideyalarını gələcək nəsillərə ötürməkdir. Heydər Əliyev siyasəti uğurlu və xoşbəxt
gələcəyimizin əsas təminatçısıdır.
Əfsər Əzizov,
Sabirabad RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş
məsləhətçisi


16:27 21.11.2023