KANAL24.AZ
Az Iw En Ru

Ağdamın əvvəlki şöhrəti bu rayona qaytarılacaqdır

Ağdam rayonunun işğaldan azad olunması 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli
Bəyanatın nəticəsidir: Bəyanatın şərtlərinə müvadiq olaraq Azərbaycan Ağdam rayonunu hərbi
əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək  öz yurisdiksiyasına qaytardı və bu olduqca
böyük uğurdur və tarixi bir hadisədir.
Ağdam rayonu 1930-cu ildə yaradılıb. 1993-cü il iyulun 23-də 42 gün davam edən
döyüşlərdən sonra Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük
hissəsini işğal etdi.
İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. Ağdam
uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, 143
minə yaxın əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun
875 yaşayış məntəqəsində məskunlaşmışdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir.
İşğal nəticəsində ermənilər tərəfindən Ağdamda olan bütün tikililər, evlər dağıdılmış və hətta
daşlar belə sökülüb aparılmışdır. İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir.
Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir.
Ağdamı ziyarət edən xarici və yerli jurnalistlər onu “Qafqazın Xirosiması” adlandırıblar.
Bu gün Ağdanda böyük quruculuq işləri həyata keçirilir. Ağdam azad edildikdən sonra Prezident,
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
2020-ci il noyabrın 23-də bura gələrək bərpa işlərinin başlanğıcını elan etdilər. Ölkə başısının 2021-ci
mayın 28-də Ağdama növbəti səfəri zamanı isə Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində
inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında
İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və
Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimlərində iştirak etdi. Səfər günündə həm
də sahəsi 125 hektar olan Ağdam şəhər meşə-parkında ağacların əkilməsinə start verilib.
2022-ci ildə ölkə başçısı Ağdama 2 dəfə fevralın 13-də və noyabrın 4-də səfər edib. Bu səfərlər
zamanı fevralın 13-də Ağdam Sənaye Parkında iki müəssisənin, “Park Forest Otel Ağdam”
mehmanxanasının, yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının
təməlqoyma mərasimləri keçirilib, Prezident İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən Ağdam
Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi, Qarabağ xanlarının türbələri və yaşayış
evi – İmarət kompleksi və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin
qərargahında yaradılan şəraitlə tanış olub.
Noyabrın 4-də isə Prezident İlham Əliyev Xurşidbanu Natəvanın abidəsinin açılış
mərasimində, Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Xıdırlı, Sarıcalı və Kəngərli
kəndilərinin, Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin, Dəmir yolu və Avtovağzal
Kompleksinin, “City Hotel Agdam” mehmanxanasının, daha bir yaşayış məhəlləsinin təməlqoyma
mərasimlərində iştirak edib, Pənahəli xanın sarayı və İmarət Kompleksi ilə, Bərdə-Ağdam avtomobil
yolunda aparılan işlərlə tanış olub.
Bu il noyabrın 15-də isə Ölkəmizin rəhbəri Ağdam rayonuna səfəri zamanı Ağdam-Füzuli
avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanış olub. Prezidentin rayona hər bir səfəri burada
aparılan işlərin daha da sürətlənməsinə səbəb olur. Bu il isə Ağdamlılar ilk dəfə olaraq Ağdamın
işğaldan azad edilən günün – noyabrın 20-nin Ağdam Şəhəri Günü kimi qeyd edilir.
Bəli, Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq və həm
bölgənin, həm də ümumilikdə ölkəmizin iqtisadi inkişafına böyük töhfələr verəcəkdir.
Prezidentimizin rəhbərliyi ilə azad edilən torpaqlarımızın, o cümlədən Ağdamın bərpa edilməsi üçün
Azərbaycan kifayət qədər maliyyə ehtiyatlarına malikdir və tezliklə Ağdam rayonu yenidən
Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təəsrrüfatının gur inkişaf etdiyi
rayonlarından birinə çevriləcəkdir.
Elburus Məmmədbəyov,
“Azərpambıq ASK” MMC-nin Sabirabad rayon filialının direktoru


08:34 21.11.2023