Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Ağdam şəhərinin yenidən bərpası barədə
bildirmişdir ki: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa
edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın”.
Məlum olduğu kimi, tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı 44
günlük Vətən müharibəsini də qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazdı. Bu
müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi
oldu. Bu qalibiyyət Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan,
Prezident İlham Əliyev tərəfindən ən müasir çağırışlar səviyyəsində həyata keçirilən ordu
quruculuğunun mühüm nəticəsi kimi tarixə yazıldı. Azərbaycan ərazilərinin qonşu Ermənistan
tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyuldu.
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin
imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə
məcbur edildi. 44 günlük müharibə bütün dünyadakı ermənilərə, eləcə də uzun illər ərzində ədalətsiz
mövqe tutan, Azərbaycan torpaqlarının işğalına göz yuman, beynəlxalq hüququn norma və
prinsiplərini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini, eləcə də digər beynəlxalq təşkilatların
qəbul etdiyi sənədləri heçə sayan dairələrə bir dərs oldu.Müqavilənin şərtlərinə əsasən noyabrın 20-də
Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz
yurisdiksiyasına qaytardı. Bu, eyni zamanda, onun göstəricisidir ki, Azərbaycan müharibəni həm
döyüş meydanında, həm siyasi müstəvidə qazanıb. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli
Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis
edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olub.
Ağdam Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından biridir. Ağdam
özündə çox qədim mədəni-tarixi irsi daşıyır. Rayonda çox sayda tarixi-mədəniyyat abidələri vardır.
Təəssüf ki, onların əksəriyyəti işğal dövründə məhv edilmişdir. Ağdam şəhərinin mərkəzində yerləşən
qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə dağıdılmışdır. Ərazisi 1094
kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal
olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal
nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün
dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda
gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma
ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində
məskunlaşmışdır. Azərbaycan Respublikasının Ermənistanın işğalından azad edilən ərazilərinin
bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafının təmin olunması, orada ən müasir
infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması
istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Otuz il erməni işğalı altında qalmış Qarabağ və
ətraf rayonlarımız yeni görkəm alır. Erməni vandalizminin izləri yavaş-yavaş silinir. Ağdam və
işğaldan azad olunmuş bütün digər şəhərlər hazırlanmış baş plan əsasında bərpa olunur.
Bu il isə Ağdamlılar ilk dəfə olaraq Ağdamın işğaldan azad edilən günün – noyabrın 20-nin
Ağdam Şəhəri Günü kimi qeyd edilir. Bu əlamətdar gün münasibəti ilə bütün Ağdamlıları təbrik
edirəm.
Ramil İsayev,
Sabirabad rayonu Əhmədabad bələdiyyəsinin sədri