Türkiyəli iş adamı Yıldırım Dəmirörənin Azərbaycandakı biznes tərəfdaşları ilə birlikdə “Azərlotoreya” adı altında qumar bazarına daxil olmasıyla “bir aktyorun teatrı” başa çatdı. İndi isə görünən odur ki, “Misli” və “Topaz” qeyri-sağlam rəqabət mühitinə arxalanıb, mərc həvəskarlarını soymağa çalışırlar…
Azərbaycanda qanuni mərc bazarı uzun müddət “Topaz”ın nəzarətinə verilmişdi. Şirkət rəsmi şəkildə 8 yanvar 2011-ci ildə fəaliyyətə başlamışdı. Bununla da Azərbaycanda 1998-ci ildən azart-qumar oyunlarına qoyulan qadağa da sona çatmış oldu. “Qumar bazarı” bütünlüklə “Topaz”ın nəzarətinə keçdi. Müxtəlif çayxanalarda, kafelərdə fəaliyyət göstərən “qara bazar”a qarşı da mübarizə başlanıldı, onların sayı sürətlə azaldıldı. Hətta yox dərəcəsinə çatdırıldı.
Türkiyəli iş adamı Yıldırım Dəmirörənin Azərbaycandakı biznes tərəfdaşları ilə birlikdə “Azərlotoreya” adı altında qumar bazarına daxil olmasıyla “bir aktyorun teatrı” başa çatdı. 2021-ci ilin yanvar ayında imzalanan müvafiq sərəncamla “Azərlotoreya” bu sahədə söz sahibinə çevrildi. “Misli” “Topaz”ın əsas rəqibinə çevrildi.
Diqqət çəkən o idi ki, “Azərlotoreya” “Misli” vasitəsiylə mərc oyunlarıyla yanaşı müxtəlif növ ani lotoreyaları da bazara buraxdı ki, asan varlanmaq arzusunda olan kasıb insanlar bir andaca “pozub-qazanmaq xəstəliyi”nə tutuldular. Artıq insanlar təkcə idman oyunlarına “kofisent yazmaqla” yox, “poz-qazan” tipli ani qumar oyunlarıyla da əllərin-ciblərində olan qəpik-quruşları uduzmağa başladılar. Özü də böyük sürətlə.
Az öncə qeyd etdiyimiz kimi, “Topaz”ın mərc bazarına ayaq açmasıyla kafe və çayxanalarda fəaliyyət göstərən “qara bazar”a qarşı genişmiqyaslı hücum başladı. Bununla da “Topaz” mərc bazarına tam nəzarəti ələ aldı. Bundan sonra şirkət mərc bazarında öz şərtlərini diqtə etməyə başladı. Mərc həvəskarları, “azartlı oyunların” əsirinə çevrilənlər də alternativi olmadığına görə “Topaz”ın “çaldığı havaya”, yəni təklif etdiyi əmsallara oynamağa məcbur qaldılar. “Misli”nin gəlişi ilə rəqabətin yaranacağını, mərc oynayanlara daha yaxşı əmsallar təklif olunacağını düşünənlər yanıldılar. Bu məqama az sonra yenidən toxunacağıq.
“Misli”nin gəlişi bir qədər fərqli dövrə təsadüf etdiyindən “qara bazarla” mübarizə üsulları da fərqli olmalı idi. Çünki artıq texnologiya inkişaf etmişdi. İnsanlar daha yaxşı əmsallar, daha çox mərc seçimi təklif edən kontorlarla oynamaq üçün kafe və çayxanalara yox, internetə üz tuturdular. Bu da “qara bazar”ın virtual növü idi. “Misli” ilə “Topaz” əl-ələ verib, aşağı əmsallarla azərbaycanlı mərc həvəskarlarının pullarını əllərindən almağa çalışırdılar. Buna görə də əlində telefonu, cibində bank kartı olanlar xarici şirkətlərə üz tuturdular. Çünki onlar bir oyuna cürbəcür seçim imkanları və yüksək əmsallarla mərc oynamağı təklif edirlər.
“Misli” və “Topaz”ın proqramları isə o qədər kasad, əmsalları o qədər aşağıdır ki, oyunçu istər-istəməz daha çox risk etməli, yaxud da daha çox pul yatırmalı olur ki, sonda ziyana düşür.
Maraqlıdır ki, “Topaz” və “Misli” rəqabətdə uduzduqlarını anlayanda əməli fəaliyyətə başladılar. Normalda rəqabəti udmaq üçün daha yaxşı şərtlər təklif edib, müştəriləri özünə doğru çəkməlisən. Onlar isə başqa yola əl atdılar. Bu yol da inzibati üsullarla həmin internet resurslarına girişin bağlanması, yəni xarici mərc şirkətlərinin bloklanması idi.
Nəticəsi də göz önündədir. Azərbaycanda xarici saytlara qanuni yollarla giriş mümkün deyil. Bu saytlara Azərbaycan banklarının kartları ilə pul yatırmaq, ondan sonra ordan uduşu karta köçürmək qadağandır. Belədə mərc həvəskarları məcbur qalıb yenidən üzünü “Topaz”la “Misli”yə tərəf çevirməli olurlar. Onların təklif etdiyi əmsallarla, mərc seçimləri ilə qazanmaq isə mümkünsüzdür.
Sistem çox sadədir.Bir gün qazanırsansa, növbəti gün daha böyük məbləğdə uduzursan. Misal üçün, favorit görünən komandaların qələbəsinə ya mərc qəbul olunmur, ya da elə aşağı əmsal açılır ki, bu əmsaldan ötrü pulu riskə atmağa dəymir. Belədə oyunçu məcbur qalır daha çox riskli yuxarı əmsallara yönəlir ki, sonda da qazanan “Topaz”la “Misli” olur.
Bir sıra nümunələrə baxaq. Şənbə günü keçirilən Niderland – İrlandiya qarşılaşmasını “Misli” mərc proqramına salmamışdı. Bazar günü isə Belçika – Azərbaycan görüşündə isə meydan sahiblərinin qələbəsinə mərc qəbul edilmirdi. Baxmayaraq ki, son vaxtlar yüksəlişdə olan Azərbaycanı məğlub etmək qrupdan çıxmağı təmin edən Belçika üçün o qədər də asan görünmürdü.
Bazar günü keçirilən maraqlı qarşılaşmaların əmsallarının müqayisəsinə baxaq. Macarıstan – Çernoqoriya oyununda ev sahiblərinin qələbə əmsalı “Topaz”da 1,68, “Misli”nin proqramında isə 1,67 əmsalı ilə qiymətləndirilib. Göründüyü kimi, Azərbaycan bazarının iki inhisarçı şirkəti öz aralarında danışıb, bir-birinə yaxın əmsal qoyublar.
Halbuki, xarici kontorlarda bu oyunda ev sahiblərinin qələbəsinə pul qoyuluşu edənlər 1,77 əmsalı ilə qazanmaq imkanına sahibdilər. “Topaz”la “Misli” azərbaycanlıları məcbur edir ki, öz mümkün qazanclarının 10 faizindən imtina etsinlər. Şotlandiya – Norveç görüşündə bu fərq daha da böyükdür. Xarici kontorlar ev sahiblərinin qələbəsi üçün 2,24, qonaqların qələbəsinə isə 3,43 əmsalı ilə mərc qəbul edir. “Misli”də bu rəqəmlər 2,11 və 3,25-ə, “Topaz”da isə 2,12 və 3,22-ə bərabərdir.
Elə bu görüşə xarici mərc şirkətləri düz 1314 növ seçim təklif edirlər. Yəni ki, oyunçu bu 1314 variantdan ürəyinə yatanı, daha çox inandığı variantı seçə və normal əmsalla mərc edə bilər. “Misli”də bu say cəmi 285 kimi görünsə də, həmin variantların əksəriyyəti oynamaq üçün bağlı göstərilib. Ev sahiblərinin azı 1 qol vuracağına mərc qəbul edilməməsi isə ümumiyyətlə, mərc həvəskarının seçim imkanlarının əlindən alınmasıdır. Görünən odur ki, “Misli” və “Topaz” qeyri-sağlam rəqabət mühitinə arxalanıb, mərc həvəskarlarını soymağa çalışırlar.
Belə müqayisələrin sayını artırıb, ortaya başqa nümunələr də qoymaq mümkündür. Amma yekun qənaətə gəlmək üçün elə sadaladıqlarımız da kifayətdir. Növbəti yazılarımızda inhisarçı şirkətlərin saytlarının canlı yayım zamanı “donmasına” və sair məqamlara da toxunacağıq.
Mənbə: Poliqon.info