

Payız tətilində Azərbaycanda müəllimlər istirahətə çıxsa da, Naxçıvandakı müəllimlərə bu imkan verilməyib. Onlardan bu tətil günlərində də məktəblərə gəlmək tələb olunub. Bura həm orta məktəb, həm də musiqi məktəblərinin müəllimləri daxildir. Bu haqda „Gündəlik Naxçıvan“a bir qrup müəllim məlumat verib.
Naxçıvan şəhərindəki orta məktəblərin birinin müəllim M. Babayev deyir ki, bu günlərdə məktəbə gəlməyənlər işdən çıxarlmaqla hədələniblər:
“Şagirdlər dərsə gəlmirsə, müəllimlərin gəlib məktəbdə oturmasının nə anlamı var? Bizim də görəcəyimiz işlər, problemlərimiz var. Düşünürdük ki, tətili heç olmasa ailəmizlə birlikdə keçirərdik. Xəstə qohumlarımızı, yaşlılarımızı gedib ziyarət edərdik. Amma, tətildən öncə, işə gəlməyəcəkləri işdən çıxarmaqla təhdidi etdilər. Məcbur qalıb hər gün işə getməli olduq.”
Musiqi müəllimi olan S. Nəsibova da tətil günləri direktorların onları işə gəlməyə məcbur etdiklərindən şikayətlənir:
“Mən musiqi məktəbində müəllim işləyirəm. Tətili gəldi deyə sevindik ki, evdə qalıb istirahət edəcəyik. Lakin, icazə vermədilər. Dedilər ki, saat 14-ə kimi məktəbdə oturmaq şərtdir. Yalnız, vacib işi olanlara bu saatdan sonra icazə verilə bilər. Üstəlik, gərək vacib işin olduğunu sübut da edə biləsən ki, icazə versinlər. Dedilər ki, bu nazirlikdən gəlib yoxlayacaqlar, işdə olmayanlar işdən qovulacaq. Biz də hər gün məktəbə gedib, bütün günü oturub bir-birimizin üzünə baxdıq. Dünyanın heç bir yerində belə bir şey yoxdur. Bizim qanunlarımız da tətil günü müəllimlərə istirahət tanıyır. Təəssüflər olsun ki, nazirlik səviyyəsində bütün müəllimlərin hüquqları pozulur”.
Mənbə: „Gündəlik Naxçıvan“