KANAL24.AZ
Az Iw En Ru

QALMAQALLI UŞAQ EVİNİN RƏHBƏRİNİ ELDAR ƏZİZOV TƏYİN EDİBMİŞ – DETALLAR

Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə M.Hacıyevin 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilməsi müzakirələrə səbəb olub. Baş verənlərə ictimaiyyətin kəskin etirazı məsələni daha da böyüdüb. Etirazını normal və olduqca səlis formada dilə gətirən yeniyetmənin əqli durumunun normal olduğu hiss olunsa da, onun böyüdüyü uşaq evinin rəhbəri Məhbubə Hüseynova israrla uşağın psixoloji problemlərinin olduğunu bildirir, onun xəstəxanaya yerləşdirilməsini daha doğru hesab etdiyini deyirdi.
Və elə onun dediyi kimi də oldu. Heç bir əqli qüsuru olmayan, olduqca normal, sadəcə yeniyetmə ərköyünlüyü olan M.Hacıyev 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirildi. Hətta yeniyetmənin qardaşı da mətbuata verdiyi açıqlamalarda qardaşının xəstəxanada müalicə almalı olduğunu, psixoloji problemlərinin olduğunu bildirərək uşaq evi rəhbərliyinin dediklərini təsdiqlədi.Tribunainfo.az xəbər verir ki, yeniyetmənin Psixiatriya Xəstəxanasına yerləşdirilməsi isə onun xeyrinə olur. Belə ki, M.Hacıyevin psixi geriliyinin olduğunu bar-bar bağıran uşaq evinin rəhbəri Məhbubə Hüseynovanın dedikləri təsdiqini tapmır. Sitat.info-ya açıqlama verən 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov yeniyetmənin vəziyyətinin ruhi xəstəxanada saxlanılacaq qədər ciddi olmadığını, yüngül pozuntuların olduğunu və geri göndərməyə çalışıqlarını deyib.

Sitat: “O yeniyetmə ruhi xəstə deyil. Uşaq evindən göndəriblər, biz də geri göndəririk uşaq evinə. Uşaq evinin müdiriyyəti onu qəbul eləmir. Qoy indi çıxış eləsin, desin ki, mən yanlış demişəm uşaq evi barəsində. O zaman uşağı qəbul edəcəklər. Uşaq evi kiminsə atasının evidir məgər, istəsən qəbul edəsən, istəməsən yox. O uşaqda olan psixoloji pozuntular Bakının yarısında var. Onda əhalinin yarısı bizim xəstəxanada yatmalıdır?”
Məlum açıqlamadan sonra isə 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov vəzifəsindən azad edilib. A.Rəsulovun Əmək Məcəlləsinə əsasən yaş həddi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad olunduğu deyilsə də, bu belə deyil.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, ətrafında qalmaqal yaranmış yeniyetmənin böyüdüyü Xətai rayonunda yerləşən 3 saylı uşaq evinin rəhbəri Məhbubə Hüseynova yaxın çevrəsinə qeyri – rəsmi söhbətində deyib ki, onun təyinatında Bakı meri Eldar Əzizovun rolu olub. İddialara görə, uşaq evinin rəhbəri bu vəzifəyə E.Əzizovun xeyir-duası ilə təyin olunub. Yazıda adı keçən tərəflərin mövqeyini də işıqlandırmağa hazırıq.


19:10 05.04.2023