KANAL24.AZ
Az Iw En Ru

Allahşükür Paşazadə: Azərbaycan mədəniyyətlərarası və dinlərarası harmoniyanın unikal nümunəsidir

Nümunəvi tolerantlıq və multikulturalizmin hökm sürdüyü, dinc birgəyaşayış və dialoq mədəniyyətinin, mənəvi harmoniyanın mövcud olduğu Azərbaycan müxtəlif sivilizasiyalar arasında tarixən oynadığı mənəvi körpü rolunu dövlət başçımızın qlobal təşəbbüs və səyləri, siyasi iradəsi sayəsində layiqli şəkildə həyata keçirir.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə “Prezident İlham Əliyevin siyasəti: Mədəniyyətlərarası və dinlərarası harmoniya” adlı konfransda deyib.

A.Paşazadə bildirib ki, müxtəlif din və konfessiyaları bir masa ətrafında cəm etmək qüdrətinə malik multikultural Azərbaycan dövləti ötən ay beynəlxalq müstəvidə dini, siyasi və elmi ictimaiyyətin qlobal problemlərin birgə müzakirəsini təmin etməklə analoqu olmayan nümunəvi ilkə imza atmış oldu:

“Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüs və çağırışı ilə ərsəyə gəlmiş Dünya dini liderlərinin II Bakı Sammiti Azərbaycanın dünya miqyasında mədəni-mənəvi dəyərlər mərkəzi statusunu bir daha təsdiq etdi. Dünyanın 500-ə yaxın tanınmış din, dövlət və ictimai xadimlərinin iştirakı ilə baş tutmuş, bəşəriyyəti narahat edən problemlərin mənəvi dəyərləndirməsi üçün özəl əhəmiyyət kəsb edən qlobal miqyaslı bu Zirvə görüşü Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq platformasında öncül rolunun göstəricisi olaraq, dinlərarası əməkdaşlıq tarixinin səhifələrinə həkk olundu.

Danılmaz həqiqətdir ki, hər bir dövlət başçısı dünya miqyasında bu qüdrəti nümayiş etdirmir və belə ardıcıl təşəbbüskarlıqla mədəniyyətlər və dinlər arası dialoq və əməkdaşlıq məsələlərini himayə və diqqətdə saxlamır. Bu, yalnız güclü dövlətçilik təfəkkürü, qlobal düşüncə və ümumbəşəri dəyərlərə ehtiramlı münasibətin vəhdəti sayəsində mümkün olan dəyərli fəaliyyətdir. Dünya miqyasında mədəniyyətlərarası əməkdaşlığa dair 11 illik Bakı prosesinin müəllifi olan Azərbaycan Prezidenti İlham Əliyev bu iqtidar və iradəni nümayiş etdirir”.

O bildirib ki, bu gün Azərbaycan öz üzərinə tarixi missiya götürərək müxtəlif beynəlxalq forumlara, dünya dini liderlərinin sammitlərinə evsahibliyi, qlobal hərəkata çevrilmiş Bakı Prosesinə rəhbərlik edir: “Prezidentimiz İlham Əliyev cənablarının dövlət-din siyasəti, Azərbaycanın Birinci vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyevanın dünya miqyasında siyasi-mədəni sahədə dəyərli fəaliyyəti sayəsində bu gün Azərbaycan dinlərarası, konfessiyalararası, həmçinin, məzhəblərarası həmrəyliyinin nadir nümunəsinə malik bir məkan, milli birlik, mənəvi vəhdət, dini-mədəni müxtəlifliyin, mədəniyyətlərarası və dinlərarası harmoniyanın unikal nümunəsidir”.


19:17 18.12.2019