BMM – də “Azərbaycan qadını” layihəsi çərçivəsində “Biz şərqdənik” adlı qısametrajlı filmin təqdimat mərasimi və ictimai müzakirəsi keçirilib. ANS PRESS-in məlumatına görə, filmin ideya müəllifi Mahirə Əsədova, ssenari müəllifi İlhamə Novruzova, rejissoru Ramil Ağasiyevdir. Baş rolda Yuğ teatrının aktrisası Yaqut Paşazadə, mələk obrazında 7 saylı məktəbin şagirdi 11 yaşlı Ayla Qasımzadə çəkilib.
Film xüsusi olaraq, xarici kinofestivallarda Azərbaycanı təmsil etmək üçün hazırlanıb. Sirr deyil ki, dünyada çox zaman Azərbaycan qadını deyəndə İslam dünyasının hüquqsuz elementi kimi az qala başı çadralı, bütün günü evdə oturan, yalnız ərinin əmrlərini yerinə yetirən obraz başa düşülür. Filmin yaradıcı heyəti bu mənfi stereotipi sındırmaq, “Biz şərqdənik, amma fərqli deyilik!” – deyə sosial mesaj ünvanlamağı qarşısına məqsəd qoyub.
Filmin görkəmli alim – şərqşünas Aida İmanquliyevanın əziz xatirəsinə həsr olunduğunu deyən layihənin rəhbəri Mahirə Əsədova Aida xanımın timsalında Şərq ruhunun sanki Qərbin fikir dünyasına səyahət etməsini, alimin Şərq-Qərb problematikasına gətirdiyi böyük yeniliklərdən ruhlanaraq, bu mövzuya müraciət etdiyini vurgulayıb.
Filmin rejissoru Ramil Ağasıyev filmdə yalnız 3 peşə sahibinin: jurnalistin, həkimin və xalça ustasının həyatına ekskurs edildiyini belə şərh edib: “Bu 3 qadının taleyi bir çox Azərbaycan qadınına şamil oluna bilər. Əminəm ki, bu filmi izləyən hər qadın filmdə özünü tapacaq”
"Biz Şərqdənik" filmi 11 yaşlı qızcığazın mistik fikirləri üzərində qurulub. Şərq qadınının 3 fərqli obrazını özündə cəmləşdirən balaca Ayla taleyini ya jurnalist ya həkim, ya da əlil xalçaçı qadının timsalında axtarır. Fiziki cəhətdən qüsurlu bir Azərbaycan qadınının düşüncələri ilə başlayan filmdə Ayla bir növ gələcəyinə səyahət edərək, taleyinin necə formalaşacağına özü qərar vermək istəyir. İki fikir filmin sanki proloq və epiloqunu təşkil edir: “Tale ona doğru gələni özü ilə aparır, müqavimət göstərəni isə arxasınca sürüyür” və “Taleyinizi özünüz seçin, əks halda bunu əvəzinizə edəcəklər”.