KANAL24.AZ
Az Iw En Ru

Aida İmanquliyevanın xatirəsinə həsr olunan film xarici kinofestivallarda Azərbaycanı təmsil edəcək - Foto

Görkəmli alim Aida İmanquliyevanın xatirəsinə həsr olunan “Biz Şərqdənik” adlı qısametrajlı filmin təqdimat mərasimi keçirilib.

Gün.Az xəbər verir ki, mərasimdə millət vəkilləri Gülər Əhmədova, Fazil Mustafayev, teleaparıcı Nərgiz Cəlilova, qeyri-hökumət təşkilatlarının nümayəndələri və jurnalistlər iştirak ediblər.
“Azərbaycan qadını” layihəsi çərçivəsində “Biz şərqdənik” adlı qısametrajlı filmin filmin ideya müəllifi Mahirə Əsədova, ssenari müəllifi İlhamə Novruzova, rejissoru Ramil Ağasiyevdir. Baş rolda Yuğ teatrının aktrisası Yaqut Paşazadə, mələk obrazında 7 saylı məktəbin şagirdi 11 yaşlı Ayla Qasımzadə çəkilib.
Ffilmin ssenari müəllifi İlhamə Novruzova bildirib ki, xarici kinofestivallarda Azərbaycanı təmsil etmək üçün hazırlanıb.
“Sirr deyil ki, dünyada çox zaman Azərbaycan qadını deyəndə islam dünyasının hüquqsuz elementi kimi az qala başı çadralı, bütün günü evdə oturan, yalnız ərinin əmrlərini yerinə yetirən obraz başa düşülür. Filmin yaradıcı heyəti bu mənfi stereotipi sındırmaq, “Biz şərqdənik, amma fərqli deyilik!” – deyə, İ.Novruzova bildirib.
Filmin görkəmli alim – şərqşünas  Aida İmanquliyevanın əziz xatirəsinə həsr olunduğunu deyən layihənin rəhbəriMahirə Əsədova Aida xanımın timsalında Şərq ruhunun sanki Qərbin fikir dünyasına səyahət etməsini, alimin Şərq-Qərb problematikasına gətirdiyi böyük yeniliklərdən ruhlanaraq, bu mövzuya müraciət etdiyini vurğulayıb.
Filmin rejissoru Ramil Ağasıyev filmdə yalnız 3 peşə sahibinin: jurnalistin, həkimin və xalça ustasının həyatına ekskurs edildiyini belə şərh edib.
“Bu 3 qadının taleyi bir çox Azərbaycan qadınına şamil oluna bilər. Əminəm ki, bu filmi izləyən hər qadın filmdə özünü tapacaq. Cəmiyyətdə qadınlara qarşı münasibət dəyişməlidir. Bu günə kimi siqaret çəkən, maşın sürən qadınlara pis baxılır. İnsanlarda bu köhnə fikirlər hələ də qalmaqdadır. Biz bu filmlə demək istəyirik ki, Azərbaycan qadını azaddır, Azərbaycan qadını cəmiyyətdə öz sözünü deyə bilir. Kişilər bir şeyi dərk etməlidir ki, qadın əşya deyil, qadını döymək, söymək olmaz. Ona görə də kişilər bu filmə baxıb ibrət götürməlidir” – deyə, rejissor bildirib.
Təqdimatda çıxış edən millət vəkili Sevinc Hüseynova  qeyd edib ki, filmdə tipik Şərq qadını obrazı yaradılıb. Onun sözlərinə görə, Şərq xanımının müdrikliyi, həyatının hansı nöqtədən  başlayaraq, hansı məqamda bitdiyini düşünməsi çox səviyyəlidir.
Millət vəkili Gülər Əhmədova çıxışında qeyd edib ki, Azərbaycan mühitində qadına qarşı zorakılıq var, televiziya məkanlarında, reklam çarxlarında qadından bəzən əşya kimi istifadə edirlər.
“Soruşurlar ki, niyə qadınlar bəzənir, kişilərsə yox? Cavabında deyirlər ki, qadınlar 100 il qabaq da alqı-satqı obyekti idi. Ona görə qadınlarımız dünənlə yaşamamalı, gələcəyə baxmalıdır” – deyə, G.Əhmədova vurğulayıb.
Millət vəkili Fazil Mustafa da öz növbəsində Azərbaycan qadınının ailəsinə sədaqəti və cəmiyyətdə fəallığı ilə bir çox stereotipləri dağıtdığını bildirib.
“Bu filmin orijinal ssenari xətti var. Lakin bu gün həm də türk və hind seriallarından asılı olan qadınlarımızdan bəhs edən filmlər çəkilməlidir. Bu Azərbaycan qadınının ictimai-siyasi həyatda öz yerini tapmamasından irəli gəlir. Arzuladığı insanların həyatını seriallarda görürlər”.
Qeyd edək ki, “Biz Şərqdənik” filmi 11 yaşlı qızcığazın mistik fikirləri üzərində qurulub. Şərq qadınının 3 fərqli obrazını özündə cəmləşdirən balaca Ayla taleyini ya jurnalist ya həkim, ya da  əlil xalçaçı qadının timsalında axtarır. Fiziki cəhətdən qüsurlu bir Azərbaycan qadınının düşüncələri ilə başlayan filmdə Ayla bir növ gələcəyinə səyahət edərək, taleyinin necə formalaşacağına özü qərar vermək istəyir. İki fikir filmin sanki proloq və epiloqunu təşkil edir: “Tale ona doğru gələni özü ilə aparır, müqavimət göstərəni isə arxasınca sürüdür” və “Taleyinizi özünüz seçin, əks halda bunu əvəzinizə edəcəklər”.
                                                                                                                   

                                                                                                                 Fərid Ədalət


20:54 12.01.2012