KANAL24.AZ
Az Iw En Ru

Rövşən Rzayev: Ermənilərin əsir götürdüyü azərbaycanlıların 29-u uşaqdır

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 2017-ci il sentyabrın 1-nə olan statistikasına görə, itkin düşmüş 3868 azərbaycanlıdan 3126-sı hərbçi, 742-si isə mülki şəxs olub. Mülki şəxslər arasında 62 uşaq, 262 qadın və 302 yaşlı insan olub. Bundan əlavə, əldə edilən məlumata əsasən itkin düşmüş 3868 nəfərdən 872-si erməni hərbçiləri tərəfindən əsir və girov götürülüb. Onlardan 591-i hərbçi, 281-i isə mülki şəxsdir. Bu mülki şəxslərin arasında 29 uşaq, 98 qadın və 111 yaşlı insan var.

Bu faktlar “Silahlı münaqişələrdə uşaqların müdafiəsi” adlı məruzə ilə bağlı müzakirələrdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayevin çıxışında səslənib.

R.Rzayev qeyd edib ki, uşaqlar gələcəyimizdir və bu gün onlara göstərdiyimiz qayğı gələcək, stabil inkişaf edən dünyamıza investisiyadır. Məruzədə İraq, Suriya, Yəmən, Myanma kimi ölkələrdə uşaqların kütləvi olaraq silahlı münaqişələrə cəlb edilməsinə toxunulduğunu vurğulayan deputat belə ölkələrdə uşaqların zorakılıqdan, ölümdən praktiki müdafiəsinin olmamasını diqqətə çatdırıb. Bildirib ki, hər bir silahlı münaqişədə uşaqlar zorakılıq və ölümə məruz qalan ən zəif təbəqədir. Aldıqları travmalar ömürləri boyu onları təqib edir və onlarda zorakı davranışlar adəti yaradır.

Avropada dondurulmuş, həllini gözləyən və postmünaqişə zonalarında da uşaqların vəziyyətindən danışan deputat deyib: “Gələcək nəsillərimizi qorumaq, onlara problemlər qoymamaq üçün məruzədə təklif olunduğu kimi, silahlı münaqişələrin sülh yolu ilə həlli üçün Avropa ölkələrinin öhdəlikləri ilə bağlı söylənilən fikirləri dəstəkləyirəm. Suriyada qətlə yetirilmiş 5 yaşlı Omran Dakşenanın taleyi bir daha göstərir ki, münaqişələrin, müharibələrin qurbanları məsum uşaqlardır, onlar belə şəraitdə yaşayaraq hərbi həyata adət edirlər. Əminəm ki, biz təqdim olunan məruzəni yekdilliklə dəstəkləyəcəyik”. 


01:00 01.01.1970