KANAL24.AZ
Az Iw En Ru

İki qardaşlaşmış məktəbin şagirdlərinin birgə konserti

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarənin F.Əmirov adına 6 nömrəli onbirillik İncəsənət Məktəbində Özbəkistan Respublikası V. Uspenski adına İxtisaslaşmış məktəb-liseyin şagirdlərindən ibarət “Miras” musiqi qrupu ilə görüş keçirilib.

İdarədən  çıxış edən məktəb-liseyin direktoru, dosent, fəlsəfə elmləri doktoru Dildora Camalova və F.Əmirov adına İncəsənət Məktəbinin direktoru professor, Əməkdar Müəllim Adilə Yusifova görüşü yüksək qiymətləndiriblər.

Bildirilib ki, bu cür tədbirlər məktəblərarası qarşılıqlı əlaqələrin qurulmasına, müştərək layihələrin - ustad dərslərin, konsertlərin, konfransların keçirilməsinə xidmət edir.

Görüşdə “Miras” qrupu özbək xalq musiqi nümunələri ilə yanaşı, Azərbaycan xalq mahnıları, Üzeyir Hacıbəylinin əsərlərindən ibarət hazırladıqları proqramla hər kəsin könlünü oxşayıb.

Konsertdə özbək qonaqlar azərbaycanlı şagirdlərə bir o qədər də tanış olmayan sato, tənbur, dütar kimi musiqi alətlərinin tembri, ifa tərzi ilə də tanış ediblər. Eyni zamanda, məktəbin xoreoqrafiya şöbənin şagirdi Lalə İsgəndərovanın ifasında özbək rəqsi də qonaqların alqışları ilə müşayiət olunub.

Daha sonra səhnədə həm özbək, həm də azərbaycanlı şagirdlər birlikdə “Sarı gəlin” Azərbaycan xalq mahnısını ifa ediblər.

Tədbirin sonunda məktəblərarası yaradıcılıq görüşlərinin mütəmadi keçirilməsi planlaşdırılıb, qarşılıqlı hədiyyələr təqdim olunub.


01:00 01.01.1970