KANAL24.AZ
Az Iw En Ru

“Voronej-Şəhər-Bağ” sərgi-yarmarkasında Azərbaycan da təmsil olunub

MDB-nin mədəni paytaxtı proqramına daxil edilən Rusiyanın Voronej şəhərində “Voronej-Şəhər-Bağ” adlı sərgi yarmarkası keçirilib. Yarmarkada Azərbaycan guşəsi qonaqların böyük marağına səbəb olub.

Artıq 5-ci dəfədir keçirilən yarmarka bu il də MDB-yə üzv ölkələri bir araya gətirib. 2015-ci ildə Voronej şəhərinin MDB-nin mədəni paytaxtı statusunu qazanması belə tədbirlərin burada keçirilməsinin əsas səbəblərindəndir.

Landşaft dizaynı sahəsində Rusiyanın və xarici ölkələrin nümayəndələri bu dəfə Voronejin əsas meydanı olan Sovetskayanı müxtəlif güllərlə bəzəyiblər. Meydanın girişində təşkil edilən Azərbaycan guşəsində Qız qalasını əks etdirən maket və butalar yerli və xarici qonaqların diqqət mərkəzində olub. Bundan başqa, qonaqlar broşür və bukletlər vasitəsilə Azərbaycanın mədəniyyəti, mətbəxi və turizm potensialı ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Sərgidə iştirak edən Voronej şəhərinin qubernatoru Aleksey Qordeyev Azərbaycan guşəsi ilə tanış olub, diasporumuzun nümayəndələri ilə görüşüb. Ölkəmizin inkişafından söz açan qubernator Azərbaycan-Rusiya münasibətlərinin yüksək templə inkişaf etməsindən danışıb. Bildirib ki bu inkişaf regionlarda da hiss olunur. O, Bakıda keçirilən birinci Avropa Oyunlarının Voronejdə də diqqətlə izlənildiyini vurğulayıb və Azərbaycanın möhtəşəm ev sahibliyini xatırladıb. Bildirib ki, Azərbaycan hər zaman balanslaşdırılmış siyasət həyata keçirir. Bu da Prezident İlham Əliyevin güclü lider olduğunu göstərir. “Mənim şəxsən Prezident İlham Əliyevə çox böyük hörmətim var. Onu da qeyd etmək istərdim ki, ölkəniz ilk Avropa Oyunlarına çox yüksək səviyyədə ev sahibliyi edib. Deyərdim ki, bu oyunlar Olimpiya Oyunları səviyyəsində təşkil olunmuşdu”, - deyə Aleksey Qordeyev əlavə edib.

Landşaft arxitekturası və tikinti sahəsində müasir nailiyyətlərin nümayişi məqsədi ilə keçirilən sərgi-yarmarka bağ-park sənəti, yeni obyektlərin yaradılmasında yaradıcılıq proseslərinin stimullaşdırılması və yaradıcılıq ideyalarının təcəssüm etməsi üçün yaxşı meydança rolunu oyanıb. Voronej hökumətinin dəstəyi ilə keçirilən sərgidə Azərbaycan guşəsi ilə yanaşı, milli mətbəximizin dadlı təamları da qonaqlara təqdim olunub.

Voronej vilayəti idarəsinin rəhbəri Viktor Boqomolov deyib: “Bizim Azərbaycanla çox gözəl münasibətlərimiz var. Bu münasibətlərin daha da inkişafı üçün bütün imkanlar mövcuddur. Azərbaycan gündən-günə gözəlləşir. Qarşılıqlı əlaqələrin davam etdirilməsi çox vacibdir. Çünki bu, perspektivlərin göstəricisidir.

Sərgi-yarmarkada təmsil olunan ölkələr özlərinin musiqi mədəniyyətini də nümayiş etdiriblər. Azərbaycanlı balacalar milli rəqslərimizi yüksək məharətlə təqdim ediblər. Bundan başqa, iştirakçı ölkələrin guşələri də şəhər rəhbərliyi tərəfindən təltif olunub. Azərbaycan guşəsi özünün rəngli çalarları ilə 3-cü mükafata layiq görülüb.

Ümumrusiya Azərbaycan Konqresinin Voronej vilayəti nümayəndəliyi və Birlik Cəmiyyətinin rəhbəri Mehdi Mehdiyev ölkəmizin hər zaman vilayət tədbirlərində yaxından iştirak etdiyini və bu tədbirlərdə milli dəyərlərimizin hər zaman qorunduğunu bildirib.

İki gün davam edən sərgi-yarmarka vilayətin mədəni tarixi hadisəsinə çevrilib. Sərginin ziyarətçiləri üçün usta-siniflər təşkil olunub, nümayişlər, müsabiqələr keçirilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Voronej


01:00 01.01.1970