KANAL24.AZ
Az Iw En Ru

Günün neçə saatı insana məxsusdur?

Zaman daima insan həyatında önəmli rol oynamışdır. Lakin dünya inkişaf etdikcə, irəlilədikcə zaman insanın həyatında daha da çox, hətta ən ciddi amillərdən birinə çevrilir. Zatən, insan ömrü elə məhz zamana bağlı bir şeydir. Və getdikcə ömrün necə sərf olunması məsələsi daha çox əhəmiyyət kəsb etməyə başlayır. Belə ki, insanın bir çox məşğuliyyəti artdıqca zamanın gerçək mənada nə olduğunu və onunla necə münasibət qurmalı olduqu barədə daha çox təfəkkür etmək təbii bir zərurətə çevrilmişdir.

Zaman - məxluqata aid bir fenomendir

Zaman - yaradılışın ən mühüm fenomenlərindən biridir. Yaşadığımız ömür hansısa hissələrdən ibarətdir. Ömür illərdən, illər aylardan, aylar günlərdən ibarətdir. Rəbbimiz Qurani-Kərimin "Ənbiya" surəsinin 33-cü ayəsində buyurur: "Allah Təala gecə və gündüzü yaratdı".

Mübarək ayədən bəlli olur ki, gecə və gündüz, ümumilikdə zaman - yaradılmışlara, məxluqata aid bir fenomendir. Rəbbimiz elə-belə heç bir fenomeni yaratmayıb. Nə ayrılıqda gecə, nə də gündüz, nə bunların əvəzlənməsi, nə də bunların əvəzlənməsindən irəli gələn aylar, illər əbəs yerə xəlq olunmayıb. Təbii ki, illərin əvəzlənməsindən ibarət ömür, İlahi hikmətdən qaynaqlanaraq əta edilmişdir insana.

Çox mühüm və diqqət olunmalı məsələlərdən biri və zamanın sadəcə xəlq olunmaq üçün yaradılan bir hal olmamasını işarələndirən dəlillərdən biri budur ki, Rəbbimiz Qurani-Kərimdə "ay" sözündən 12 dəfə istifadə edib. Yəni, ilin aylarının sayı qədər müqəddəs Kitabımızda bunların xatırladılmasına rast gəlirik. Qurani-Kərimdə "gün" sözü isə ildəki günlərin sayı qədər - 365 dəfə işlənib.Tək halda bu söz belə sayda işlənib. Cəm halda isə "günlər" sözü - orta ayda olan günlərin sayı qədər - 30 dəfə işlənib. Düşünən insan üçün nə qədər burada ibrət var...

Bu, ümumi işarələndirici mahiyyət daşımaqla yanaşı, həm də müəyyən bir nizama, sistemə aid bir məsələdir. Bu harmoniyanın, dəqiq bir nəzmin, dəqiq intizamın olması o qədərdir ki, əziz Rəbbimiz Öz Kitabında hətta ayların, günlərin sayını da müəyyən kəmiyyətə uyğun işarələyir ki, insanlar zamanın xüsusi əhəmiyyətliliyindən agah olsunlar.

Əlamətdar məqamdır. Müxtəlif vəziyyətlərdə, situasiyalarda, 23 il ərzində deyilmiş ayələrin toplamından elə saylar ortalığa çıxır ki, zaman kəsimlərinin nəzm qaydasına uyğun olur. Sözsüz ki, təqvimə əhəmiyyət vermək üçündür bu. Zamana əhəmiyyət vermək üçündür bu. Və bu zamanda necə yaşamağa əhəmiyyət vermək üçündür bu.

"İlahi təqvim"

Zaman - insanın qərarı üzrə olan, insanların razılaşmasından doğan bir məfhum deyildir. İldə ayların, ayda günlərin sayı müəyyən astronomik və təbii amillərlə bağlı bir məsələdir. Və insanların düzənlədiyi deyil, İlahi mahiyyətlə yüklü bir mövzu olaraq, zaman xüsusi əhəmiyyət daşıyır. Və bəndə gərək bunun fərqinə varsın, varlıq aləminin yaradılışında qoyulmuş nəzmi dərk etsin. İnsan ona verilən ömrün, həyatın bu qaydada - 30 günün bir ay, 365 günün 1 il, 12 ayın 1 il olmasını, Xaliqin hikmətinə uyğun bir zamani qaydanın təzahürü olmasını diqqətdə saxlasın. "İlahi təqvim"in mövcudluğuna diqqət etsin.

Yaradılış aləmində nəzmin, ahəngliyin olması şüurlu varlıq olaraq insanın üzərinə müəyyən seçim məsuliyyəti qoyur. İnsan bu nəzmə, bu ahəngliyə qoşula da bilər, bundan kənarda qala da bilər. Amma insan bu harmoniya, nəzm ilə həmahəng yaşamaq istəsə, "İlahi təqvim"in günlərinə qiymət verməlidir. Hər yeni günü müəyyən ovqatla qarşılamalı, hər günü mənalı və gözəl yaşamalı və hər günü sanki axırıncı gün kimi yola salmalıdır.

İnsan qiymət versə də, verməsə də, "İlahi təqvim"lə həmahəng yaşamaq istəsə də, istəməsə də bu təqvim öz axını ilə gedəcək. İnsan gecələrin gündüzlərlə əvəzlənməsinə fikir versə də, verməsə də bu İlahi harmoniya, nəzm, dəqiqlik mövcuddur. Həzrət Əli (ə) buyurur: "Nə tez ötür günün saatları, nə tez keçir ayın günləri, nə qədər tez sovuşur ilin ayları və nə qədər tez ötür ömrün illəri".

Ömrümü bəndəliyim qədər uzat!

Əgər insan istəsə bu harmoniyaya qovuşsun - sadəcə dilə gətirməklə, qəlbdən keçirməklə başa gəlməz. Onun yaşadığı gün, ay, il gərək gerçəkdə "İlahi təqvim"lə həmahəng olsun. Varlıq aləmində, yaradılış aləmində obyektiv olaraq mövcud olan bu həmahəngliyə qovuşmaq - öz daxilində bununla sinxronlaşdırma aparmaq deməkdir. Öz daxilini bu qlobal ahəngə uyğunlaşdırmaq deməkdir. Günün, ayın, ilin tələbi nədirsə, bu gündə, bu ayda Yaradan insandan nə istəyir, nə gözləyirsə - onu həyata keçirmək deməkdir həmahənglik.

İnancımız təqvimə, yaşanan və yaşanılacaq günə ciddi yanaşmağı tövsiyə edir. Təqvimin saatlarında, günlərində, həftə və aylarında necə yaşamağın fərqinə varmağı tövsiyə edir dinimiz. İslam inancına görə, öz-özlüyündə yaşamaq, mövcud olmaq - əsas məsələ deyil. Mövcud olmağın keyfiyyəti - budur dinimizin "İlahi təqvim" baxımından tətbiq etdiyi yanaşma. İslam dini yaxşı mövcud olmanı tələb edir. İnsanın düzgün yaşamasını, ləyaqətli yaşamasını istəyir. Sadəcə ömrə malik olmaq - mühüm mövzu deyil. Yaxşı ömrə maliklik - ümdə vəzifədir. İmam Səccadın (ə) dualarından birində deyilir: "Allahım! Ömrümü o zamana qədər uzun et ki, Sənə bəndəlik və itaətdə sərf olunur. Və elə ki, (ömrüm) iblisin istifadə yerinə çevrildi, qəzəbinin mənə daxil olmaqdan öncə, məni Öz yanına apar".

Mübarək dinimiz zamanın mövcud olmasını və insanın bu zamanda mövcud olmasını birbaşa onun bəndəlik və itaətdə bulunması ilə əlaqələndirir. Əgər insanın ömrü bəndəlik üçündürsə, İlahi xidmətə yönəlikdirsə - yaşamağının mənası, əhəmiyyəti var. Belə adamın ömrünün uzanması arzuolunandır - bəndəliyin davam etməsi, mənalı və nəcib yaşamın davamlı olması üçün.

Amma əgər həmin o ömrün təşkil olunduğu illər, illərin təşkil olunduğu aylar, ayların təşkil olunduğu günlər mənasız keçirsə, bəndəliyə deyil, gözəl yaşama deyil, iblis lənətliyin təklif etdiyi reqress sxemə xidmət edirsə - belə ömrün nə mənası?! Bu ömrün dəyəri yoxdur, əslində isə ümumiyyətlə mahiyyətdən məhrumdur. Çünki, ömrün mahiyyəti insanı kamala çatdırmaq və yaradılışın yüksək missiyasını yerinə yetirməkdən ibarətdir.

Nə vaxt yaşam ömür adlanmır

Mübarək duada yüksək və gözəl bəlağətlə bu məqama, ömrün bəndəliklə əlaqəsinə işarə olunur. Yəni, bəndə: "ey Rəbbim! Nə zaman ki, ömrüm öz mahiyyətindən məhrum olacaq, nə zaman ki, mənim ruzigarım lənətlik iblisin proqramının həyata keçməsinin bir aləti olacaq - al məndən bu ömrü. Qoyma mənim ömrüm iblisvari xislətlərin inkişaf poliqonuna çevrilsin", - deyə diləyir.

"Al məndən bir ömrü ki, mənə artıq məxsus olmayacaq. Mən şər qüvvələrin kor-koranə alətinə çevriləcəyəm. Tüğyan edən nəfsimin ardınca gedərək, virtual və xəyali nəsnələr xatirinə əbədi ruhumu məhv edəcəyəm. Qoyma o gün yetişsin!" - deyə fəryad edir bəndə.

"İstəmirəm o cür istifadəni ki, məni məhvə aparır, məni özümə xəyanət etməyə sövq edir, məni şirin görünən zəhərlərin yanına sürükləyir. Qoyma məni bu formada yaşayım!" - deyə bəndə öz Rəbbindən xilas istəyir.

Çox ciddi bir çağırış var burada. Əslində kimsə insanın yerinə gəlib onu harasa sürükləmir ki! Və əslində insan ömrü günah məqamında avtomatik dayanmır ki! Mübarək duada xüsusi vurğu var ona ki, harada bəndəlik missiyası bitir - ömür o yerdə dayanır. Nə vaxt insanın yaşamı cəhənnəm odunu kateqoriyasına aid edilməyə başlayırsa, onun sürdüyü şey artıq ömür adlanmır. Bu zaman insan öz yaradılış fəlsəfəsinin ziddinə hərəkət etməyə doğru səmt götürür.

Hər anın hesabı var

Bu mövzu tək ümumilikdə ömrün vektoruna və istiqamətinə şamil edilmir. İnsanın hər anının hesabı gedir. O an ki, insan bəndə kimi yaşadı, insan olaraq yaşadı - buna ömür sürdü demək olar. O an ki, insan şərin proqramlarına uyğun addım atdı - demək, yaşamaq, ömür sürmək anlamından kənarlaşdırdı özünü. Dəqiqə, saat, gün, həftə, ay da eləcə.

Buna görə də insan hər zaman hərəkətləri, niyyətləri, hətta xəyalları barədə özünə hesabat verməlidir. Haram xəyaldan birinci addım atılır. Nə zaman ki, insan xəyalında haramı, zülmü, yalanı, haqq pozuntusunu məqbul saydı, nə zaman ki, haram xəyalın qəlbində irəliləyişini bitirmədi - demək bəndəlikdən xaric olmağa ilk addımını atdı.

İnsana şər əvvəl xəyalən qalib gəlir. Heç kəs durduğu yerdə "filan satqınlığı, xəyanəti edim" deyə qərarlaşmır ki! Əvvəlinci mərhələdə iblisin vəsvəsələrini zəif rədd edir, sonra heç rədd etmir. Sonra isə hədəflə özünün assosiasiya olunmasına xəyalən yol verir. Sonra bu hədəfə aparan haram vasitələr onun gözünə o qədər də çirkin dəymir. Bir gün ayılır ki, artıq vicdanını, məsləkini, şəxsiyyətini, ləyaqətini, ülvi duyğularını, bəndəliyini hərraca qoyub. Bunları yerli-dibli itirir. Əvəzində təbii ki, heç bir şey əldə etmir - aldadıcı və müvəqqəti dekorasiya gerçəkdə hesaba gəlmir axı...

Hər şey də nədən başladı? Bir anlıq, bir dəqiqəlik bəndəliklə, şəxsiyyət və ləyaqətlə yüklənmiş, yüklənməli olan qəlbi üzərində nəzarəti əldən verməsindən.

Günün neçə saatı insana məxsusdur?

 

İnsan gərək bir təhlil etsin ki, gününün neçə saatı ona məxsusdur, neçə saatını isə iblisə "hədiyyə" edib. Həftənin neçə günü onundur, neçə gününü isə əvəzsiz itirib. İlinin nə qədərini bəndəlik edib, nə qədərini isə itirib. Özü də sadəcə itirməyib. Bir cür itirib ki, sıfra deyil, mənfiyə aparıb onu. Deqradasiyasına səbəb olan bir itkiyə rəvac verib bununla.

Sonra anlamağa çalışsın ki, nə səbəbə, hansı amillərin təsiri nəticəsində bu saatları, günləri əldən verib. Nə mane olub ona itirdiyi həmin saatlara sahib çıxmağa? Düşünsə, özünü islah etsə, ömrünə yiyə olar, sahib çıxar. İlahi harmoniya, nəzm ilə özü arasında həmahənglik yaradar.

Qeyd etdik ki, zamanın dəyəri bəndəliklə əlaqəlidir. Nə qədər bəndəlik və İlahi itaət var - o qədər zamanın əhəmiyyəti, qiymətliliyi var. Və mühüm nöqtə var burada ki, görəsən bəndəliyin radiusu nələri ehtiva edir?

Dinimizin məntiqində təkcə namaz-orucla bitmir, zahiri ayinlərin icrası ilə məhdudlaşmır bəndəliyin təzahürü. O zaman bəndəliyin radiusu dolğun olar ki, insan hər bir təzahüründə ibadət etməyə səy etsin. Ailəsində, işində, insanlarla rəftarında, ictimai həyatında hər bir təzahürü bəndəvari olsun, səlis və dürüst olsun gərək insanın.

Bəzən bəndəliyi çox dar çərçivəyə sığışdırmaq istəyirlər. Burada insanı məhdudlaşdırmaq cəhdi var, insanı yaradılışının ziddinə ömür sürməyə təşviq cəhdi var. Əslində isə bəndəlik insanın həyatının hər bir səhnəsində öz təzahürünü tapmalıdır. Elə bir şey yoxdur insan həyatında ki, onda bəndəlik və ya qeyri-bəndəlik olmasın. İstənilən məsələdə, istənilən vəziyyət və şəraitdə, istənilən halında insan ya bəndədir, ya bəndə deyil. Ya Rəbbinə ibadət və itaətdədir, ya deyil.

Dinimiz düşünməyi ibadət sayır

Bəndəliyin radiusu çox genişdir. İnsan elə ötəri nəzər salsa ona ki, İslamın nəzərində nələr ibadət sayılır, bir çox mətləblər onun üçün aşkar olar. İslamın məntiqində:

-  insanın ailəsinin yaşayışını təmin etmək üçün səy və çalışqanlığı - Allah yolunda cihad hesab olunur;

-  iman əhlinin ehtiyaclarını aradan götürmək üçün addım atması - Kəbənin 70 dəfə təvafından üstün sayılır. Maarifsizlik, cahillik ona səbəb olur ki, insan öz dininin fundamental əsaslarından bixəbər olur. İnsanların ehtiyaclarını aradan aparmaq bu qədər böyük savaba səbəb olduğu halda, əfsuslar olsun ki, bu kimi işlərə qol qoyan nə qədər də azdır...

-  iman əhlinə gülərüzlülük - ibadətdən sayılır. İman əhlinə salam vermə və mülayim danışmaq - ibadət sayılır. İnsanların öz aralarnıda xoş rəftarı, mehriban ünsiyyəti dinimiz tərəfindən hərtərəfli təqdir edilir.

-  sırf fərdi, hətta gigiyenik müstəvidə də ibadət var. Buyurlur ki, dişi təmizləmək də ibadətdir.

-  övladın valideyninə məhəbbət dolu baxışı - ibadətdəndir.

-  zalım hakimin yanında ədalətli söz demək - üstün bir cihaddır.

-  ədalətli rəhbərin üzünə nəzər salmaq - ibadətdir.

-  dinin nəzərində, insanlar üçün faydası çox olan şəxs - Allah dərgahında daha sevimlidir. Böyük bir iş deyil ki, insan özü üçün, yaxud qohum-əqrəbası üçün faydalı olsun. Burada fədakarlıq yoxdur. İnsan bir yana, hətta başqa bioloji varlıqlar üçün də öz mənafeyi üçün və övladları üçün nəsə etmək - adi bir haldır.

İsar mədəniyyəti, təmənnasızlıq mədəniyyəti o yerdə başlayır ki, insan özgələri üçün faydalı olmağa çalışsın. Hətta dinimizin nəzərində iman əhlinin yolunun üstündən tikanı da götürmək - behiştə daxil olmağa səbəb olan əməllərdəndir. Əgər haradasa simvolik olaraq, tikanı götürməyin bu qədər əhəmiyyəti varsa, gör canla-başla cəmiyyətin tərəqqisi üçün çalışmağın nə böyük savabı vardır.

-  İslamın elmə verdiyi fövqəl əhəmiyyət məlumdur. Bu, alimə baxmağın ibadət hesab olunmasında bir daha özünü təzahür edir.

-  Allaha xatir sevdiyin qardaşa baxmaq - ibadətdir.

-  Ən ümdə məsələlərdən bir - İslam dininin əqlə, düşüncəyə verdiyi önəmlikdən irəli gələn məqam - düşünməyin ibadət sayılmasıdır.

-  insanın ruhiyyəsinə təsir edən amillərə önəm vermək - İlahi itaət və xidmətdən sayılır. O cümlədən, xoşgümanlı olmaq - dinimizin nəzərində ibadətdir.

Buradan aydın olur ki, bəzilərinin düşündüyündən fərqli olaraq, bəndəlik tək məhdud ibadi mövzularla bitmir. Hər an insan bəndəliyini təzahür edə bilər, gözəl işlərdən görə bilər. Əslində insan hər an bəndəliklə qeyri-bəndəlik arasında seçim edir. Hər nə ki, şüurlu, iradəvi dərklə, əsasla edir insan - ibadətdir, bəndəlikdir. Əlbəttə ki, vacibi ibadi əməllər ilk növbədə yerinə yetirilməlidir ki, bunun möhkəm özülündə digər gözəl əməllər ucaldılsın.

Allah Təala cəmimizi həqiqi ibadət edənlərdən qərar versin!

Allah Təala dünyanı haqq-ədalətlə dolduracaq Həzrətin - 12-ci İmam Mehdi Sahib-əz-Zamanın (ə.f.) mübarək zühurunu təcili etsin! Amin!

Hacı İlqar İbrahimoğlu,


03:46 13.11.2017