"The Independent" yazır ki, yeni araşdırmaya görə qara çay içmək artıq çəkinin atılmasında və metabolizmin yaxşılaşmasında böyük rol oynayır.
European Journal of Nutrition jurnalında dərc edilmiş araşdırmaya görə qara çay bağırsaqlarda "yaxşı bakteriyaların" artmasına kömək edir və qara ciyərin metabolizmini yaxşılaşdırır.
Milli.Az BBC-yə istinadən bildirir ki, California Universitetinin alimləri onların bu nəticəyə gəlməsinə imkan verən təcrübələri siçanlar üzərində aparıblar.
Onlar belə bir qənaətə gəliblər ki, arıqlamaq üçün həm qara, həm də yaşıl çayın xeyri var. Bu da aşkar edilib ki, həm qara, həm də yaşıl çay piylənməyə səbəb olan bakteriyaların azalmasına, əksinə metabolizmi yaxşılaşdıran bakteriyaların çoxalmasına yol açır.
Təcrübə zamanı alimlər siçanları dörd qrupa ayırıblar. Birinci qrupa yüksək yağlıqlı və yüksək şəkərli qidalar, ikinci qrupa aşağı yağlıqlı və aşağı şəkərli qidalar, üçüncü qrupa yüksək yağlıqlı və yüksək şəkərli qidalarla yanaşı yaşıl çay məhlulu, dördüncü qrupa isə yüksək yağlıqlı və yüksək şəkərli, habelə qara çay məhlullu qidalar verilib.
Müəyyən müddətdən sonra siçanların çəkiləri müəyyənləşdirilib. Məlum olub ki, yaşıl və qara çay məhlullu qidalar yedizdirilən siçanlar, aşağı yağlıqlı qidalar yedizdirlən siçanlar qədər çəki itiriblər.
"The Independent" yazır ki, əvvəllər yaşıl çayın orqanizmə qara çaydan dəfələrlə xeyirli olduğu düşünülürdü, lakin ilk dəfə olaraq qara çayın tərkibindəki polifenolların faydaları təsdiq olunub.
Bu araşdırmanın rəhbəri, California Universitetinin insan qidalanması professoru Susanne Henning deyir ki, yaşıl çay polifenollarının qara çay polifenollarından daha xeyirli olduğu məlumdur, çünki yaşıl çayın kimyəvi maddələri birbaşa qana və toxumalara işləyir.