KANAL24.AZ
Az Iw En Ru

Nitq inkişafı problemi: effektiv üsul tapıldı

Son illər hamiləlik patologiyalarının, doğuş travmalarının, bətndaxili infeksiyaların artması uşaqlarda müxtəlif hərəki və nitq pozulmalarının meydana çıxmasına səbəb olur. Bu patologiyalar arasında nitq inkişafının ləngimələrinə daha çox rast gəlinir. Nitq mərkəzlərinin ləng yetkinləşməsi müşahidə olunan uşaqların intellektual inkişafı yaşına uyğun olsa belə, uşaqlarda öz yaşına uyğun nitq formalaşmır. Uşaq deyilənləri anlayır, lakin söz ehtiyatının azlığı və nitq mərkəzinin işinin qeyri- yetkinliyi səbəbindən düzgün cümlə qura bilmir və daha çox jestlərdən istifadə edir.

Müasir dövrdə belə patologiyaların aradan qaldırılması üçün müxtəlif müalicə metodlarından - beyin qan dövranına təsir göstərən dərman preparatlarından, nootroplardan, metabolik preparatlardan və s. istifadə olunur.

Farmakoloji preparatların istifadəsi, loqopedlə, psixoterapevtlə, defektoloqla aparılan müalicə çox zaman gözlənilən nəticəni vermir, kimyəvi, farmakoloji preparatların istifadəsi bir çox hallarda baş ağrıları, aqressivlik, əsəbilik, mədə-bağırsaq pozulmaları kimi əlavə təsirlərin yaranmasına səbəb olur. Bu məqsədlə son illərdə əlavə təsirləri olmayan alternativ aparatla müalicə üsulu - transkranial mikropolyarizasıya metodu ilə müalicə öz əvəzsiz effektini göstərir. Transkranial mikropolyarizasıya metodu ilə müalicədə zədələnmiş neyronlara fizioloji intensivlikdə olan mikroamper cərəyanla edilən təsir hüceyrənin funksiyasının daha qısa müddətə və effektiv bərpasına səbəb olur.

Bu metodla müalicə Rusiya Elmlər Akademiyası N.P.Bexterev adına Sank-Peterburq Beyin İnstitutu alimlərinin ixtirası olan mikropolyarizasıya cihazı ilə aparılır. Bu üsul sinir hüceyrələrinə, hüceyrələrarası sinapslara kiçik amperli daimi cərəyanın etdiyi təsirə əsaslanır. Müalicə zamanı elektrodlar patoloji prosesdən asılı olaraq baş və onurğa beyninin müxtəlif nahiyələrinə qoyulur.

Aparılan tədqiqatların nəticəsi olaraq nitq inkişafının ləngiməsi diaqnozu ilə müayinə olunan, 3-7 yaş qrupuna aid olan 220 xəstə ənənəvi üsulla aparılan müalicədən heç bir effekt görməyərək transkranial mikropolyarizasıya metodu ilə müalicəyə başlayıblar.

Bir il ərzində fasilələrlə aparılan transkranial mikropolyarizasıya metodu ilə müalicə nəticəsində xəstələrin 170-də normal nitqin formalaşması, anlamanın, qavramanın yaş həddinə çatması, 50 xəstədə bu əlamətlərin nəzərə çarpacaq qədər yaxşılaşması müşahidə olunub.

Əsas göstərişlər:

- Nitq inkişafının ləngiməsi
- Əqli inkişafın ləngiməsi
- Uşaq serebral iflici
- Hiperaktivlik və diqqətin yayınması
- Mərkəzi sinir sisteminin orqanik zədələnmələri
- Beyin-qan dövranı pozulmaları
- Kəllə-beyin travmalarının nəticələri
-Nevroz və nevrozabənzər hallar (depressiya, aqressivlik, qorxu, həyəcan, tiklər, kəkələmələr)
-Eşitmə və görmə funksiyalarının zəifləməsi - Skolioz

Əks göstərişlər:

- yüksək hərarət

- başın tüklü hissəsinin zədələri - beyin şişləri

Beləliklə, ənənəvi üsulla aparılan müalicənin effektiv olmadığı hallarda belə transkranial mikropolyarizasıya metodu ilə müalicə uşaqların qısa müddət ərzində sosial adaptasiya, nitq və digər problemlərinin həllinə kömək edir.


15:50 06.05.2017