KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan və Yunanıstan universitetləri arasında əməkdaşlıq memorandumu imzalanıb

Yunanıstanın Qərbi Makedoniya Texnoloji Təhsil İnstitutunun (QMTTİ) nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olublar.

ADİU-dan bildiriblər ki, görüşdə universitetin rektoru, professor Ədalət Muradov qonaqlara rəhbərlik etdiyi ali təhsil ocağı, onun beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan mütəxəssisləri ilk dəfə xaricdə kadr hazırlığı prosesinə qoşulur. QMTTİ ilə ADİU-nun professor-müəllim heyətinin birgə magistr hazırlığı həyata keçirəcəyi diqqətə çatdırılıb. Rektor universitetin imicinin yaxşılaşdırılması, müəllimlərin peşəkarlığının daha da artırılması və dünya təcrübəsinin öyrənilməsi baxımından bu əməkdaşlığın əhəmiyyətini qeyd edib.

QMTTİ-nin prorektoru Siskos Evangelos ADİU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Sonra iki ali təhsil müəssisəsi arasında “Neft və qazın idarə olunması və nəqli” üzrə magistr proqramına dair beynəlxalq əməkdaşlıq memorandumu imzalanıb.

Sənəddə universitetlər arasında tələbə, müəllim mübadiləsi, akademik əməkdaşlıq, təcrübə və informasiya mübadiləsi, konfrans və seminarların keçirilməsi məsələləri əksini tapıb. Avropa qrant layihələri çərçivəsində birgə elmi tədqiqatların aparılması, mədəni əlaqələrin genişləndirilməsi də sənəddə qeyd olunub./AzərTAc/


19:43 22.12.2014