KANAL24.AZ
Az Iw En Ru

"Neft yenidən 100 dollar olacaq"-nazir

“Noyabrın 30-da keçiriləcək Vyana sammitində neft bazarının balanslaşdırılmasına dair qərarın hasilatın azaldılması, yaxud dondurulması variantı üzrə qəbulundan asılı olmayaraq, bu proseslər neftin qiymətinin yüksəlməsinə stimullaşdırıcı təsir göstərəcək”.

Bu sözləri Azərbaycanın Energetika naziri Natiq Əliyev “Respublika” qəzetində dərc edilmiş məqaləsində qeyd edib. 

Onun sözlərinə görə, neft bazarının tənzimlənməsi ilə bağlı öhdəliklərin götürülməsi və bu öhdəliklərin neft hasil və ixrac edən ölkələr arasında paylaşdırılması istər bazar, istərsə də qiymət spekulyasiyasında maraqlı tərəflərə daha ciddi tədbirlər görülməsinin mümkünlüyü mesajını verəcəkdir:

“Fikrimizcə, neftin bahalılığını təmin edən təbii iqtisadi faktorların zəif olduğu indiki situasiyada bazara çevik müdaxilə zəruridir. 

Proqnozlara əsasən, gələn ildən etibarən dünyada neftə tələbatın tədricən artması ilə neftin qiyməti də artmağa başlayacaqdır. 2017-ci ildə dünyada neftə gündəlik tələbatın 95 milyon 300 min barrel olacağı, 2020-ci ildə isə ABŞ iqtisadiyyatının sağlamlaşdırılması prosesinin davam etdirilməsi, Avropa, eləcə də inkişaf etmiş ölkələrdə iqtisadi artımın bərpası hesabına neftə tələbatın təxminən 2014-cü ildəki səviyyəyə çatacağı ehtimal edilir. 

Proqnozlara əsasən, 2020-ci ilin ortalarında neftin barelinin 100 dollar olduğu dövrə qayıtmaq mümkün olacaq”, - deyə nazir qeyd edib.

Azərbaycanlı nazir bildirib ki, dünya üzrə əhalinin sayının artması da neftin gələcək qiymətlərinə təsir edəcək:

“Enerji istehsalının artımını tələb edən faktorların əhalinin artması və dünyada qlobal iqtisadiaktivliklə şərtləndiyini nəzərə alsaq, növbəti onilliklərdə neftə tələbatın - nəticədə isə qiymətin də yüksələcəyini proqnozlaşdırmaq olar. 

Əhali sayının artması prosesi 2035-2040-cı illərdə neftə olan tələbatı maksimum səviyyəyə qaldıracaq”.

N.Əliyev həmçinin vurğulayıb ki, enerji resurları istehlakının ümumi strukturunda neft-qaz hələ uzun müddət öz üstünlüyünü qoruyub saxlayacaq.


01:00 01.01.1970